Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:24

Britaniya ABŞ-ın dəniz təhlükəsizliyi missiyasına qoşulur


Britaniyanın HMS Duncan eskadra minadaşıyanı iyulun 28-də Süveyş kanalından Fars körfəzinə keçərkən
Britaniyanın HMS Duncan eskadra minadaşıyanı iyulun 28-də Süveyş kanalından Fars körfəzinə keçərkən

Britaniya bildirib ki, Hörmüz boğazından keçən ticarət gəmilərinin mühafizəsi üçün Birləşmiş Ştatların rəhbərlik etdiyi “beynəlxalq dəniz təhlükəsizliyi missiyasına” qoşulacaq.

Fars körfəzi ilə Ərəb dənizini birləşdirən Hörmüz boğazı dünyanın əsas dəniz ticarət yollarından biridir.

Britaniyanın müdafiə naziri Ben Wallace avqustun 5-də müxbirlərə deyib ki, Birləşmiş Krallıq öz gəmilərini qanunsuz hədələrdən müdafiə etmək əzmindədir.

O deyib ki, “biz Hörmüz boğazında yaranmış problemlərin həlli üçün ABŞ və başqa ölkələrlə işləyəcəyik”.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, kral dəniz donanmasının gəmiləri ABŞ donanmasının gəmiləri ilə birlikdə boğazdan keçən ticarət gəmilərini və tankerləri müşayiət edəcək.

Londonun bu addımı İran və Britaniya arasında münasibətlərin gərgin olduğu bir vaxta təsadüf edir.

Son həftələrdə İran və Britaniya bir-birlərinin tankerlərini həbs ediblər. Bunun ardınca London Britaniya gəmilərinin müşayiət olunması üçün Fars körfəzi bölgəsinə iki döyüş gəmisi göndərib.

Bundan əvvəl Birləşmiş Ştatlar müttəfiqlərini Hörmüz boğazından keçən gəmilərin mühafizəi missiyasına qoşulmağa çağırmışdı.

Lakin ABŞ-ın Avropa müttəfiqləri belə bir missiyaya qoşulmaq niyyətində olmadıqlarını bildirirlər.

Almaniya bildirib ki, gəmilərin mühafizə edilməsi üçün ABŞ-ın missiyasına qoşulmayacaq.

Berlin avqustun 5-d bəyan edib ki, Avropa İttifaqı Körfəz regionunda özünün müşahidə missiyasını yaratmağı planlaşdırır.

Lakin Almaniya xarici işlər naziri Heiko Maas deyib ki, belə bir missiyanın yaradılması üçün Aİ ölkələrini inandırmaq asan olmayacaq.

Tehranda İranın xarici işlər naziri Mohammad Javad Zarif keçirdiyi mətbuat konfransında deyib ki, “hətta müttəfiqləri də ABŞ-ın missiyasına qoşulmaqdan utanırlar”.

O ABŞ-ın hazırda təkləndiyini deyib:

"Bugün Birləşmiş Ştatlar dünyada tək qalıb və koalisiya yarada bilmir. Onların dostu olan ölkələr də onlarla bir koalisiyada olmaqdan utanırlar”.

Ötən iyulda Britaniyanın İran tankerini Cəbəllütariq sahilində saxlamasının ardınca İran da Hörmüz boğazından keçən Britaniya gəmisini həbs edib.

London İran gəmisinin sanksiyaları pozduğunu, Tehran isə Britaniya gəmisinin dənizçilik qanunlarını pozduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG