Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Britaniyada hökumət və müxalifət arasında Breksit danışıqları pozulub


Baş nazir Theresa May (solda) və müxalifət lideri Jeremy Corbyn
Baş nazir Theresa May (solda) və müxalifət lideri Jeremy Corbyn

Britaniyada hakim Mühafizəkarlar və müxalif Leyborist partiyaları arasında ölkənin Avropa İttifaqından çıxış şərtlərinə dair danışıqlar iflasa uğrayıb.

Danışıqları baş nazir Theresa May və ana müxalifətin lideri Jeremy Corbyn aparırdılar.

Leyborist Partiyası mayın 17-də baş nazir May-lə danışıqları dayandırdığını bəyan edib.

İndi siyasi şərhçilər Theresa May-ın baş nazir kürsüsündə yalnız bir neçə həftə qala biləcəyi barədə proqnoz verirlər.

Leyboristlərin lideri Jeremy Corbyn deyib ki, mövqelər arasında fərqlər yaxınlaşdırılması mümkün olmayacaq qədər uzaqdır.

O bunu da əlavə əlavə edib ki, onların arasında razılaşma əldə olunsaydı belə, mühafizəkarların gələcək liderinin bu razılaşmaya sadiq qalacağını düşünmür.

Corbyn May-ə yazdığı məktubda qeyd edir ki, “biz mümkün olan müddətdə müzakirə apardıq”. Müxalifət liderinin fikrincə baş nazirin öz hakimiyyətinin zəifliyi Breksit barədə razılaşmanın əldə edilməsinə mane olur.

Corbyn deyib ki, onun partiyası hökumətin Breksit planına onun indiki vəziyyətində müxalif olaraq qalır.

Britaniya parlamenti Theresa May-in Brüssellə razılaşdırdığı saziş təklifini üç səsvermədə rədd edib.

Bundan əvvəlki razılaşmaya görə Britaniya Avropa İttifaqını mart ayında tərk etməli idi. Sonradan Brüssel Londona çıxış üçün oktyabrın 31-dək möhlət verib.

Theresa May özünün baş nazir vəzifəsindən getməsi üçün vaxt cədvəlinin tərtibinə razılaşıb. Lakin bundan əvvəl onun Brüssellə razılaşdırdığı plan iyunun ilk günlərində bir daha səsə qoyulacaq.

Bundan sonra Britaniyanın qarşısında bir neçə variant olacaq. Bunlardan biri ölkənin Avropa İttifaqını heç bir saziş olmadan tərk etməsi və ya siyasətçilərin dediyi kimi “sərt Breksitdir”. Bir çox ekspertlərin fikrincə, bu variantda Britaniya iqtisadiyyatı xaosla üzləşə bilər.

Başqa bir variant Breksitin icra olunub-olunmayacağına dair ikinci referendumun keçirilməsidir.

2016-cı ilin iyununda keçirilmiş referendumda səs verənlərin 52 faizi Avropa İttifaqından çıxışı, 48 faizi isə ittifaqda qalmağı dəstəkləyib.

Lakin Avropa İttifaqı tərəfdarları deyirlər ki, son iki ildə bir çox insanların mövqeyi dəyişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG