Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:00

BMT Təhlükəsizlik Şurası ‘Kerç insidenti’ barədə Rusiyanın gündəliyini rədd edir


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

BMT Təhlükəsizlik Şurası Kerç boğazında baş vermiş insidentin müzakirəsi üçün toplaşdığı təcili yığıncaqda Rusiyanın təklif etdiyi gündəliyi qəbul etməyib.

​ABŞ, Avropa İttifaqı və NATO-nun üzvü olan ölkələr Kerç boğazında baş vermiş insidentdən ciddi narahat olduqlarını bildiriblər. Bu ölkələr habelə Ukraynanı dəstəklədiklərini bəyan ediblər və Rusiyanı həbs etdiyi üç Ukrayna gəmisini, onların heyətlərini azad etməyə çağırıblar.

Rusiya bu iclasın əvvəlində baş vermiş toqquşmanı “Rusiya Federasiyasının sərhədlərinin pozulması” kimi təqdim etməyə cəhd göstərib, lakin Təhlükəsizlik Şurası məsələnin belə qoyuluşunu rədd edib.

Rusiyanın BMT-dəki səfirini əvəz edən Dmitry Polyanski deyib ki, atəşə tutulmuş və həbs edilmiş Ukrayna gəmilərində “Kerç körpüsünü partlatmaq istəyən radikallar” olub. O habelə bildirib ki, gəmi heyətinin arasında Ukrayna xüsusi xidmətinin iki əməkdaşı da var.

Lakin ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, onun ölkəsi və BMT Təhlükəsizlik Şurasıdakı müttəfiqləri Kerç boğazında baş vermiş insidentdən “narahatdırlar” və Ukraynanın suverenliyini tamamilə dəstəkləyirlər.

ABŞ səfiri deyib: “Biz bu təhlükəli eskalasiya olan və Ukraynanın suverenliyini kobud şəkildə pozan hadisədən ciddi narahat olduğumuzu bildiririk”.

Xanım Haley habelə deyib ki, beynəlxalq icma bu “xudbin aktı” pisləməlidir:

"Biz Ukraynanın ərazi suları da daxil beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri içində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Səfir deyib ki, o bu bəyanatı təkcə ABŞ-ın yox, həm də yığıncaqda iştirak edən Fransa, Hollandiya, Polşa, İsveç və Böyük Britaniyanın adından səsləndirir.

Yeri gəlmişkən bu iclasda Rusiyanın təklif etdiyi gündəliyi yalnız Çin, Qazaxıstan və Boliviya dəstəkləyib.

Bu arada NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib ki, alyans Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. O Rusiyanı həbs edilmiş gəmilərin buraxılmasına çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG