Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Britaniya Kanadanın yolu ilə gedəcək, yoxsa Avstraliyanın?


Boris Johnson fevralın 3-də etdiyi çıxış zamanı
Boris Johnson fevralın 3-də etdiyi çıxış zamanı

Britaniyanın baş naziri Boris Johnson fevralın 3-də ölkəsinin Avropa İttifaqından çıxdıqdan sonra hansı yolu seçəcəyi ilə bağlı geniş çıxış edib.

O bildirib ki, Londonun Brüsselin qaydalarına riayət etməsinə “ehtiyac yoxdur”.

Baş nazir deyib ki, Britaniya Avropa İttifaqı ilə gələcək münasibətlərdə Kanada modelini seçmək qərarına gəlib.

O deyib ki, Avropa İttifaqı bu təkliflə razılaşmasa, onda iki tərəf arasında münasibətlər Çıxış Razılaşması üzərində qurulacaq.

Tənqidçilər bildirirlər ki, bu, Britaniyanın Avropa İttifaqı ilə heç bir sazişinin olmaması deməkdir.

Avropa İttifaqı bildirib ki, Britaniyaya “ədalətli oyun meydançası yaradan ambisiyalı müqavilə” təklif edə bilər.

Avropa İttifaqı və Kanada arasında mövcud olan saziş iki tərəf arasında əksər malların ticarəti zamanı bütün rüsumları ləğv edir, lakin buna baxmayaraq gömrük və ƏDV yoxlamaları qüvvədə qalır.

Britaniyanı daha çox maraqlandıran bank və maliyyə xidmətləri sahəsində daha böyük məhdudiyyətlər mövcuddur.

Norveç modeli məqbul deyil

Qrinviçdə etdiyi nitqdə Boris Johnson deyib:

“Bizə tez-tez deyirdilər ki, biz Avropa İttifaqı bazarına tam giriş verən, lakin onun qaydalarını və məhkəmə qərarlarını da qəbul edən Norveç modeli ilə ambisiyalı azad ticarət razılaşması arasında seçim etməliyik. İkincisinə misal olaraq bazarların qapısını açan, lakin Aİ-nin qaydalarını icbari bilməyən Kanadanı göstərmək olar. Biz seçimimizi etmişik. Biz Kanadanınkına bənzər azad ticarət sazişi istəyirik…”

Johnson bildirib ki, Britaniya Aİ ilə münasibətlərdə Avstraliya modelini də seçə bilər.

Lakin Avropa Komissiyasının rəhbərlərindən Michel Barnier deyib ki, Britaniya Avropa İttifaqı ilə ticarətdə olmaq istəyirsə, bu blokun bazar qaydalarına uyğun hərəkət etməli olacaq.

Aİ adından Londonla danışıqlara rəhbərlik edən Barnier əlavə edib ki, Brüssel Londonla tamamilə rüsumsuz ticarətə hazırdır, lakin bunun üçün Britaniya İttifaqın bir sıra spesifik ticarət qaydalarına razı olmalıdır.

Michel Barnier
Michel Barnier

Kanada modeli nədir, Avstraliya modeli nə?

BBC ekspertləri bildirirlər ki, Avropa İttifaqı Kanada ilə ticarət sazişini 2016-cı ildə imzalayıb və bu, Britaniya ilə Avropa arasında gələcək münasibətlər üçün ilkin çərçivə rolunu oynaya bilər.

Bu müqaviləyə görə Avropa İttifaqı Kanada ilə ticarətdə əksər mallar üçün heç bir rüsum və ya vergi tətbiq etmir, lakin, məsələn, yumurta və toyuq əti də daxil bir sıra “həssas” mallara bu saziş şamil olunmur.

Avropa İttifaqı-Kanada razılaşmasına görə hər iki tərəf bizneslər üçün tenderləri açıq qoyur. Başqa sözlərlə Kanada şirkətləri Avropanın, Avropa şirkətləri isə Kanadanın iqtisadi-ticari layihələrində iştirak edə bilərlər.

Boris Johnson-a sərf edəcəkmi?

Bu həm də o deməkdir ki, Avropa İttifaqı bazarına gedən Kanada malları Avropa bazarının tələblərinə cavab verməlidir.

Britaniya iqtisadiyyatının 80 faizini təşkil edən xidmətlər sahəsi Kanada modelində yalnız qismən nəzərdə tutulub.

Lakin Britaniya üçün bundan da mühüm olan budur ki, Kanada modelinə maliyyə xidmətləri ümumiyyətlə daxil deyil.

Bu isə o deməkdir ki, Britaniya bankları Avropa İttifaqındakı müştərilərə bu müştərilərin olduğu üzv ölkələrdən lisenziya almadan xidmət göstərə bilməyəcək.

Avstraliyaya gəlincə isə, onunla Avropa İttifaqı arasında ticarət 2008-ci ildə razılaşdırılmış məhdud “tərəfdaşlıq çərçivəsinə” əsaslanır.

Bu çərçivəyə görə iki tərəf hər bir əmtəə üçün qarşılıqlı məqbul standartlar barədə danışıqlar aparmalı olurlar.

Avstraliya ilə Avropa İttifaqı arasında tammiqyaslı ticarət razılaşmasına dair danışıqlar 2018-ci ildə başlanıb və nəticəsi hələlik bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG