Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

ABŞ Təhlükəsizlik Şurasında İrana xəbərdarlıq edir


BMT Təhlükəsizlik Şurası Birləşmiş Ştatların təşəbbüsü ilə İrandakı antihökumət etirazları ilə bağlı vəziyyətin təcili müzakirəsinə başlayıb.

Bu sessiyadan az əvvəl ABŞ-ın təcili iclas çağırışına qarşı çıxan Rusiyanın ricası ilə qapalı müşavirə keçirilib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley sessiyanı İran xalqına rəğbətli müraciətlə açıb və deyib ki, “İran xalqının istədiyini İran hökumətinin verməməyə ixtiyarı yoxdur”, çünki bu, “onların insan haqlarıdır”.

Haley deyib: “İrana xəbərdarlıq verilib: Dünya baxır”.

Bu sessiyadan əvvəl yanvarın 5-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatların İrana dair sessiya keçirilməsi təşəbbüsünü pisləyib. O deyib ki, bu, “İranın daxili işlərinə utanmaz və açıq müdaxilədir”.

Təcili sessiya zamanı Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, ABŞ Təhlükəsizlik Şurasının platformasından sui-istifadə edir və bu, başqa üzv ölkənin daxili işlərinə qarışmaq üçün saxta bəhanədir.

Nebenzya deyib: “Biz təbii ki, o qədər də dinc olmayan nümayişlər nəticəsində insan həyatlarının itirilməsindən təəssüflənirik. Lakin imkan verin İran öz problemləri ilə özü məşğul olsun”.

İranın BMT-dəki səfiri Gholamali Khoshroo deyib ki, “bu şura ABŞ administrasiyasına şuranın mandatına daxil olmayan məsələnin müzakirəsini açmağa yol verməklə özündən sui-istifadə edilməsinə imkan yaradıb”.

Belə görünür ki, başqa ölkələr də ABŞ-ın təcili sessiya çağırışının əleyhinə olublar. Bu ölkələrin əksəriyyəti İranda baş verənləri İranın daxili işi hesab etdiyini bildirib.

Fransanın BMT-dəki səfiri Francois Delattre deyib: “İranda son bir neçə gündə baş verən hadisələr nə qədər narahatlıq doğursa da, bu hadisələr beynəlxalq sülh və təhlükəsizliyə hədə törətmir. Biz bu böhrandan kiminsə şəxsi maraqları üçün istifadə etməsinə diqqətli olmalıyıq. Belə hərəkət arzu olunana tamamilə zidd nəticə verə bilər”.

Ötən həftə ərzində İrandakı antihökumət etirazlarında azı 22 nəfərin öldüyü və təxminən 1000 nəfərin həbs olunduğu xəbər verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG