Britaniyanın daxili işlər naziri Priti Patel noyabrın 19-da verdiyi bəyanatla Fələstinin Həməs silahlı qruplaşmasını qadağan etdiyini bildirib.
Reuters agentliyi xəbər verir ki, beləliklə, Britaniya da Birləşmiş Ştatlar və Avropa İttifaqı kimi hazırda Qəzza zolağına nəzarət edən qruplaşmanı qanunsuz elan edib.
Xanım Patel bu barədə deyib:
"Həməs genişmiqyaslı və təkmil silahlara çıxışı da daxil, nəzərəçarpacaq terrorçu qabiliyyətə, habelə terrorçu təlim məntəqələrinə malikdir. Məhz bu səbəbdən mən bugün bu təşkilatı qəti qadağan edirəm”.
Daxili işlər nazirinin bu qərarından sonra ölkənin Terrorizm Qanunu ilə qadağan olunmuş bu təşkilata dəstək verən, onun bayrağını qaldıran və ya bu təşkilat üçün mitinqlər təşkil edən hər bir şəxs cinayət əməli törətmiş sayılacaq.
Priti Patel bu qərarını Britaniya parlamentinə gələn həftə təqdim edəcək.
Fələstin liderləri hiddətlənib
Həməs təşkilatının siyasi və hərbi qolları var. 1987-ci ildə yaradılmış bu təşkilat İsrail dövlətinin varlığına və onunla danışıqlara qarşı çıxır, əksinə Fələstin torpaqlarını işğal edən İsrailə qarşı “silahlı müqavimətə” çağırır.
Bundan əvvəl Britaniya Həməsin yalnız silahlı qanadını – İzzəddin əl-Qəssam briqadalarını qadağan etmişdi.
Həməsin siyasi rəsmilərindən Sami Əbu Zuhri deyib ki, Britaniyanın bu addımı onun “İsrailin işğalına ədalətsiz münasibətini və İsrailin şantaj və diqtələrinə boyun əydiyini” göstərir.
Həməsin ayrıca verdiyi bəyanatda deyilir ki, “işğal altında yaşayan xalqların silahlı müqavimət də daxil işğala müqaviməti onların beynəlxalq qanunlar tərəfindən təsbit olunmuş haqqıdır”.
Prezident Mahmud Abbasın Qərb tərəfindən dəstəklənən hökumətinin Birləşmiş Krallıqdakı nümayəndəliyi də Londonun bu qərarını pisləyib.
İsrailin baş naziri Naftali Bennett Londonun bu addımını alqışlayaraq Twitter-də yazıb:
"Sadə dildə deyilərsə, Həməs terrorçu təşkilatdır. Onun “siyasi qanadı” silahlı fəaliyyətinə rəhbərlik edir”.
Bir məzuniyyətin tarixçəsi
Ötən may ayında Həməs və İsrail arasında 11 gün davam edən qanlı qarşıdurma baş verib.
İki onillik bundan əvvəl ikinci Fələstin üsyanı zamanı Həməsin intihar bombaçıları yüzlərlə israillini qətlə yetirib. Onun bu hərəkəti təşkilatın siyasi qolu tərəfindən də dəstəklənib.
2017-ci ildə xanım Patel beynəlxalq inkişaf naziri olarkən İsraildə məzuniyyətdə ikən müxalifət lideri Yair Lapid də daxil, bu ölkənin vəzifəli rəsmiləri ilə görüşlər keçirməsi barədə məlumat vermədiyinə görə vəzifəsindən istefa verməli olmuşdu.
Hazırda İsrailin xarici işlər naziri olan Lapid Londonun qərarını alqışlayıb və deyib ki, bu addım iki ölkə arasında bağları daha da möhkəmlədəcək.
ABŞ Həməs təşkilatını özünün xarici terrorçu təşkilatlar siyahısına daxil edib. Avropa İttifaqı da Həməsi “terrorçu hərəkat” hesab edir.
Qəzza zolağında mənzillənən Həməs 2006-cı ildə Fələstin parlamentinə seçkidə Fətah millətçi qruplaşmasına qalib gəlib.