Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Brodskinin oğlu: 'Məni atamla müqayisə etməyin'


Şair İosif Brodski
Şair İosif Brodski

«Məni valideynlərim bu şəhərə aludə edib», – tanınmış rus şairi İosif Brodskinin oğlu, fotorəssam Andrey Basmanov gülərək deyir. Sankt-Peterburqdakı Dyaqilev adına Müasir İncəsənət Muzeyində onun şəxsi fotosərgisi keçirilir. «Gündəlik Peterburq» («Непарадный Петербург») adlanan sərgi çox müsbət qarşılanıb. Rəssam sərgi haqda uzun və məmnuniyyətlə danışmağa hazırdır.

Basmanovun sözlərinə görə, o bu fotoları çəkərkən sərgi haqda düşünməyib. Ancaq sonradan onları cəmiyyət arasına çıxarmaq qərarına gəlib.

«Tamamilə ayrı fərdəm»

Sərgidə onun 30-dək işi nümayiş olunur. Fotolar, əsasən, qeyri-rəsmi, turistlər üçün nəzərdə tutulmamış Peterburqu əks etdirir. Plyonkaya həkk olunmuş binaların çoxu artıq Rusiyanın şimal paytaxtında mövcud deyil, onları söküblər. Ancaq Basmanov hansı fotonu göstərirsə göstərsin, auditoriya ona atası haqda sual verir: ​«Başa düşün, mən ayrıyam! Mən tamamilə ayrı bir fərdəm. Yoxsa hər xeyirxah insan məni atamla müqayisə etməyi özünə borc bilir: «Necə də oxşayır»! «Siz şeir yazırsınızmı»? Yazmıram! Mənə sərgi haqda suallar verin, cavab verim!».

Hazırda bu iş Basmanovun əsas fəaliyyət növüdür. Deyir, ola bilsin, bu yaxınlarda rəsm əsərlərini də göstərsin. Ancaq Basmanov şöhrət dalınca qaçmır. Cəmiyyətin içində parlamamağa üstünlük verir. Di gəl, atasının kölgəsi onu hər yerdə izləyir.

«Mən həyatım boyu harda gəldi işləmişəm. Sənaye alpinizmi, mühafizə, tikinti ilə məşğul olmuşam... Hər yeni iş yerimdə də məndən atam haqda soruşublar. Hərdən bir ay insanlarla işləyirsən, görürsən ki, sakitlikdir. Ancaq mütləq kimsə tapılacaq və gəlib deyəcək: «Mənə bax, bu axı odur! Sənin Rusiyada nə itin azıb»? Mənim itim azmayıb, burada doğulmuşam. Məni necə tanıyırlar? Adamların interneti var. Özləri də deyirlər ki, atama oxşayıram. Bir bilsəydiniz, atama oxşamamaq üçün nə qədər səy göstərmişəm! Yoxsa küçələrdə də yanıma qaçıb soruşurlar ki, Brodkinin oğlu deyiləm ki. Bu bilik onların nəyinə lazımdır, heç anlamıram! Tanışlarının yanında lovğalansınlar ki, bəs biz bu gün onu görmüşük. Bu, ən keyfiyyətsiz meşşanlıqdır», – deyə A.Basmanov əlini yelləyir.

Şairin ilham pərisi

Basmanov ilk dəfə jurnalistlərin qarşısına çıxsa da, ailəsi haqda danışmayıb. Anası haqda suala təbəssümlə cavab verib: «Şairin ilham pərisi yaxşıdır». Onun sözlərinə görə, anası sərgini dəyərləndirib, ancaq özünü pis hiss etdiyindən və jurnalistlərə görə gələ bilməyib: «Mənə Marina Basmanova haqda suallar verəndə ondan böyük şairin ilham pərisi kimi danışırlar. Bir şey demirəm. Onu öz anam kimi tanıyıram və müntəzəm ziyarət edirəm. Onun xasiyyəti asan deyil. Atamı yada salıram. Məsələn, yadımdadır ki, anamla birlikdə məni porta yaxın, «Fontanka»nın axırında gəzdirirdilər. Onun haqda yaxşı şeyləri xatırlayıram».

Ancaq A.Basmanov etiraf edir ki, qanı qaralmasın deyə, Brodskini oxumur.

Basmanov deyir ki, əvvəllər atasını, sonradan həm də onun özünü heyran edən şəhər artıq yoxdur və daha olmayacaq. «Şəhər doğruçu idi, turist obyekti deyildi», – o deyir.

Ətrafdakı insanlar rəssamdan atasının şeirlərini oxumağı xahiş edirlər: «Bax, yenə məni boğmağa başlayırlar. Sevimli şairlərimin siyahısında Brodski yoxdur. Kim var? Rus klassikası dəqiq yoxdur. Məktəbdə məni onunla bezdiriblər! Limonov mənə yaxındır. Pelevinin erkən işlərini bəyənirəm».

Atasının yaradıcılığına necə yanaşsa da, Brodskini müdafiə edir. Şairi yalnız Amerika ədəbiyyatına aid edənləri tənqid edir. Atasının düzəliş edilmiş şeirlərinə sakit qulaq asa bilmir.

«Zemfiranın atamın şeirlərini dəyişdirdiyini eşitdim. Mən ona həmişə sakit yanaşmışam. Ancaq onun elədiyi, iki şeirdən sözləri çıxarmağı çirkinlik sayıram», – deyə Basmanov gileylənib.

XS
SM
MD
LG