Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:21

London Şotlandiyanın müstəqilliyi referendumuna icazə vermir


Boris Johnson (solda) və Nicola Sturgeon
Boris Johnson (solda) və Nicola Sturgeon

Britaniyanın baş naziri Boris Johnson ölkənin bir hissəsi olan Şotlandiyanın başçısı Nicola Sturgeon-un bölgənin müstəqilliyinə dair ikinci referendum keçirmək ricasını rəsmən rədd edib.

Guardian qəzeti yazır ki, öz növbəsində xanım Sturgeon Britaniya hökumətinin mövqeyini tənqid edib.

O bildirib ki, Şotlandiyanın İngiltərə ilə ittifaqı qarşılıqlı razılıq olmadan davamlı ola bilməz:

“Sonda demokratiya üstün gələcək. Yeganə sual mühafizəkarların və Vestminister isteblişmentinin qaçılmaz olanı qəbul etməsinə nə qədər vaxtın lazım olacağıdır”.

Şotlandiya Millətçi Partiyasının lideri və Şotlandiyanın birinci naziri Johnson-a referendum ricası ilə ötən ilin sonlarında müraciəıt etmişdi.

Bu ricada bildirilirdi ki, Britaniyanın 1998-ci il tarixli Şotlandiya qanunu bu vilayətə müstəqillik referendumunun keçirilməsi hüququ verir.

Xanım Sturgeon-un partiyası dekabrda keçirilmiş Britaniya parlament seçkisində Şotlandiyadakı 59 mandatdan 47-sini qazanıb.

Boris Johnson yanvarın 14-də bildirib ki, Şotlandiyanın müstəqilliyi üçün daha bir referendumun keçirilməsi bu bölgədəki iqtisadi durğunluğu daha da dərinləşdirə bilər.

Johnson qəti şəkildə bildirib ki, o Britaniyanın hər hansı hissəsinin ondan ayrılması üçün referendumların keçirilməsinə imkan verməyəcək.

Baş nazir xatırladıb ki, Şotlandiya seçiciləri 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda 55-45 faiz nisbətində Britaniyanın tərkibində qalmağa səs veriblər.

Nicola Sturgeon Johnson-u Şotlandiyanın öz gələcəyini özünün müəyən etməsindən qorxmaqda ittiham edib.

Sturgeon bildirib ki, Şotlandiya parlamenti Britaniyadan ayrılmaq istiqamətində səylərini davam etdirəcək.

Lakin son rəy sorğuları şotlandların yalnız 48 faizinin referenduma tərəfdar olduğunu göstərib.

Şotlandiya millətçiləri ikinci müstəqillik referendumu keçirilməsi məsələsini Britaniyanın Avropa İttifaqından ayrılmasına səbəb olmuş Breksit referendumundn sonra qaldırıblar.

Bu referendumda Şotlandiya seçicilərinin əksəriyyəti Britaniyanın Aİ-də qalmasına səs vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG