2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:40

ABŞ-yə çatan Bolsonaro özünü Braziliyanın legitim lideri elan edib

Mayamidəki Opa Lokka İcraçı Hava Limanına çatan Flavio Bolsonaro təyyarədən düşərkən.
Mayamidəki Opa Lokka İcraçı Hava Limanına çatan Flavio Bolsonaro təyyarədən düşərkən.

Oktyabrın 28-də senator Flavio Bolsonaro ABŞ-yə gələrək özünü Braziliyanın legitim lideri elan edib. O, ölkəsinin Ali Məhkəməsi və prezident Luis İnasiu Lula da Silvanın birgə hazırladığı seçki çevrilişinin qurbanı olduğunu iddia edib. Lula da Silva seçkilərdə rəqibindən 4 milyondan çox səs artıq toplayaraq qələbə qazanıb.

Bolsonaro pasportlarını təhvil vermək barədə Ali Məhkəmənin qərarına məhəl qoymayaraq Braziliyanı tərk edib və Mayamiyə yollanıb. Senator bu səfərin baş tutmasında rolu olan Argentina lideri Xavyer Mileyə təşəkkürünü çatdırıb. O, özünə və ailəsinə giriş vizası verərək onları ölkəsində qəbul edən ABŞ prezidenti Donald Trampa da minnətdarlığını bildirib.

Bolsonaro əvvəlcə "X" sosial şəbəkəsində yaydığı açıq məktubda özünü "seçilmiş prezident" elan etsə də, sonradan həmin variantı silərək yeni bir müraciət yayımlayıb və Braziliyanın "legitim lideri" olduğunu bildirib.

Lulanın qələbəsini Braziliyanın Federal Seçki Məhkəməsi, dünya liderləri və beynəlxalq müşahidəçilərlə yanaşı, Bolsonaronun öz partiyası da tanıyıb.

Tramp isə jurnalistlərin Bolsonaronun bu açıqlamaları ilə bağlı suallarını cavabsız qoyub. O, sadəcə seçkilərin "çox qəribə" keçdiyini bir daha vurğulamaqla kifayətlənib.

28 oktyabr

Tramp Bolsonaronun ABŞ-yə gəlməsini dəstəkləyir

ABŞ prezidenti Donald Tramp oktyabrın 28-də bildirib ki, Braziliyada bazar günü keçirilən prezident seçkisində uduzan senator Flavio Bolsonaronun ABŞ-yə gəlməsini dəstəkləyir.

Bolsonaro Braziliyanı tərk edərək Birləşmiş Ştatlara yollanıb. "Reuters" agentliyinin ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton ona və ailə üzvlərinə ölkəyə giriş vizası verəcək.

Tramp jurnalistlərə "Əlbəttə, bunu dəstəkləyirəm" deyib və Bolsonaronun Argentinada olduğunu eşitdiyini bildirib.

Bolsonaro hazırkı solçu prezident Luiz İnasio Lula da Silvaya məğlubiyyətini etiraf etməyib. O, Ali Məhkəmənin pasportunu təhvil vermək qərarına məhəl qoymayaraq Braziliyanı tərk edib.

Tramp seçkilərin "çox qəribə" keçdiyini və "çox mənfi" qiymətləndirildiyini söyləyib.

F.Bolsonaro barəsində artıq korrupsiya şübhəsi ilə istintaq aparılır. Bu araşdırma onun atası, sabiq prezident Jair Bolsonaro haqqında çəkilən filmin maliyyələşdirilməsi ilə bağlıdır. Dövlət çevrilişi hazırlamaqda ittiham olunan J.Bolsonaro isə ev dustaqlığına buraxılıb.

Braziliya Ali Məhkəməsi oktyabrın 27-də polisə F.Bolsonaronun seçki kampaniyasına qanunsuz maliyyə ayrılıb-ayrılmamasını da yoxlamağı tapşırıb.

45 yaşlı senator oktyabrın 25-də keçirilən prezident seçkisində məğlubiyyətə uğrayıb. O, seçkilərin ikinci turunda Luiz İnasio Lula da Silvaya uduzub. Birinci turun nəticələrinə görə lider olan Bolsonaronun qalib gələcəyi ilə bağlı gözləntilər olduqca yüksək idi. Yekunda Lula səslərin 51.79 faizini, Bolsonaro isə 48.21 faizini qazanıb.

İşçi Partiyasından (PT) yenidən prezidentliyə namizəd olan Luis İnasiu Lula da Silva seçkilərin ikinci turunda qalib gəldikdən sonra çıxış edir.
İşçi Partiyasından (PT) yenidən prezidentliyə namizəd olan Luis İnasiu Lula da Silva seçkilərin ikinci turunda qalib gəldikdən sonra çıxış edir.
26 oktyabr

Lula dördüncü dəfə prezident seçildi, rəqibi nəticəni qəbul etmir

Braziliya prezidenti Luis İnasiu Lula da Silva oktyabrın 26-da keçirilən seçkilərdə dördüncü dəfə dövlət başçısı seçilib. Bu barədə ölkənin Ali Seçki Məhkəməsi məlumat yayıb.

Onun rəqibi, keçmiş prezident Jair Bolsonaronun böyük oğlu, senator Flavio Bolsonaro isə məğlubiyyətini qəbul etməyib. O, Ali Məhkəmə hakimlərindən birinin səsvermə müddətini iki saat uzatdığını əsas gətirərək seçkilərin nəticələrinin ləğvini tələb edib.

Bolsonaro seçkilərin birinci turunda lider olsa da, ikinci turda Lulaya 4 milyondan çox səs fərqi ilə uduzub. "Reuters" agentliyi yazır ki, bu nəticə Bolsonaronun qələbəsinə ümid bəsləyən Braziliya maliyyə bazarlarında ciddi narahatlıq yaradıb.

Onun atası da 2022-ci ildə Lulaya məğlub olduqdan sonra eyni şəkildə davranmışdı. J.Bolsonaro məğlubiyyəti ilə barışmamış, sonradan isə Ali Məhkəmə onu hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi planlaşdırmaqda ittiham edərək 27 il həbs cəzasına məhkum etmişdi.

İşçi Partiyasının (PT) qurucusu və lideri olan 80 yaşlı Lula isə vaxtilə – 2018-2019-cu illərdə korrupsiya ittihamları ilə həbsdə yatıb. Sonradan həmin ittihamlar üzrə hökmlər ləğv edilib və o, 2022-ci il seçkilərində J.Bolsonaroya qalib gəlib.

​
XS
SM
MD
LG