Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Bu bank vasitəsilə ofşorlara 196 milyon köçürülüb


Manat
Manat

Ölkədən 5 milyard 551 milyon manatın çıxarılıb ofşor hesablara köçürülməsi ilə bağlı məhkəmə araşdırmaları ortaya yeni detallar çıxarır. Həmin vəsaitin 2013-2015-ci illərdə yalnız adı olan, əslində isə heç bir fəaliyyəti olmayan şirkətlər vasitəsilə köçürüldüyü bildirilir.

Məlum olur ki, bu köçürmələr üçün təkcə Beynəlxalq Bank«Azəriqazbank»dan istifadə olunmayıb, pullar həm də başqa banklar vasitəsilə çıxarılıb. Lakin istintaq ancaq adları çəkilən bankların əməkdaşlarını dindirib.

Məhkəmə araşdırmasında həm də «United Credit Bank»ın bu işdə iştirakı üzə çıxıb. Aydınlaşıb ki, həmin vəsaitlərin təxminən 196 milyonu 2013-2015-ci illərdə bu bank vasitəsilə ofşor şirkətlərə köçürülüb. Cinayət işinin materiallarında bunu təsdiqləyən sənədlər var. Ona görə də məhkəmə öz təşəbbüsü ilə bu bankın əməkdaşlarını dindirmək qərarına gəlib.

«Ölkəyə bir qəpiklik mal gəlmədiyi halda...»

2016-cı ilin yanvarında lisenziyası ləğv olunmuş «United Credit Bank»ın baş mühasibinin müavini Təranə Əliyeva bu köçürmələrə görə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Ölkədən 5.5 milyard manatın çıxarılmasına görə müttəhimlər kürsüsündə iki nəfər var - taksi sürücüsü Rüfət Vəliyev və 2012-ci ildə lisenziyası ləğv edilmiş «Royalbank»ın əməkdaşı olmuş Malik Əliyev. «United Credit Bank»ın əməkdaşı bu iki nəfərdən R.Vəliyevi tanıyıb, deyib ki, banka gəlib-gedirdi. Amma nə qədər pul köçürdüyü, hara göndərdiyi və başqa detalların heç biri yadında deyil.

«Ölkəyə bir qəpiklik mal gəlmədiyi halda, saxta gömrük bəyannamələri əsasında 196 milyon manat pul köçürülüb, guya 8-10 il əvvəl alınmış malların puludur. Məsələn, elə gün olub ki, bu şirkətlər vasitəsilə təkcə sizin bank xaricə 392 min 150 manat bir, 392 min 300 manat bir, 1 milyon 864 min bir pul köçürüb. Necə olub ki, bank sənədləri yoxlamadan rahat şəkildə bu pulların çıxarılmasına vasitəçilik edib?», - məhkəmənin bu sualına da şahidin cavabı olmayıb.

Bənzər suallar məhkəmədə dindirilən başqa bank əməkdaşlarına da verilir. Amma indiyədək konkret cavab verən olmayıb. Yalnız Beynəlxalq Bankın Nəqliyyat filialının keçmiş əməkdaşı istintaqa ifadəsində bildirib ki, rəhbərlik bu şirkətlərin köçürmələrinə maneə yaratmamaq barədə göstəriş vermişdi.

Hazırda məhkəmə bu köçürmələrin arxasında dayanan şəxsləri müəyyənləşdirmək üçün həbs olunan iki nəfərin əlaqələrini və başqa detalları araşdırır.

Xatırlatma

Pullar Azərbaycandan təqsirləndirilən R.Vəliyevin adına yaradılan və ya sonradan onun adına keçirilən şirkətlərin (Provision Group, İmpeks+, Blast, Qalaksi A, Asin Co. LTD, Primo A, İTEK MMC, Elektromaş, Aveo) bir neçə il öncə Türkiyədəki firmalardan aldıqları malların ödənişi kimi rəsmiləşdirilməklə çıxarılıb.

Cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edilən R.Vəliyev və M.Əliyevin heç biri özünü təqsirli bilmir.

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış.

Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış: «Məni 9 ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm».

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

İttihamda adıçəkilən Ə.Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG