Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Bu film Tarkovski haqda mifləri dağıdır


Andrey Tarkovski
Andrey Tarkovski

76-cı Venesiya kino festivalında rus kinorejissoru Andrey Tarkovskinin yaradıcılığı haqda sənədli film nümayiş olunub. Rejissorun oğlunun çəkdiyi «Tarkovskij Cinema Prayer» adlı film Venesiya auditoriyasının böyük marağına səbəb olub. Filmin müəllifi Andrey A.Tarkovski Rusiyanın «RİA Novosti» agentliyinə müsahibəsində emosional bağların atasının yaradıcılığını anlamaqda hansı yeri tutmasından və müasir kinematoqrafda yeni Tarkovski axtarışlarından danışıb.

«Tarkovski Tarkovski haqda»

Rejissor bu filmin üzərində işləməyə hələ 2003-cü ildən başladığını deyib. Onun sözlərinə görə, o zaman bu layihə bir qədər fərqli olub və o, əsas işi atasının gündəlikləri üzərində qurub.

«Bu, ona yaxın olan, onunla işləmiş insanlarla müsahibələr şəklində bir hekayə idi. Sonradan maliyyələşdirmə dayandı, bu da mənə bütün filmi yenidən nəzərdə keçirməyə vaxt verdi. Daim arxivləri öyrəndiyim üçün içində mühazirələr, auditoriya ilə görüşlər olan audioyazılarla işləməyə başladım. Düşündüm ki, prinsipcə artıq bu qədər kitablar, məqalələr yazılıb, ancaq Tarkovskinin özünü, nə düşündüyünü, nə demək istədiyini, hansı mövzulara toxunduğunu, onun mənəvi və bədii mahiyyətini unutmağa başlayıblar. Ona görə müsahibələrdən, kənar hekayədən imtina edib belə bir özünəməxsus monoloq qurmaq qərarına gəldim – «Tarkovski Tarkovski haqda». Bundan başqa, Andrey və Arseni Tarkovskilər arasındakı poetik və mənəvi bağı göstərmək istədim, çünki Arseni olmasaydı, Andrey də olmazdı. Arseninin poetikası atamın yaradıcılığının əsası idi. Filmdəki şeirlər «Güzgü» (Zerkalo) filmi üçün yazılıb, ancaq o filmə daxil edilməyib. Bu şeirlər avtobioqrafikdir, maraqlıdır və onların qarşılıqlı münasibətlərini çox yaxşı əks etdirir», – Tarkovski deyir.

Onun sözlərinə görə, film üzərində iş zamanı çoxlu material toplanıb və onların hamısından filmdə istifadə olunmayıb. İndi görkəmli rejissorun müsahibələri və məqalələrinin dərc edilməsi üzərində iş gedir. «Bu, çox maraqlıdır, xüsusən də kino fakültələrinin, incəsənət məktəblərinin gənc tələbələri üçün», – o deyir.

Tarkovskinin sözlərinə görə, tədricən çap olunan materiallar artıq gələn il işıq üzü görə bilər:

«Atam haqda hekayəmdir»

«Mənim üçün atam ata olaraq qalıb. İndi çoxlu miflər, əfsanələr mövcuddur, Tarkovski kult fiquruna çevrilir. Bu, baş verəndə bir çox şeylər təhrif olunur, düzgün olmur. Bu film həm də cavab vermək, Tarkovskinin ətrafında mövcud olan mifləri dağıtmaq cəhdidir. Bununla yanaşı, bu, çox şəxsi bir işdir, atam haqda hekayəmdir. Atamda ən maraqlı saydığım mövzulara toxunmuşam».

Rejissorun sözlərinə görə, Tarkovskinin yaradıcılığı mürəkkəb deyil, onun özü obraz və rəmzin nisbətindən danışır: «Bədii obrazı deşifrə etməyə başlayanda o, dərhal dağılır. Obraz sonsuzdur, Tarkovski bunu incəsənətdə canlandırmağa çalışıb. Mənə elə gəlir ki, onun işlərinin intellektual təhlili prioritet olmalı deyil, daha çox emosional ünsiyyət vacibdir. O həmişə deyirdi ki, onun filmlərinə uşaq gözü ilə baxmaq lazımdır. Onun yaradıcılığı kinematoqrafiya nöqteyi-nəzərindən unikaldır. Məndən soruşanda ki, ikinci Tarkovski kimdir, özümü itirirəm. Belə bir adam yoxdur və ola bilməz, çünki bu onun kinoya yanaşmasıdır. Tarkovskinin sirri sirr deyil. İntibah dövrünün ustadları, rəssamlar, yazıçılar, daim aktualdır, onlara tələb var. Əsl sənət qalır...».

Tarkovski ciddi qadağaların olduğu dövrdə çox cəsarətli filmlər çəkə bilib. «Azadlıq anlayışı onda da var idi. Doğrudan da, onun sovet dövründə tam nəzarət altında çəkdiyi filmlər möcüzə idi. Ancaq indi də vəziyyət dəyişmir. O zaman ideoloji, senzura çərçivələri vardı, indi maliyyələşmə və s. ilə bağlı çərçivələr var. Ümumiyyətlə, kino artıq incəsənət kimi yox, əyləncə kimi qəbul olunur. İnsanlar, prodüserlər kinematoqrafı əyləncə kimi gördüyü müddətdə çətin ki, ikinci Tarkovski meydana gəlsin. ...İnsan yaradıcılıqda özünü ifadə etməlidir, fərd olmalıdır», – oğul Tarkosvki danışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG