Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Britaniyalı nazirin hesabatı tənqid olunur


Sajid Javid
Sajid Javid

Britaniyanın daxili işlər naziri Sajid Javid-in ötən həftə dərc etdiyi hesabatda internetdə paylaşılan ağır materiallar, o cümlədən terrorçuluq və uşaqların incidilməsinə dair görüntülərə qarşı tədbirlər planı əks olunub.

İnternetin tənzimlənməsi üzrə yeni qanun layihəsinə görə, Facebook və Instagram kimi iri internet şirkətlərinin rəhbərləri şəxsən cərimələnə və hətta bu şirkətlərin Britaniya ərazisində fəaliyyəti bloklana bilər.

Nazirlər sözügedən qanuna mətbuatın qorunmasına dair təminatların da salınmasını tələb edirlər. Məsələyə tənqidi yanaşanlar planlaşdırılan yeni qanunun əsl xəbər saytlarına, TripAdvisor və Mimsnet kimi onlayn forumlara və kiçik şirkətlərə ziyan vuracağından ehtiyat edirlər. Yeni qanuna artıq Ofweb ləqəbi qoyulub.

«Sərt senzura rejimi»

Mühafizəkarlar partiyasından parlament üzvü John Whittingdale deyib ki, bu tədbirlər Britaniya vətəndaşlarını sərt senzura rejiminə sürükləyə bilər.

O həmçinin deyir ki, Britaniyanın atdığı addımlar qeyri-demokratik dövlətlərin əlinə öz vətəndaşlarını daha çox senzuraya məruz qoymaları üçün əlavə bəhanə verəcək.

Millət vəkili ötən bazar günü «The Daily Mail» qəzetinə müsahibəsində belə deyib: «Çin, Rusiya və Şimali Koreya kimi fərqli siyasi fikrə imkan verməyən, öz xalqlarını söz azadlığından məhrum edən ölkələr ənənəvi mediaya senzura qoyduqları kimi, internetə də senzura qoymaqda maraqlıdırlar. Yeni nizamlayıcı qurum despotların əlinə bəhanə verməməli, onların vətəndaş azadlıqlarının ilk dəfə 800 il öncə Maqna Karta aktı ilə təsbit olunduğu Britaniyanın yolu ilə getdiklərini iddia etməsinə şərait yaratmamalıdır».

Ben Wallace
Ben Wallace

Ancaq təhlükəsizlik naziri Ben Wallace bu fikirlə razılaşmayıb. O deyib ki, texnologiya nəhənglərindən uzun müddət hesabatlılıq tələb olunmayıb: «Uşaqlarımızın və cəmiyyətimizin təhlükəsizliyini Silikon vadisi milyarderlərinin və korporasiyalarının ehtiyaclarından üstün tutmaq vaxtı gəlib. Onlar çox uzun müddət öz internet xidmətlərində nümayiş olunan dəhşətlər üçün məsuliyyət daşımaqdan yayınıblar. Bu hesabatın məqsədi internetin azadlıqlarını qoruyub saxlamaq, eyni zamanda, ona nəzarət edənlərin məsuliyyətini artırmaqdır».

Nizamlayıcı qurumun necə maliyyələşəcəyi, Telekommunikasiya Bürosunun (Ofcom) tərkibində, yoxsa müstəqil qurum kimi fəaliyyət göstərəcəyi müəyyən edilməyib. Bu səbəbdən bu məsələnin icrası ictimai məsləhətləşmələr bitənədək ertələnib.

İttihamlar

Bu nizamlayıcı qurumun yaradılması, eyni zamanda, «tori» rəhbərliyi uğrunda çəkişən siyasətçilər arasında futbol topuna çevrilib. Səhiyyə naziri Matthew Hancock bu məsələdən partiyasının övlad sahibi olan üzvlərinin rəğbətini qazanmaq üçün istifadə etməkdə suçlanıb.

Bundan başqa, Daxili İşlər İdarəsi və mədəniyyət naziri Jeremy Wright arasında da fikir ayrılıqları var. Wright Britaniyanın çiçəklənməkdə olan texnologiya sektorunu qorumaq naminə tənzimləyici qurumun səlahiyyətlərinin məhdudlaşdırılmasına çalışıb.

Ötən həftə daxili işlər naziri Javid belə deyib: «Qanunsuz terror kontenti, uşaqların cinsi istismarı və incidilməsinə bu cəmiyyətdə heç bir yer yoxdur… və bunun hələ də rahatca internetdə yer alması məni şoka salır. Bizim yeni təkliflərimiz Britaniya vətəndaşlarını qorumağa və texnologiya şirkətlərinin bundan sonra öz məsuliyyətlərini görməzdən gəlməməsinə nail olmağa yönəlib».

Ancaq ölkənin beyin mərkəzlərindən biri olan İqtisadi Məsələlər İnstitutu başqa cür düşünür: «Hökumətə insanların hansı kontenti görməsinin düzgün və ya yanlış olduğunu müəyyən etmək səlahiyyəti vermək son dərəcə təhlükəli presedentdir. Bundansa, məsələnin həlli üçün daha çox özünütənzimləməyə şərait yaradılmalıdır. Bu sərt qaydalar xeyirdən çox ziyan verəcək, senzuranın yeni səviyyəsinə yol açacaq, innovasiyanı öldürəcək».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG