Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Zahid Oruc: ‘Azərbaycan BMT-ni niyə saymalıdır?’


Zahid Oruc
Zahid Oruc

BMT Azərbaycana insan haqları sahəsində 259 tövsiyə verib. “Turan”ın xəbərinə görə, tövsiyələr əsasən, söz azadlığının təminatı, seksual azlıqların hüquqları, seçkilərin, referendumun keçirilməsi, saytların bloklanması ilə bağlıdır.

Bu tövsiyələrdə Azərbaycanda İşgəncələr Əleyhinə Konvensiyanın müddəalarının pozulduğu, "siyasi motivli həbslər"in aparıldığı da qeyd olunub.

Azərbaycana onlarla tövsiyənin verilməsi Bakıda necə qarşılanır?

“Məmnunam ki, BMT nəhayət Azərbaycanla bağlı ciddi qərar verdi”

“Dünyadakı ən despotik rejimlərdən biri İlham Əliyevin qurduğu rejimdir. Ona görə də bu tələbləri haqlı sayıram”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir və əlavə edir: “Məmnunam ki, BMT Azərbaycanla bağlı ciddi qərar verdi. Və ölkədə insan haqlarının kütləvi şəkildə pozulması BMT-nin müvafiq strukturlarında da adekvat münasibət gördü. Azərbaycan hakimiyyəti nahaq ümid edirdi ki, onun insan hüquq və azadlıqlarını kütləvi şəkildə pozması beynəlxalq təşkilatlarin uzun illər diqqətindən kənarda qalacaq”.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri bu tələblərin, tövsiyələrin gündəmə gəlməsini hakimiyyətin “sistematik və ardıcıl olaraq” hüquq və azadlıqları “məhv etməsi, minimal həddə endirməsi” ilə bağlayır.

O, konvensiyaların pozulduğunu, ölkə Konstitusiyasının tapdandığını, qanunvericiliyə əməl olunmadığını bildirir və Azərbaycanın sərbəst toplaşmaq, seçib-seçilmək, təşkilatlanmaq, söz azadlıqlarının “dünyada ən çox məhdudlaşdırıldığı 10-15 ölkədən biri olduğunu” iddia edir.

Əli Kərimli son bir ayda beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarına nəzər salmağı təklif edir:

“Əvvəlcə ATƏT, Avropa Şurası Azərbaycandakı seçkilərin saxtalaşdırıldığnı bəyan etdi. Sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin korrupsiya əməli ilə bağlı xüsusi qətnamə qəbul etdi, Səməd Seyidov da daxil olmaqla AŞPA-nın dörd təmsilçisinə sanksiya tətbiq olundu. Daha sonra Avropa Birliyi rəhbərliyi Azərbaycan qarşısında şərtlər irəli sürdü, bu ölkəylə bağlı hər hansı strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının ölkədə ciddi, hərtərəfli demokratik islahatlar həyata keçiriləcəyi, 150 nəfərdən artıq siyasi məhbusun azadlığa çıxacağı təqdirdə mümkün olacağını bildirdi. Və indi də BMT Azərbaycandan hərtərəfli islahat tələb edir. Cəmi bir ay ərzində bütün dünya israrla Azərbaycan hakimiyyətindən islahat tələb edir”.

YAP-çı deputat: “Qərəzli mövqe tuturlar”

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov BMT-nin Azərbaycana 259 tövsiyə verməsi haqda deyilənləri əvvəlcə sükutla qarşılayır, daha sonra xəbərsiz olduğunu söyləyir.

Elman Məmmədov
Elman Məmmədov

Deputat “sizcə, ölkədə insan haqlarının durumu bu qədərmi kritik həddə çatıb ki, onlarla tövsiyə verilir” sualına belə cavab verir:

“Mən hesab edirəm ki, bu qurum ilk növbədə öz fəaliyyətinə nəzər salmalıdır. İnsan haqları ən çox da elə bu qurumu idarə edən dövlətlər tərəfindən pozulur. Həm öz ölkələrində, həm də başqa ölkələrdə. Azərbaycana qarşı qərəzli mövqe tuturlar”.

Zahid Oruc: “Azərbaycan BMT-ni niyə saymalıdır?”

Hakimiyyətyönlü deputat Zahid Oruc isə mühüm beynəlxalq qurumlarda Azərbaycanla bağlı “dəqiq hədəflər üzrə hərəkətlənmə” olduğunu söyləyir.

O da bugünlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qoyulan sanksiyaya toxunur və sual edir:

“Bizi sivil dünyadan izolyasiya etmək istəyənlərin məqsədi doğrudan da, demokratiya adası yaratmaqdır, yoxsa bunun arxasında geosiyasi, siyasi, iqtisadi və başqa maraqlar durur?”

Zahid Oruc əmindir ki, Azərbaycan BMT-nin verdiyi 259 tövsiyənin hamısını yerinə yetirsə belə, tamamilə “Qərbin arzuladığı dövlət” olmayacaq, bunun ardınca başqa tələblərin gələcəyini, hətta ölkə hökumətini formalaşdırmağa, xarici siyasəti formalaşdırmağa cəhdlər göstəriləcəyini iddia edir.

Deputat ölkə daxilində, məsələn, hüquq-ədliyyə sahəsində problemlərin olduğunu etiraf etsə də, ölkə rəhbərliyinin yürütdüyü siyasətdə, hökumətdə dəyişikliklər aparıldığını da qeyd edir:

“Ola bilməz ki, ölkəni bütünlükdə yalnız haqqı tapdanan 5-10 insanın durumuna baxaraq görəsən. Bu qeyri-ciddidir”.

Deputat Zahid Oruc sonda bunu da deyir ki, BMT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrin yerinə yetirilməsinə çalışmırsa, Azərbaycan onu niyə saymalıdır?

“Şantaj edirlər”

AXCP sədri Əli Kərimli beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli olması haqda deyilənləri yanlış adlandırır:

“Hüquq və azadlıq tələb edən hər kəsi də şantaj edirlər ki, ikili standart var. Amma artıq şantaj erası da arxada qalır və daha keçməyəcək”.

Azərbaycanı BMT-də təmsil edən rəsmi nümayəndə heyətinin rəhbəri Xələf Xələfov payızadək bu tövsiyələrlə bağlı cavab hazırlayacaqlarını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG