Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Britaniya parlamenti Breksitin yubadılmasına səs verdi


Britaniya parlamentinin İcmalar Palatası
Britaniya parlamentinin İcmalar Palatası

Britaniyanın millət vəkilləri Avropa İttifaqından rəsmi çıxış gününün təxirə salınması üçün müraciət edilməsi barədə qərarı qəbul ediblər.

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına yalnız 15 gün müddətin qaldığı bir vaxtda keçirilən parlament sessiyasında Breksitin ləngidilməsi üçün müraciət qərarı İcmalar Palatasında 412-202 nisbətində qəbul olunub.

Martın 14-də qəbul edilmiş qərarda deyilir ki, parlament ittifaqdan çıxışa dair Brüssellə əldə olunmuş razılaşmanı gələn həftə qəbul edərsə, onda Avropa İttifaqından martın 29-dan başlayaraq daha üç ay möhlət istənəcək.

Məsələ burasındadır ki, Britaniya parlamenti baş nazir Theresa May-in təklif etdiyi həmin sazişi artıq iki dəfə rədd edib.

Hökumət bildirir ki, baş nazirin Brüssellə razılaşdırdığı bu saziş təklifi üçüncü dəfə də rədd edilərsə, onda ölkənin Avropadan çıxışı daha uzun müddətə təxirə salınacaq.

Britaniyanın ittifaqdan çıxşı müddətinin uzadılmasına Avropa İttifaqının 27 üzvü razılıq verməlidir.

Günün əvvəlində Britaniya parlamenti ən azı hazırda yeni Avropa referendumunun keçirilməsinə dairtəklifi rədd edib.

Bu təklifin əleyhinə 334, leyhinə isə 85 səs verilib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, martın 14-də Britaniya parlamenti ölkənin Avropa İttifaqından çıxmasının yubadılmasını Brüsseldən xahiş edib-etməməyi səsverməyə çıxaracaq. Bir gün öncə isə İcmalar Palatası Aİ-dən razılaşmasız çıxmağın əleyhinə səs verib.

Britaniya Aİ-dən martın 29-da çıxmalıdır, amma Britaniya bu tarixin uzadılmasını rəsmən xahiş edərsə və Brüssel buna razılaşarsa, proses yubana bilər.

Avropa Şurasının Prezidenti Donald Tusk martın 14-də deyib ki, Aİ Britaniyaya ayrılmaq üçün uzun zaman verməyə açıq olmalıdır.

Tusk tvitində yazıb ki, Aİ-nin qalan 27 ölkəsinin liderlərinə bununla bağlı müraciət edəcək.

Martın 12-də britaniyalı deputatlar Breksit sazişinin yenilənmiş versiyasını rədd ediblər. Sazişi Baş nazir Theresa May Brüssellə razılaşdırmışdı.

May gələn həftə deputatların Breksit sazişini dəstəkləməsi üçün üçüncü cəhdini edəcək.

Aİ rəsmiləri isə təkidlə bildirirlər ki, May hökuməti ilə əldə olunmuş saziş üzrə təzədən danışıq aparılmayacaq. Onların deməsinə görə, Aİ Breksitin yubanmasını təsdiqləyərsə, Britaniyayla Brüsselin gələcək münasibətləri üzrə də danışıqlar olmayacaq.

Avropa Parlamentinin altı üzvdən ibarət Breksit panelindən Danuta Hubner deyib ki, “Britaniya Parlamenti sazişi martın 29-dək təsdiqləməsə, Britaniyaya ertələmənin hansı əsasla və niyə veriləcəyi aydın deyil”.

“Vaxtı uzatmağa doğru gedir, amma hələ çox şey naməlumdur”, – Hubner vurğulayıb.

***

Britaniya Parlamenti Avropa İttifaqından sazişsiz ayrılmağın əleyhinə səs verdi

Britaniya Parlamenti cüzi fərqlə ölkənin Avropa İttifaqından sazişsiz çıxmasının əleyhinə səs verib.

Beləliklə bu səsvermə ölkənin Avropadan razılaşmasız “boşanması” variantını masa üstündən götürüb.

Bundan 24 saat əvvəl Britaniya parlamenti baş nazir Theresa May-in Brexit planını ikinci dəfə rədd etmişdi.

Millət vəkilləri hökumətin təklifinə baronessa Caroline Spelman tərəfindən təqdim olunmuş düzəlişi 312 leyhinə, 308 əleyhinə nisbəti ilə qəbul ediblər.

Britaniya mətbuatı yazır ki, baronessa bu təklifi, səsverməyə lap az qalmış geri götürməyə çalışsa da, spiker John Bercow buna icazə verməyib.

Lakin millət vəkilləri həm də Britaniyanın Avropa İttifaqından çıxışını nəzərdə tutan 50-ci maddənin 22 mayadək uzadılmasının əleyhinə səs veriblər.

Hökumət rəsmiləri millət vəkillərini “ölkənin taleyi naminə” fikir ixtilaflarını bir tərəfə qoymağa çağırırlar.

Bəzi rəsmilər bildirirlər ki, Avropa İttifaqından sazişsiz çıxış Britaniyanın dərin iqtisadi böhrana yuvarlanmasına və hətta parçalanmasına səbəb ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG