Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:30

Britaniya ‘Breksit dalanından’ çıxmaq üçün erkən seçkiyə gedir


Qarşı duran etirazçıların plakat və bayraqları parlament binasının qarşısında
Qarşı duran etirazçıların plakat və bayraqları parlament binasının qarşısında

Britaniya parlamentinin İcmalar Palatası dekabrın 12-də növbədənkənar seçkinin keçirilməsi barədə razılığa gəlib.

BBC yazır ki, ölkənin Avropa İttifaqından ayrılmasına can atan baş nazir Boris Johnson bu seçkidə inamlı qələbə qazanacağına, ölkəni Breksit dalanından çıxaracğına ümid edir. Amma onun buna nail olacağını indidən söyləmək çox çətindir.

Oktyabrın 29-da İcmalar Palatası 428 leyhinə, cəmi 20 əleyhinə olmaqla hökumətin dekabrın 12-də erkən seçki keçirmək planını qəbul edib.

İndi bu qərar Lordlar Palatasından keçməlidir.

Boris Johnson ümid edir ki, bu seçkinin nəticəsində onun Mühafizəkar Partiyası İcmalar Palatasında mütləq çoxluq əldə edəcək və beləliklə də, o Avropa İttifaqına münasibətdə öz siyasətini sərbəst həyata keçirəcək.

Avropa İttifaqı Britaniyaya bloku tərk etmək üçün yanvarın 31-dək vaxt verib.

İstənilən nəticə gözləniləndir

Lakin Johnson-un breksitçilərinin bu seçkidə inamlı qələbə qazanacağını qəti söyləmək mümkün deyil.

Birincisi, seçkiqabağı kampaniyada reytinqlər dəyişə bilər. Müxalifət elektoratın bir hissəsinin Johnson-dan üz çevirəcəyinə ümid bəsləyir. Beləki o, Britaniyanı oktyabrın 31-dək Avropa İttifaqından çıxarmaq vədinə əməl etməyib.

Burası da var ki, Johnson bu uğursuzluğun təqsirini müxalifətin üzərinə qoya bilər.

İkincisi, Britaniyanın seçki sistemində 650 deputatın hamısı bir dövrədə birmandatlı dairələrdən seçilir. Bu halda sorğu reytinqləri real seçki nəticələrini əks etdirməyə də bilər.

2015-ci ildə David Cameron və onun mühafizəkarları 36, 9 faiz səslə mandatların mütləq çoxluğunu – 330 yeri əldə edə bilmişdi.

Bundan iki il sonra partiya Theresa May-in başçılığı ilə səslərin 42, 4 faizini qazanmış, amma 317 mandatla mütləq çoxluğa nail ola bilməmişdi.

Üçüncüsü, əgər bütün əsas partiyaların deyil, avropayönlü və anti-Avropa düşərgələrinin reytinqləri nəzərə alınarsa, hazırda elektorat az qala tən yarı bölünüb. Belə halda isə kimin qalib gələcəyini demək son dərəcə çətindir.

Oktyabrın 29-da erkən seçkinin müzakirə olunduğu bir vaxtda Boris Johnson sentyabrda keçirilmiş səsvermə zamanı hökumətin əleyhinə səs verdiyinə görə partiya sıralarından çıxarılmış 21 üzvdən 10-nu təşkilata bərpa edib.

Bərpa olunanların arasında Winston Churchill-in nəvəsi Nicolas Soams, veteran deputat Ken Clark da var.

Müxalifətin taktiki gedişi

Əslində erkən seçkinin keçirilməsi ideyası ilə demək olar bütün deputatlar razılaşırdı.

Lakin burada bir məqam vardı. Müxalifət qarşıdan gələn seçkidə səsvermə yaşının 18-dən 16-ya endirilməsini, habelə Britaniyadakı Avropa İttifaqı vətəndaşlarına seçkidə iştirak hüququnun verilməsini istəyirdi.

Hazırkı təxminlərə görə Britaniyada yaşayan Avropa vətəndaşlarının sayı 3, 7 milyon civarındadır.

Müxalif Leyborist Partiyasının qənaətinə görə, bunların əksəriyyəti Britaniyanın ittifaqda qalmasını istəyir və deməli, hakim Mühafizəkar Partiyanın əleyhinədir.

Lakin bu təkliflər rədd edilib və hökumət bildirib ki, bu düzəlişlər qəbul edilsə, erkən seçki təklifini geri çəkəcək.

XS
SM
MD
LG