Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

Avropadan çıxış Britaniyanı, Qərbi, dünyanı parçalaya bilər


Qarşı duran cəbhələrdə
Qarşı duran cəbhələrdə

Britaniyanın baş naziri Theresa May noyabrın 14-də ölkənin Avropa İttifaqından çıxmasına dair saziş layihəsinin öz kabinetinin əsas nazirləri tərəfindən dəstəklənməsinə nail ola bilib.

Lakin şərhçilərin fikrincə bu layihənin parlamentdən keçəcəyi kifayət qədər problematik görünür.

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmaq baradə referendumundan iki il keçdiyi bir vaxtda Theresa May elan edib ki, kabinet layihənin qəbul edilməsinə dair “kollektiv” qərar qəbul edib. Müxbirlər diqqəti onun “yekdil” yox, məhz “kollektiv” sözünü işlətməsinə çəkirlər.

Baş nazir Britaniya hökuməti iqamətgahının qarşısında, yaxınlıqdakı etirazçıların qəzəbli şüarları altında elan edib ki, onun kabinetində 5 saat çəkən müzakirələr 585 səhifəlik saziş layihəsinin dəstəklənməsi ilə başa çatıb.

Baş nazir Theresa May deyib ki, ya onun planı qəbul ediləcək, ya da xaos olacaq
Baş nazir Theresa May deyib ki, ya onun planı qəbul ediləcək, ya da xaos olacaq

O bəyan edib ki, ya onun qəbul etdiyi saziş dəstəklənəcək, ya da ölkə xaosla qarşılaşacaq.

Britaniya mediası yazır ki, Theresa May-in layihəsinə istər Avropa İttifaqını tərk etməyə, istərsə də blokda qalmağa tərəfdar olanlar arasında güclü müqavimət var.

Reuters yazır ki, bu səbəbdən də bir nəslin ömründə ən zəif baş nazir bu layihəni çətin parlamentdən keçirə bilsin. Ona görə ki, parlamentdə bu layihə hələ heç oxunmadan ciddi narazılıqlar yaradıb.

Agentlik yazır ki, Britaniyanın Avropa İttifaqından çıxması və ya prosesin “el arasında” yayılmış adı ilə deyilərsə, Brexit dünyanın beşinci böyük iqtisadiyyatını qeyri-müəyyənliyə sürüyəcək, Donald Trump-ın qeyri-ənənəvi siyasəti və Rusiya ilə Çinin artan təcavüzü şəraitində Qərbi dərindən parçalayacaq

May parlament səsverməsinin vaxtını elan etməyib, lakin sazişin qəbul edilməsi üçün ona 650 millət vəkilindən 320-sinin səsi tələb olunur. Baş nazirin bu sayı əldə edə biləcəyinə ümid çox deyil.

Kabinet müşavirəsini müşahidə etmiş jurnalistlərin dediyinə görə müzakirələrdəki gərginlik bəzən elə həddə çatırdı ki, mühafizəkarlar baş nazir barəsində etimad səsverməsinin keçirilməsinə çağırış edirdilər.

Bu saziş əsasında Britaniyanın Avropa İttifaqından ayrılmasının nəticələri barədə proqnoz vermək çətindir.

Londonun küçələrində Brexit-i alqışlayan Putinin plakatları peyda olub
Londonun küçələrində Brexit-i alqışlayan Putinin plakatları peyda olub

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Aİ liderlərinə razılaşmanın tez bir zamanda qəbul edilıməsinə çağırıb.

Avropadan çıxmaq tərəfdarları Juncker-in belə rahatlıqla bəyanat verməsindən şübhəlidirlər. Onlar deyirlər ki, hökumət sözdə Aİ-dən çıxmaq siyasətini yürütməyə çalışsa da, onun təklif etdiyi razılaşma Londonun Aİ ilə güclü bağlarının saxlanmasına xidmət edir.

Brexit tərəfdarları hətta Theresa May-in Avropa İttifaqına təslim olduğunu bəyan edirlər.

Britaniyanın Avropadan çıxmasını dəstəkləyən İrlandiya Demokratik İttifaq Partiyası da bu sazişin əleyhinə səs verəcəyini bildirir.

Bu partiyanın millət vəkilləri deyirlər ki, hazırkı saziş Britaniyanın bir hissəsi olan Şimali İrlandiyanı Avropa İttifaqının nəzarətində saxlayacaq.

Sözü gedən sazişdə Britaniyanın Avropa İttifaqının gömrük ittifaqında qalıb-qalmamasına tam aydınlıq gətirilmir, bu məsələnin müzakirəsi sadəcə olaraq daha uzaq perspektivə buraxılır.

Bu isə o deməkdir ki, həmin məsələ barəsində razılaşma əldə edilənədək Britaniya faktiki olaraq Avropa İttifaqının gömrük ittifaqında qalmalı olur. Öz növbəsində bu həm də həmin müddətdə Londonun Avropanın qanun-qaydalarına tabe olacağı mənasına gəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG