Guradian yazır ki, Britaniya hökumətinin ölkənin Avropa İttifaqından çıxması haqqında təklif etdiyi qanun layihəsi, baş nazir Theresa May parlamentin yuxarı palatası – Lordlar Palatasında iki böyük uğursuzluğa uğradıqdan sonra havadan asılı qalıb.
Lordlar Aİ-dən çıxış və ya Brexit qanununa vahid gömrük ittifaqında qalmaq barədə düzəlişə böyük çoxluqla səs veriblər. Bu əlavənin leyhinə 348, əleyhinə isə 225 səs verilib.
Əlavənin keçməsində öz partiyalarının xəttini dəstəkləməyən “qiyamçı mühafizəkar lordlar” əsas rol oynayıblar.
Lakin hökumətin Lordlar palatasındakı ikinci uğursuzluğu daha ağır olub. Nazirlərə Avropa İttifaqından çıxış məsələsində tam səlahiyyət verilməməsinə dair düzəliş 314 leyhinə, 217 əleyhinə olmaqla qəbul edilib. Bu isə o deməkdir ki, indi hökumət Avropa İttifaqından çıxış məsələlərini parlamentsiz həll edə bilməyəck.
Maraqlıdır ki, lordlar bu səsverməyə böyük intizamla yanaşıblar və iclas zalı ağzınacan dolu olub.
Lordların əksəriyyəti bu qənaətdədir ki, Britaniyanın ittifaqdan çıxandan sonra yenidən ticarət sazişləri imzalamasındansa, ölkənin gömrük ittifaqında qalması daha əlverişlidir.
Brexit tərəfdarları isə deyirlər ki, Londonun vahid gömrük ittifaqında qalması az qala ölkənin Avropa İttifaqında qalmasına bərabərdir.
Hökumətin Avropa İttifaqından Çıxış Departamenti Lordlar Palatasındakı səsvermədən məyusluq ifadə edib.
Təhlilçilər bildirirlər ki, Britaniyanın gömrük ittifaqında qalması onun Avropa İttifaqının bir sıra başqa infrastrukturlarında da məcburi iştirakını tələb edəcək.