Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 07:16

Baş nazirin ikiqat məğlubiyyəti: Britaniyada erkən seçki olmayacaq


Britaniyanın baş naziri Boris Johnson parlamentin sentyabrın 4-də keçirilmiş iclasında ikiqat məğlubiyyətə uğrayıb.

Baş nazir erkən seçkinin keçirilməsi üçün lazım olan səs sayını əldə edə bilməyib.

Erkən seçki keçirilməsinə millət vəkillərinin 298-i, əleyhinə isə 56-sı səs verib.

Müxalif Leyborist Partiyası səsvermədə bitərəf qaldığını bildirib.

Buna baxmayaraq erkən seçkinin keçirilməsi üçün lazım olan üçdə iki səs çoxluğu alınmayıb.

Leyborist Patiyasının lideri Jeremy Corbyn Boris Johnson-un erkən seçki təşəbbüsünü “baş nazirin vəzifəsinə yaraşmayan hərəkət” adlandırıb.

Boris Johnson isə Jeremy Corbyn-ə deyib ki, o “Britaniyanın demokratik tarixində seçkidən imtina edən ilk müxalifət lideridir”.

***

Britaniya parlamenti ‘sazişsiz Breksiti’ bloklayan qanun qəbul edir

Bundan əvvəl Britaniya parlamenti baş nazir Boris Johnson-un ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsi planını bloklayan qanunu qəbul edib.

Müxalifət və onun mövqeyini dəstəkləyən hakim mühafizəkar millət vəkilləri sentyabrın 4-də bu qanun layihəsinin İcmalar Palatasından keçməsini təmin ediblər.

Üçüncü və sonuncu oxunuşda qanun layihəsinin leyhinə 327, əleyhinə 299 millət vəkili səs verib.

Əgər tam mətni təsdiq olunarsa, onda bu qanun baş nazir Boris Johnson-un Brüsseldən Avropa İttifaqından ayrılma prosesinin yanvarın 31-dək uzadılmasını xahiş etməsini tələb edəcək.

Maraqlıdır ki, qanuna Boris Johnson-un Avropa İttifaqına göndərəcyi xahişnamənin mətni də daxil edilib.

Johnson bundan əvvəl demişdi ki, Britaniya “sazişli və ya sazişsiz” ittifaqı oktyabrın 31-dək tərk edəcək.

O səsvermədən əvvəl erkən seçki çağıracağı və müxalifəti dəstəkləyən mühafizəkarların partiyadan xaric olunacaqları ilə hədələmişdi.

Baş nazir deyib ki, sazişsiz Breksitin bloklanması yeni razılaşmaya dair danışıqları pozacaq və təşəbbüsü tamamilə Avropa İttifaqına verəcək.

Bu səsvermədən sonra Boris Johnson təcili seçki keçirilməsi barədə təklif verib.

Boris Johnson bunu da deyib ki, sözü gedən qanun layihəsi 2016-cı il referendumunun nəticələrini “alt-üst” etməyə hesablanıb.

XS
SM
MD
LG