Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 16:10

Ceyms Hippi: Rusiya KTMT-yə görə Ermənistanı hədələsə, London Yerevanı dəstəkləyəcək


Ceyms Hippi
Ceyms Hippi

Britaniya Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurmaq qərarını ölkənin suveren hüququ kimi dəstəkləyir və London Rusiyanın Ermənistana qarşı mümkün cavab hədəsi təqdirində Yerevanı dəstəkləmək məqsədilə Avroatlantika müttəfiqləri ilə birgə işləyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Britaniya müdafiə nazirinin silahlı qüvvələr üzrə müavini Ceyms Hippi (James Heappey) bəyan edib.

Nazir müavini qeyd edib ki, Ermənistan KTMT-dəki fəaliyyətini Rusiyanın təhlükəsizlik öhdəliklərinə əməl etmədiyinə görə dondurduğu bildirib.

Hippi bununla yanşı vurğulayıb ki, bu, Yerevanın bu təşkilatdan çıxmaq qərarı deyil.

Mümkün hərbi əməkdaşlıq

O London və Yerevan arasında hərbi əməkdaşlığın Britaniya hərbi sənayesinə verə biləcəyi mümkün mənfəət barədə Britaniya millət vəkillərindən birinin sualına cavab verərkən deyib:

“Birləşmiş Krallıq ATƏT-in silah embarqosunu imzalamış ölkələrdən biridir və Birləşmiş Krallığın müdafiə sənayesinə daxil olan hər hansı mənfəət bu mandatın çərçivəsində olmalıdır. Biz daha yaxın əməkdaşlığın imkanlarını müəyyənləşdirmək məqsədilə Ermənistanla sıx işbirliyimizi davam etdirəcəyik”.

Nazir müavini bu barədə məlumatı öz saytında dərc edib.

Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ almasından sonra Moskva və Yerevan arasında gərginlik misilsiz həddə çatıb.

Paşinyan və Ermənistanın başqa vəzifəli rəsmiləri Rusiyanın başçılıq etdiyi təşkilatların, o cümlədən keçmiş sovet respublikalarından ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını boykot ediblər.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

Paşinyanın dedikləri

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 28-də parlamentdə etdiyi çıxışında ölkəsini Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokundan çıxarmağa hazır olduğuna işarə etmişdi.

Onun sözlərinə görə KTMT hazırda onun ölkəsinin təhlükəsizliyi üçün hədəyə çevrilib:

“Ermənistanın qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün təhlükəsizlik problemləri yaradır. Bəli, mən aydın şəkildə bildirmək istəyirəm ki, KTMT-nin indiki mövqeyi Ermənistanın milli təhlükəsizliyinə hədədir...KTMT Ermənistanın təhlükəsizliyi məsələsində adekvat mövqe tutmaqdansa, bunun tam əksini edir”.

Paşinyan vurğulayıb ki, “Ermənistan KTMT-dəki üzvlüyünü “de facto” dondurub, amma əgər bu proses belə davam etsə, üzvlüyünu “de jure” donduracaq”.

Paşinyan sentyabrın əvvəllərində elan etmişdi ki, Ermənistan hökuməti “təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır”, çünki Ermənistanın uzun müddətdir Rusiyaya güvənməsinin “strateji səhv” olduğu üzə çıxıb.

O demişdi ki, Moskva Ermənistanı müdafiə etmək qabiliyyətinə malik deyil, ya da bunu etmək istəmir.

Xarici siyasət vektoru

Rusiya Paşinyanın bu bəyanatını və başqa “qeyri-dost addımlarını” pisləmiş, Paşinyanı Qərbin mənafeyinə uyğun olaraq Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda” ittiham etmişdi.

İki müttəfiq arasında gərginliyin getdikcə artmasına baxmayaraq, Paşinyan və başqa Ermənistan rəsmiləri Ermənistanın xarici siyasət vektorunu dəyişmək niyyətində olmadığını bildirmişdilər.

Lakin Paşinyan KTMT sammitini boykot etdikdən sonra Rusiya belə bəyanatların səmimi olmadığını bildirmişdi.

Son aylar Paşinyan hökuməti Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarını təşkil etmək cəhdlərini rədd edərək danışıqlar prosesində Qərbin vasitəçiliyinə üstünlük verib. Rusiya rəsmiləri deyirlər ki, ABŞ və Avropa İttifaqı münaqişənin həllindən çox, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışırlar.

Rusiya Xarici İşlər Nazlirliyi bununla bağlı Yerevanı Rusiya-Ermənistan münasibətlərini “sistematik” şəkildə dağıtmaqda ittiham etmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG