Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 11:48

Bolqarıstanı antikorrupsiya etirazları bürüyüb


Sofiyada etirazlar beşinci gündür ki, davam edir
Sofiyada etirazlar beşinci gündür ki, davam edir

Bolqarıstan paytaxtı Sofiyada baş nazir Boyko Borisovun və hökumətin istefasını tələb edən çoxminlik etirazlar iyulun 13-də beşinci gündür ki, davam edib. Etirazçılar hakimiyyəti korrupsiyada ittiham edirlər.

Etirazların Varna, Burqas və ölkənin ikinci böyük şəhəri Plovdiv də daxil azı daha 10 şəhərdə keçirildiyi xəbər verilir.

Sofiyada hakimiyyəti korrupsiyada və “mafisayağı davranışlarda” ittiham edən etiraz aksiyaları prezident iqamətgahının və Nazirlər Kabinetinin qarşısında keçirilir.

Daha sonra nümayişçilər Daxili İşlər Nazirliyinin qarşısına yönəliblər. Burada onlar polisi bundan əvvəlki aksiyaları dağıdarkən zorakılığa yol verməkdə ittiham ediblər.

Etirazçılar daxili işlər naziri Mladen Marinovun və baş prokuror Ivan Geshev-in də istefasını tələb edirlər.

Prezident Rumen Radev (solda) və baş nazir Boyko Borisov
Prezident Rumen Radev (solda) və baş nazir Boyko Borisov

Baş Prokurorluq prezident iqamətgahına reyd keçirib

Prezident Rumen Radevi və etirazları dəstəkləyən müxalif sosialistlər bildiriblər ki, onlar iyulun 15-də hakimiyyətə etimad səsverməsinin keçirilməsini tələb edəcəklər.

Demokratik Bolqarıstan müxalifət partiyasının həmsədri Hristo Ivanov AzadlıqRadiosuna deyib ki, onların tələbi hökumətin iki həftə ərzində istefası və seçki çağırılmasıdır:

“Küçələrə tökülüşən insanlar dəyişiklik tələb edirlər. Bu dəyişikliyə doğru ilk addım hökumətin istefası və yeni seçkinin keçirilməsi olmalıdır”.

Etirazların alovlanmasına səbəb iyulun 9-da Baş Prokurorluğun prezident iqamətgahına keçirdiyi reyd olub.

Bu reydin gedişində Radevin hüquq məsələləri və antikorrupsiya, habelə təhlükəsizlik və müdafiə üzrə müşavirləri saxlanıblar. Onlar dindiriliblər və ofislərində axtarış aparılıb.

Məhz bu reydin ardınca Sofiyada minlərlə insan etiraz etmək üçün küçələrə çıxıb.

Bu reyddən iki gün sonra prezident Radev, hökuməti və baş prokuroru istefaya çağırıb.

Çox nüfuzlu türk siyasətçi Ahmet Doğan

Radevin ofisində axtarış o, Milli Mühafizə Xidmətinin Hüquq və Azadlıqlar Hərəkatının fəxri lideri Ahmet Doğanı qorumalı olmadığını bəyan edəndən sonra aparılıb.

Milli Mühafizə Xidməti prezidenti, baş naziri və başqa yüksək vəzifəli rəsmiləri mühafizə edən dövlət qurumudur.

Doğan Bolqarıstanda ən nüfuzlu adamlardan biridir. Bir çoxları onun Hüquq və Azadlıqlar Hərəkatını əsasən etnik türk partiyası hesab edirlər.

Bu hərəkat ölkənin ədliyyə sistemi üzərində böyük nüfuza malikdir.

Etirazçıları habelə Milli Mühafizə Xidmətinin adamları Doğanın yay malikanəsinin yaxınlığındakı çimərliyə buraxmaması qəzəbləndirib.

Çimərliyə giriş iyulun 11-də mərkəz-sağçı Demokratik Bolqarıstan müxalifət partiyasının təzyiqi ilə bərpa olunub.

Bolqarıstanda bir müddətdir ki, prezident Radev və Borisovun mərkəz-sağçı hökuməti arasında qarşıdurma yaranıb. Ölkədə növbəti seçki 2021-ci ilin martında keçirilməlidir.

Radev baş nazir Borisovun hökumətini ölkədə geniş yayılmış korrupsiyaya qarşı mübarizə aparmamaqda ittiham edir.

2009-cu ildən bəri fasiləsiz baş nazir olan Borisov deyib ki, onun hökuməti istefa verməyəcək.

XS
SM
MD
LG