Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

ABŞ prokurorları ‘Prevezon - çirkli pulların yuyulması’ işi üzrə razılaşmanı müdafiə edirlər


2016-cı ildə Trump-ın oğlu ilə görüşmüş rusiyalı hüquqşünas Natalya Veselnitskaya Prevezon şirkətinin vəkili olub
2016-cı ildə Trump-ın oğlu ilə görüşmüş rusiyalı hüquqşünas Natalya Veselnitskaya Prevezon şirkətinin vəkili olub

ABŞ prokurorları ABŞ-Rusiya münasibətlərində təlatüm yaratmış iş üzrə məhkəmədən kənar haqq-hesablaşma razılaşmasını ilk dəfə olaraq açıq şəkildə müdafiə ediblər. Bu razılaşma iddia edilən çirkli pulların yuyulması ilə bağlı araşdırmaya aid bir iş idi.

ABŞ baş prokurorunun müavini Stephen Boyd tərəfindən imzalanmış və dekabrın 12-də açıqlanmış məktubda deyilir ki, Cənubi Nyu York prokurorluğunun nümayəndələri Prevezon kimi tanınan iş üzrə razılaşmanın əldə edilməsi üçün “prezident Donald Trump, onun administrasiya heyəti, qohumları və ya kampaniya rəsmiləri ilə heç bir əlaqədə olmayıblar”.

Məktubda bildirilir ki, razılaşma qərarı peşəkar ittihamçılar tərəfindən və Birləşmiş Ştatlar üçün mənfəətli olacağı qənaəti ilə rəsmiləşdirilib.

Bu məktubun üzərindəki möhürdə 9 noyabr tarixi göstərilib.

Prevezon adlı iş 2013-cü ildə ABŞ hakimiyyət orqanları, Kiprdə qeydiyyatdan keçmiş və böyük hissəsi rusiyalı biznesmen Denis Katsivion mülkiyyətində olan şirkətin 14 milyon dollarlıq aktivlərini müsadirə etmək qərarı qəbul edəndən başlanıb.

Vergi fırıldağı sxemi

ABŞ rəsmiləri iddia edirdilər ki, aktivlər, əsasən də Manhattandakı daşınmaz əmlakın aktivləri 6 il əvvəl üstü açılmış 230 milyon dollarlıq fırıldaq sxemindən qaynaqlanıb. Bu vergi fırıldağı Rusiya hökumətinə qarşı edilmişdi.

Moskva tərəfindən baş verdiyi qəbul edilən bu vergi fırıldağı sxemi qismən də rusiyalı hüquqşünas Sergey Maqnitski tərəfindən faş edilmişdi. Maqnitski 2009-cu ildə Moskva həbsxanasında vəfat edib. Tərəfdarları onun işgəncələr nəticəsində öldüyünü iddia edirlər.

Maqnitskinin ölümü ABŞ-da 2012-ci ildə eyni adlı qanunun qəbulu ilə nəticələnib. Bu qanun Maqnitskinin ölümü ilə bağlı olduqları düşünülən Rusiya rəsmilərinə qarşı cəzalandırıcı tədbirlərin görülməsini nəzərdə tutur. Qanun Kremli hiddətləndirmiş və Rusiya prezidenti Vladimir Putin buna cavab olaraq rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini qadağan etmişdi.

Dəlillərdən, şahid ifadələrindən və mürəkkəb pul köçürmələrinə aid bank hesabatlarından ibarət minlərlə səhifəlik iş mayın 15-də məhkəməyə getməli idi.

Lakin mayın 11-də məhkəmədən əvvəl keçirilən konfransda ittihamın və müdafiənin müvəkkilləri Rusiyadan alınmış maliyyə sənədlərinin təbiəti və Prevezon-un rusiyalı vəkillərinin istifadə etdikləri tərcüməçinin etibarlığı üstündə mübahisə etmişdilər.

Buna baxmayaraq mayın 12-də tərəflər arasında əldə olunmuş müqavilədə deyilirdi ki, Prevezon heç bir qanunsuzluğa yol vermədiyini bəyan etsə də, 6 milyon dollar cərimənin ödənməsinə razılaşıb.

Bu sövdələşmənin əldə olunması vaxtı bir çox müşahidəçiləri təəccübləndirmişdi. Razılaşma prokuror Preet Bharanın istefadan imtina etməsinə baxmayaraq işdən azad edilməsindən iki ay sonra əldə olunmuşdu. Ağ Ev bunu sadəcə olaraq Ədliyyə Nazirliyindəki kadr dəyişikliyi kimi təqdim etmişdi.

Sergei Maqnitski
Sergei Maqnitski

Bu məhkəmədəkənar haqq-hesablaşma razılaşmasının əldə olunduğu vaxtdan əvvəl artıq Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə mümkün əlaqələri araşdırılırdı. FTB direktoru James Comey də məhz həmin həftədə vəzifəsindən azad edilmişdi. Trump bildirmişdi ki, Comey-ni büronun Rusiya əlaqələrini araşdırmasına görə işdən çıxarıb.

Bununla belə Comey-nin vəzifədən kənarlaşdırılmasının vaxtı ilə Prevezon razılaşması arasında hər hansı əlaqəni göstərən əlamət yoxdur.

Lakin iyul ayında demokrat millət vəkilləri Ədliyyə Nazirliyinə məktub yazaraq sözü gedən razılaşmanın vaxtı barədə izahat istəmiş və mümkün qeyri-etik hərəkətlərə yol verildiyinə işarə etmişdilər.

Prevezon şirkətinin ABŞ-dakı müvəkkili əvvəlcə Baker Hostetler hüquq firması olmuşdu, lakin hakim bu təşkilatın daha əvvəl Maqnitskinin işlədiyi Hermitage Capital Management üşün hüquqi işlər gördüyünü öyrənəndən sonra onu bu işdən uzaqlaşdırmışdı.

Baş prokurorun müavini Boyd-un yazdığı məktubda deyilir ki, 12 may sövdələşməsindən əvvəl verilmiş bir neçə hökm “hökumətin bu iş barədə ehtimalının güclənməsinə və bəzi sübutlardan istifadə qərarına səbəb olub”.

Məxfi lobbi qrupu

Prevezon-un əsas rusiyalı vəkili Natalya Veselnitskaya 2016-ci ilin iyununda Prevezon-un məhkəmədən əvvəl müdafiəsi ilə bağlı işlər üçün Birləşmiş Ştatlara səfər etmişdi.

Sonra məlum olmuşdu ki, həmin səfər ərzində o Donald Trump-ın böyük oğlu Donald-la, habelə Rusiya-Amerika lobbiçisi və Trump-ın ovaxtkı kampaniya meneceri Paul Manfortla görüşüb.

Veselnitskayanın Trump-la görüşünün müzakirə mövzularından biri də Kremlin 2013-ci il tarixli övladlığa götürmə qadağanı ilə bağlı idi.

Veselnitskaya həm də Maqnitski qanunun qəbulunu əngəlləmək istəyən lobbi qrupunun yaradılmasımnda iştirak etmişdi.

Oktyabr ayında Veselnitskaya ABŞ məhkəməsinə petisiya yazaraq 6 milyon dollarlıq ödənişi etmək məqsədilə Birləşmiş Ştatlara səfər etmək icazəsi almağa çalışmışdı.

Prevezon-un vəkilləri bildirirdilər ki, bu ödənişin yarısı ABŞ rəsmilərinin Hollandiya banklarından birində dondurulmasını rica etdikləri hesabdan gəlməlidir.

ABŞ baş prokurorunun ofisi bildirib ki, “bu məhkəmədənkənar razılaşma ilə bağlı Veselnitskaya ilə heç bir birbaşa kommunikasiyada olmayıb”.

Ötən ay ABŞ prokurorları hakimdən 6 milyon dollarlıq haqq-hesablaşmanın icrasını istəmişdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG