BMT-nin nüvə gözətçisi – Beynəlxalq Atom Enerjisi Agentliyi noyabrın 3-də bəyan edib ki, Ukraynada yoxlanmış obyektlərdə “çirkli bomba” hazırlanmasına sübutlar tapılmayıb.
Agentliyin bəyanatında deyilir ki, Ukraynanın sözü gedən üç obyektində bəyan olunmayan heç bir nüvə fəaliyyəti baş verməyib.
Söhbət Kiyevdəki Nüvə Tədqiqatları İnstitutundan, Jeltıye Vodıdadkı dağ-mədən zənginləşdimə kombinatından və Dneprdəki Cənub Maşinqayırma Zavodundan gedirdi.
Bu obyektlərdə nüvə təftişi Kiyevin təcili müraciəti əsasında aparılmışdı.
Rusiyanın ittihamı
Bu onunla bağlı idi ki, Rusiya Kiyevi Ukrayna ərazisində “çirkli bomba” partlatmağa hazırlaşmaqda ittiham edirdi.
Moskva iddia edirdi ki, Kiyev bunu etdikdən sonra bombanın partlayışında Rusiyanı ittiham etməyi planlaşdırır.
Kiyev və onun Qərb müttəfiqləri Rusiyanın bu ittihamlarını yalan adlandırmışdılar.
Onlar bildirirdilər ki, Moskvanın bu saxta ittihamı onun özünün belə bir akta hazırlaşmasından xəbər verə bilər.
Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan etmişdi ki, Avropada nüvə silahından istifadə etmək barədə düşünən yeganə şəxs Rusiya prezidenti Vladimir Putindir.
“Çirkli bomba” nüvə silahı deyil
Beynəlxalq Atom Enerjisi Agentliyinin 3 noyabr tarixli bəyanatında deyilir:
"Bizim indiyədək aldığımız texniki və elmi dəyərləndirmə nəticələri heç bir bəyan olunmamış fəaliyyət və material əlamətlərini aşkar etməyib”.
Hələ bu təftişdən əvvəl BMT agentliyi bəyan edirdi ki, Ukrayna müəssisələrində dəfələrlə təftişlər keçirib və razılaşdırılmamış heç bir fəaliyyətin şahidi olmayıb.
Çirkli bomba adlandırılan mərmi radioaktiv izotopların konteynerindən və partladıcı çaxmaqdan ibarətdir. Bu bomba patrtlayarkən böyük ərazilərdə radioaktiv maddələr yayılır.
Belə bombaların partlayış nəticələri təxminən zəif gücə malik nüvə silahlarının nəticələrini xatırladır, lakin texniki baxımdan nüvə silahı hesab olunmur.
Bu cür bombalardan indiyədək istifadə olunmayıb.
Oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir sıra NATO ölkələrindəki həmkarlarına zəng edərək heç bir sübut-dəlil göstərmədən Ukraynanı “çirkli bomba” hazırlamaqda ittiham etmişdi.