Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Rusiya Suriyaya yardımların Türkiyə üzərindən gətirilməsinə qarşı çıxır


BMT-nin baş katibi Antonio Quterres (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)
BMT-nin baş katibi Antonio Quterres (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)

Rusiya Suriyaya humanitar yüklərin Türkiyə üzərindən gətirilməsinə qarşı çıxır

BMT Təhlükəsizlik Şurası iyunun 23-də Suriyada yaranmış humanitar vəziyyəti, habelə bu ölkəyə Türkiyə sərhədi üzərindən humantitar yardım gətirilməsi məsələsini müzakirə etməlidir.

Rusiya Suriyaya humanitar yüklərin Türkiyə üzərindən gətirilməsinə qarşı çıxır.

BMT-nin Təhlükəsizlik Şurası Suriyaya humanitar yüklərin yalnız Türkiyə ilə sərhəddəki Bab əl-Həva keçidindən gətirilməsini təsdiq edib. Bu keçid əsasən müxalifətin nəzarətində olan İdlib qəzasının ehtiyaclarına xidmət edir.

Rusiyanın təklifinə uyğun olaraq qəbul edilmiş BMT qətnaməsində sözü gedən sərhəd keçidinin yalnız 12 ay ərazində açıq olması nəzərdə tutulur. Bu müddət iyulun 10-da başa çatır.

BMT-nin baş katibi Antonio Quterres və bir çox ölkələr sərhəd keçidinin açıq saxlanmasını müdafiə edirlər.

Müşahidəçilər bildirirlər ki, bu məsələ ətrafında 15 üzvü olan Təhlükəsizlik Şurasında ciddi fikir ayrılıqları gözlənilir.

Ötən il bu məsələnin müzakirəsi Təhlükəsizlik Şurasının əksər üzvlərinin Suriya rejiminin müttəfiqləri olan Rusiya və Çinə qarşı çıxması ilə dalana girmişdi.

Moskva yardımın Əsədin “əlindən keçməsinə” çalışır

İyunun 23-də keçiriləcək iclasdan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Quterresə bildirib ki, Moskva Suriyaya humanitar yardımın gətirilməsi üçün Türkiyə sərhəd keçidinə alternativ olmadığına dair BMT və bir çox Qərb ölkələrinin mövqeyinə qarşıdır.

Moskva iddia edir ki, Suriyaya humanitar yüklər münaqişənin cəbhə xətləri üzərindən də gətirilə bilər.

Bu da xəbər verilir ki, Lavrov Quterresə iyunun 23-də keçiriləcək iclasda Moskvanın Türkiyə keçidinin açıq saxlanmasına qarşı çıxacağı barədə şifahi xəbərdarlıq verib.

Lavrov bunu da deyib ki, 2020-ci ilin aprelindən bəri İdlib qəzasına Suriya paytaxtı Dəməşqdən yardım gətirilməsinə ən güclü qruplaşma olan Həyat Təhrir əş-Şam tərəfindən dəfələrlə blok qoyulub.

Rusiya bildirir ki, bu qruplaşma yardımların gətirilməsinə Türkiyənin dəstəyi ilə mane olur.

Lavrov Qərbi “şantajda” ittiham edir

Lavrov humanitar yardımın yalnız Bab əl-Həva məntəqəsindən gətirilməsini tələb edən Qərb ölkələrini “şantajda” ittiham edib.

Bu ölkələr hədələyirlər ki, Bab əl-Həva keçidi bağlanarsa Suriyaya humanitar yardımlar ümumiyyətlə dayandırılacaq.

Rusiya xarici işlər naziri deyib ki, bu məsələdə bundan sonra da avropalılara və amerikalılara güzəştıə gedilməsi BMT-ni, onun nizamnaməsini və Təhlükəsizlik Şurasının qətnamələrini gözdən salır.

Lavrov xatırladıb ki, bu qətnamələrdə Suriyanın ərazi bütövlüyü dəstəklənir.

Ötən il bu məsələnin müzakirəsi kilidə düşəndə BMT rəsmiləri və humanitar qruplar Suriyanın şimalında iki keçid məntəqəsinin açılmasında israr edirdilər.

İyunun əvvəllərində Bab əl-Həva keçidinə baş çəkən ABŞ səfiri Linda Tomas-Qrinfild deyib ki, əlavə sərhəd keçidlərinin açılmasına təcili ehtiyac var.

BMT rəsmiləri qeyd edirlər ki, Suriyaya yardımın cəbhə xətləri üzərindən gətirilməsi sərhəd keçidlərinə alternativ ola bilməz.

Onlar deyirlər ki, Bab əl-Həva keçidi 1.4 milyon insanın ehtiyaclarını ödəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG