Avropa İttifaqının vitse-prezidenti Josep Borrell iyulun 22-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Ceyhun Bayramovla üçtərəfli telefon danışıqları aparıb.
Bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat verilir.
Məlumatda deyilir ki, Borrel nazirlərlə iki ölkənin sərhədi boyunca bu yaxınlarda baş vermiş qarşıdurmanı müzakirə edib.
Bu, Borrellin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ilk üçtərəfli söhbəti idi. Borrel bundan əvvəl iyulun 13-də nazirlərlə ayrı-ayrılıqda telefon söhbəti etmişdi.
Avropa İttifaqının vitse-prezidenti qarşıdurmada həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Birbaşa kommunikasiya kanalı
Müzakirə zamanı Josep Borrell tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginliyi artıran ritorikadan çəkinməyə və xüsusilə də regionun həyati infrastrukturunu hədəfləməməyə çağırıb.
O əlavə edib ki, bütün regional güclər bu sülhpərvər məqsədə töhfə verməlidirlər.
Borrell tərəfləri habelə atəşkəsə riayət edilməsi üçün götürdükləri öhdəliyi bir daha təsdiqləməyə və eskalasiyanın bundan sonra da yüksəlişinə imkan verməməyə çağırıb.
Borrell deyib ki, Ermənistan və Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qurulmuş birbaşa kommunikasiya kanalından istifadə etməlidirlər.
“Mənalı və predmetli danışıqlar”
O habelə Dağlıq Qarabağ münaqişəsi tənzimlənməsinin əsas aspektlərinə dair “mənalı və predmetli” danışıqların bərpasının mühümlüyünü vurğulayıb.
Borrell bildirib ki, vəziyyət buna imkan verən kimi ATƏT-in regiondakı monitorinqinin təcili bərpasına ehtiyac var.
Avropa İttifaqının vitse-prezidenti Josep Borrell hər iki tərəflə danışıqlara hazır olduğunu vurğulayıb.
O bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümçayəndəsinə hər iki tərəflə və ATƏT-in Minsk Qrupu ilə sıx təmasda qalmağı tapşırıb.