Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:19

BRICS-in Rusiyadakı sammiti indiyədək ən vacibinə çevrilə bilər


Çin lideri Si Cinpin, CAR prezidenti Siril Ramafosa və Rusiya prezidenti Vladimir Putin BRICS-in Yohannesburq sammitində
Çin lideri Si Cinpin, CAR prezidenti Siril Ramafosa və Rusiya prezidenti Vladimir Putin BRICS-in Yohannesburq sammitində

Rusiya prezidenti Vladimir Putin sayca 16-cı BRICS ölkə başçıları sammitini keçirməklə Qərb dövlətlərinə işarə edir ki, beynəlxalq səhnədə təcrid olunmayıb, - bunu AzadlıqRadiosunun əməkdaşı Reyd Stendiş yazır.

Putin Kazanda 22-24 oktyabrda keçiriləcək tədbirdə bu ismarışı verməyə çalışacaq. BRICS+ qurucu üzvlər Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından (CAR) və sonradan qoşulan Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ibarətdir. Putin bu qurumla dünya siyasəti və ticarətdə Qərbə qarşı əks balans yaratmağa çalışır.

"Sanki BRICS yeni nəfəs almağa başlayıb, çünki Qərbin aparıcı rol oynadığı düzən və onun təşkilatlarında nizamsızlıq hökm sürür", – Londonda yerləşən Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI) baş elmi işçisi Karlos Solar (Carlos Solar) AzadlıqRadiosuna söyləyib: "Əsas məsələ ondadır ki, dünya dəyişir və üzümüzə gələn onilliklərdə beynəlxalq bankçılıq, maliyyə və hüquqda baş verənlər dünyanın hansı regionlarının daha vacib olduğunu müəyyən edə bilər".

Builki sammit yeni üzvlərin BRICS-ə daxil olmalarına yol aça bilər. Putin üzvlükdən ötrü müraciət etmiş ya bu barədə düşünən 20-dən çox ölkənin təmsilçilərini sammitə dəvət edib. Bunların arasında Azərbaycan, Belarus, Türkiyə və Monqolustan da var.

Putin həmçinin Çin başçısı Si Cinpinlə ikitərəfli görüş keçirəcək. Sonuncu da BRICS-in genişlənməsi tərəfdarıdır. Bu, Çinin "Qlobal Cənub" kimi tanınan inkişafda olan ölkələr arasında lider olmağı hədəfləyən geniş strategiyasının bir hissəsidir.

"Putin açıq-aşqar deyib ki, BRICS "Qlobal Cənub"un adından danışır. Çin də həmin arqumenti səsləndirir", – Karneqi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Stüart Patrik (Stewart Patrick) AzadlıqRadiosuna deyib.

"Çin və Rusiya ümid edir ki, BRICS+ ABŞ başçılığı ilə Qərb ölkələrin hökmranlıq etdiyi beynəlxalq nizama meydan oxumaq üçün vasitə olacaq", – o əlavə edir.

Rusiya prezidenti Vladimir Putin CAR-ın Yohannesburq şəhərində keçirilən BRICS sammitində
Rusiya prezidenti Vladimir Putin CAR-ın Yohannesburq şəhərində keçirilən BRICS sammitində

BRICS nədir və nə məna kəsb edir?

2006-cı ildə Braziliya, Rusiya, Hindistan, Çin BRIC qrupunu yaradıblar. 2010-cu ildə CAR onlara qoşulmaqla qrup BRICS-ə çevrilib.

Təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi və iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb. Məqsəd – inkişafda olan ən vacib ölkələri bir araya gətirmək olub.

BRICS üzvləri elə əvvəldən iddia edirlər ki, Qərb dövlətləri hökumətlərə borc verən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi mühüm beynəlxalq təşkilatlarda hökmranlıq edir. Onların qənaətinə görə, inkişaf etməkdə olan iqtisadiyyatların da öz mövqelərini bildirməyə imkan verəcək bu kimi bir alternativə ehtiyacı var.

2014-cü ildə BRICS infrastrukturun inkişafından ötrü Yeni İnkişaf Bankı təsis etdi və yanvarda Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistan və BƏƏ-ni üzv olmağa dəvət edib.

Lakin qısa müddət sonra səudiyyə naziri bəyan edib ki, ölkəsi qrupa rəsmi olaraq qoşulmayıb.

Argentina həmçinin quruma qoşulmaq təklifi alıb. Lakin 2023-cü ilin dekabrında prezidentlik müddətinə yenicə başlayan ölkə prezidenti Xavyer Miley təklifi rədd edib.

Bununla belə, yenicə genişlənən BRICS+ 3.5 milyard, yəni dünyanın 45 faizi qədər əhalisi, ümumi dəyəri isə 28.5 trilyon dollar olan iqtisadiyyatları birləşdirir. Bu isə dünya iqtisadiyyatının 28 faizini təşkil edir.

Səudiyyə Ərəbistanı quruma üz olarsa, BRICS dünya neftinin, az qala, 44 faizini istehsal etmiş olacaq.

BRICS+
BRICS+

Niyə ölkələr BRICS-ə qoşulmaq istəyir?

Dünyanın hər yerinə səpələnmiş BRICS üzləri rahat bir blok sayılmır. Bununla belə, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi və ya ABŞ-Çin arasında getdikcə artan qarşıdurması kimi geosiyasi pozuntular fonunda qurum genişlənir.

Solar söyləyir ki, BRICS-ə qoşulmaq marağı yalnız artmaqdadır. Bir çox inkişafda olan ölkələr bu bloku qarşıdakı illərdə geosiyasi balans axtarmaq üçün faydalı vasitə kimi görür.

"Siz BRICS-də fövqəl ambisiyaları olan çoxlu ölkə görə bilərsiniz: Çin, Rusiya, Hindistan və Braziliya. Lakin qoşulmaqda olan ya bundan ötrü müraciət edən digər ölkələr üçün bu, fərqli variantlara malik olmaq və bütün yumurtaları bir zənbilə yığmamaq deməkdir", – o deyir.

Təhlilçi bunu Braziliya və Hindistan misallarında göstərir. BRICS-in əsas üzvləri olan bu ölkələr Qərbin başçılıq etdiyi qruplara və siyasi təşkilatlarla üzvdürlər, onlarla sıx əlaqələr saxlayırlar.

Maliyyə koordinasiyası qurum üçün ən vacib məsələdir. Təşkilat liderləri ABŞ dollarının dünya ticarətində hökmranlığını kiçiltməyə can atırlar. Braziliya və Rusiya hətta BRICS-in ayrıca pul vahidini yaratmağı təklif edib.

BRICS ölkələri qurumdaxili daha çox ticari əlaqələrin inkişafı, banklar arasında daha yaxın koordinasiya, vergi və gömrük prosedurlarının vahid standartlara gətirilməsinə can atır.

Baxmayaraq ki, qlobal ehtiyat pul vahidinin yaradılması danışıqlarında irəliləyiş yoxdur, BRICS üzvləri milli pul vahidlərində ticarətin dəstəklənməsinə kökləniblər. Qərbin Ukrayna müharibəsi ilə bağlı sanksiyalarının təsirini azaltmağa çalışan Rusiya Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə bunun faydalı olduğunu sübut edib.

"BRICS yeni bazarlar axtarışında olan Rusiya iqtisadiyyatı üçün hətta daha böyük xilaskar olub və ola bilər", – Solar deyir.

CAR-da 2023-cü il BRICS sammiti
CAR-da 2023-cü il BRICS sammiti

Builki sammitdə hansı qazanclar əldə edilə bilər?

Rusiya üçün sammit beynəlxalq səhnədə tam təcrid olmadığını göstərməyə bir imkandır. Bundan əlavə, Qərbin hökmranlığını zəiflədə biləcək təşəbbüsləri irəli sürməkdən ötrü bir fürsətdir.

"Putinə görə, bu sammit mahiyyətcə rəmzi məna daşıyır. O, dünyaya nümayiş etdirməyə çalışır ki, Ukraynada səbəbsiz olmadan başladığı hərbi müdaxilədən dolayı Qərbin Rusiyanı təcrid etmək səyləri boşa çıxıb. Həmçinin göstərir ki, Rusiyanın dünyada hələ də çoxlu dostları var", – Patrik bildirib.

Kazanda Putin beynəlxalq ödəniş sisteminə alternativ və Qərbin sanksiyalarının təsir göstərə bilməyəcəyi beynəlxalq ödəniş platforması barədə danışıqları təşviq edəcək. Dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya BRICS-in taxıl ticari birjasının yaradılmasını təklif edəcək. Bu, kənd təsərrüfatı məhsullarının beynəlxalq qiymətlərinin təyin olunduğu Qərb bazarlarına bir alternativdir.

Bu səylərin uğurlu olub-olmamasını vaxt göstərəcək. Rəsmi Moskva qrupdaxili razılığa gəlməli olacaq, çünki qrupa qəbul edilən yeni üzvlərin heç də hamısı Kremlin Qərbə qarşı ambisiyalarını dəstəkləməyə bilər.

Patrik deyir, BRICS üzvləri "beynəlxalq nizam və dünya iqtisadiyyatının idarəçiliyində Qərb dünyasının çəkisi haqsız böyükdür" fikri ətrafında birləşirlər. Lakin qurum üzvləri arasında hələ də fərqli düşüncələr var. Bir tərəfdən, Çin, İran, Rusiya kimi dünya düzəninə meydan oxumaq və onu devirmək istəyənlər durur. Digər tərəfdən, o düzəni islahatlar yolu ilə dəyişmək istəyən üzvlər var.

"BRICS Qərbin başçılıq etdiyi nizama meydan oxuya bilər. Lakin hazırkı mərhələdə o, rəmzi baxımdan daha vacibdir, nəinki geosiyasi anlamda", – Patrik deyir.

XS
SM
MD
LG