Britaniya parlamentində bir millət vəkilinin verdiyi sualın başqa bir millət vəkili tərəfindən başa düşülməməsi ziddiyyətə səbəb olub.
Əslən Yeni Zelandiyalı millət vəkili əslən şotland millət vəkilindən öz sualını təkrar etməsini bir neçə dəfə xahiş edib.
Şotlandlar ingiliscə danışanda onları başa düşmək həqiqətən də mürəkkəb məsələdir. İngilislərin kökü germanlardan, şotlandların kökü isə keltlərdən gəlir.
Bu bir qədər məzəli, amma məzəli olduğu qədər də ciddi mükalimə Britaniya parlamentinin alt palatası – İcmalar Palatasında baş verib.
Şotlandiya Milli Partiyasından David Linden parlamentin mühafizəkar üzvü Paul Beresford-a parlamentin binasında aparılan təmir işləri zamanı əlilliyi olanların fiziki qabiliyyətinin və hərəkiliyinin nəzərə alınıb-alınmadığı barədə sual verib.
Lakin Berestford bu suala cavab vermək əvəzinə əslən Yeni Zelandiyadan olduğunu bildirib və sualın təkrar edilməsini xahiş edib.
Onun bu çıxışı parlamentdə əsəbi qəhqəhələrə səbəb olub.
Bundan sonra şotland millət vəkili sualını bir də təkrar edib, amma bu dəfə də millət vəkili Berestford deyib:
“Mən doğrudan da üzr istəyirəm. Lütfən sualınızı yavaş-yavaş, “antipod ingiliscəsində” bir də təkrar edə bilərsinizmi?”.
“Antipod ingiliscəsi” deyiləndə adətən Avstraliya və Yeni Zelandiya əhalisinin ingiliscəsi nəzərdə tutulur.
Washington Post yazır ki, bu iki millət vəkili Britaniyada bir birindən 560 kilometr aralı olan seçki dairələrini təmsil edirlər. Buna baxmayaraq eyni dildə danışan iki millət vəkili arasında belə bir anlaşılmazlıq baş bverib.
Kifayət qədər kiçik ölkə olmasına baxmayaraq Britaniyada regional ləhcələr arasında kəskin fərqlər mövcuddur.
Bunların arasında ən çətin başa düşüləni Şotlandiyadakı Qlazqo ləhcəsidir.
Ləhcə fərqi o qədər böyükdür ki, 2010-cu ildə Britaniya firmalarından biri keçirdiyi konfransa qlazqolu təcüməçi dəvət edib.
Ölkə parlamentində baş vermis bu hadisə sosial mediada geniş əks-səda verib.
Britaniyanın Press Association xəbər agentliyi bildirir ki, Şotlandiya Milli Partiyasından olan başqa bir millət vəkili - Alan Brown-dan da verdiyi sualları təkrar etməsini xahiş edirlər. Bu da deyilir ki, parlament ondan suallarını yazılı şəkildə təqdim etməsini istəyib.
Agentlik yazır ki, millət vəkilinin kəskin aksenti parlamentdə lətifəyə çevrilib.
Oktyabrın 18-də parlamentin vise-spikeri Lindsay Hoyle millət vəkilini suallarını yazılı şəkildə verməyə çağırıb. Amma məsələ burasındadır ki, vise-spiker bu ricanı özünün Lankaşir ləhcəsində edib.