ABŞ rəsmiləri ölkənin poçt sistemi ilə partlayıcı qurğular göndərməkdə şübhəli bilinən 56 yaşlı kişiyə qarşı beş ittiham irəli sürüblər.
Oktyabrın 26-da Cesar Altieri Sayoc haqqında qaldırılmış cinayət işi üzrə o, “keçmiş prezidentləri və başqa müəyyən şəxsləri təhdid etməkdə, partlayıcıların nəqlində və partlayıcıların poçtla qanunsuz göndərilməsində” ittiham olunur.
Media qurumlarının yazdığına görə hüquq-mühafizə orqanları bildiriblər ki, Sayoc Florida ştatında Mayaminin 50 kilometrliyindəki Planteyşn şəhərində həbs edilib.
Media bunu da yazır ki, bu şəxsin uzun məhkumluq tarixçəsi var.
Sayoc-un həbsinədək bir neçə gərgin gün ərzində aparıcı demokrat fiqurlara və prezident Trump-ın tənqidçisi kimi tanınan şəxslərə poçt bombası olduğu söylənən 13 şübhəli bağlama göndərilmişdi.
Rəsmilər hələlik bu hərəkətin motivləri barədə heç bir məlumat verməyiblər.
ABŞ poçt sistemi ilə göndərilmiş bağlamaların heç biri ünvanına çatmayıb və partlamayıb.
Baş prokuror Jeff Sessions həbslə bağlı keçirilən mətbuat konfransında deyib ki, nə üçün məhz demokratların hədəfləndiyini bilmir.
Hədəflənənlərin arasında keçmiş prezident Barack Obama və keçmiş dövlət katibi və birinci ledi Hillary Clinton da var.
Oktyabrın 22-də tutulmuş ilk bağlama milyarder George Soros-a ünvanlanmışdı. O Demokratik Partiyanın ən böyük ianəçilərindən biridir.
FTB-nin rəhbəri Christopher Wray deyib ki, şübhəlinin müəyyənləşdirilməsi üçün DNT və barmaq izi sübutlarından istifadə edilib.
Şübhəliyə qarşı ittihamlar hələ irəli sürülməzdən əvvəl prezident Trump hüquq-mühafizə orqanlarının “heyrətamiz işini” təqdir edib. O deyib ki, “bizim ölkəmizdə belə terror hərəkətlərinə yer yoxdur”.
***
ABŞ mediası aparıcı demokratlara bomba göndərilməsi ilə əlaqədar həbs edilmiş şəxsin kimliyini açıqlayıb. Onun 56 yaşlı floridalı Cesar Sayoc olduğu xəbər verilir. Bu da bildirlir ki, onun əvvəllər uzunmüddətli məhkumluğu olub.
O Floridadakı Planteyşn şəhərində avtomobil ehtiyat hissələri mağazasının yanında həbs olunub.
Bundan əvvəl prezident Donald Trump demişdi ki, bu insidenti törədən hər kimsə “çevik və qətiyyətli” şəkildə ədalət qarşısına çıxarılacaq.
Rəsmilər medianın bu məlumatlarını hələlik təsdiqləməyiblər.
***
ABŞ rəsmiləri bildirirlər ki, son günlər aparıcı demokrat fiqurlara və prezident Trump-ın tənqidçilərinə əldqayırma bombaların göndərilməsi ilə əlaqədar bir nəfər həbs olunub.
Oktyabrın 26-da FTB özünün Twitter hesabında yazır ki, “bir nəfərin saxlandığını təsdiq edir”.
Tvitdə bu da bildirilir ki, bu hadisə ilə bağlı Vaşinqtonda yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 22:30-da) mətbuat konfransı keçiriləcək.
Donald Trump deyib ki, bu təhqiqatla bağlı oktyabrın 26-da keçiriləcək gənclər sammitində məlumat verəcək.
Bəzi başqa mənbələr saxlananın 46 yaşı olduğunu xəbər verirlər.
***
Bundan az əvvəl xəbər verilridi ki, ABŞ hüquq-mühafizə orqanları bildirirlər ki, daha iki şübhəli bağlama aşkar edilib. Beləliklə Demokratik Partiyanın aparıcı fiqurlarına və prezident Trump-ın qatı tənqidçilərinə göndərilən şübhəli bağlamaların sayı 12-yə çatıb.
Federal Təhqiqatlar Bürosu oktyabrın 26-da bildirib ki, Floridada Nyu Cersi ştatından demokrat senator Cory Booker-in ünvanına göndərilmiş şübhəli bağlama tapılıb. O Trump-ın daimi tənqidçisidir və bəzilərinin gümanına görə 2020-ci il prezident seçkisində onun rəqibi ola bilər.
Bu arada Nyu York polisi xəbər verir ki, poçt şöbəsində tapılmış partlayıcı qurğu təhqiq edilir. Bu qurğu Milli Kəşfiyyatın keçmiş rəhbəri James Clapper-ə ünvanlanıbmış. O da Trump-ın siyasətlərini kəskin tənqid edir.
Beləliklə, bu iki yeni insident aparıcı demokrat fiqurlara ünvanlanmış əldəqayırma bomba bağlamalarının sayını 12-yə çatdırıb.
Rəsmilər bu hadisənin mümkün motivlərini araşdırırlar.
Hakimiyyət orqanları bildirirlər ki, bu qurğuların partlaması və ya sadəcə xof yaratması üçün göndərildiyi bilinmir.
Bağlamaların hamısı ABŞ poçt sistemi ilə göndərilib, lakin onların heç biri ünvanlarına çatmayıb və partlamayıb.
Bundan əvvəl şübhəli bağlamalar keçmiş prezident Obama-nın və keçmiş dövlət katibi Hillary Clinton-un evlərinə ünvanlanmışdı. Clinton 2016-cı ilin prezident seçkisində Donald Trump-ın rəqibi idi.
Şübhəli bağlamalar habelə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan, keçmiş baş prokuror Eric Holder və Demokratik Partiyanın Kaliforniyadan olan millət vəkili Maxine Waters-ə ünvanlanmışdı.
İlk şübhəli bağlama oktyabrın 22-də milyarder biznesmen George Sorosun evinə göndərilmişdi. O Demokratik Partiyanın ən böyük ianə verənlərindəndir.
Tənqidçiləri Trump-ı özünün ritorikası ilə zorakılığı qızışdırmaqda ittiham edirlər. O isə öz növbəsində “cəmiyyətdəki qəzəbə” görə medianı günahlandırır.