BMT-nin Suriyadakı nümayəndəsi deyib ki, qiyamçıların nəzarətində olan şərqi Qutaya təcili humanitar yardım daşıyan maşın karvanı, Rusiya da daxil tərəflərin verdiyi təhlükəsizlik təminatına baxmayaraq bombardman edilib.
BMT-nin Suriyadakı koordinatoru Ali al-Za'tari martın 9-da deyib ki, Qutada baş vermiş bu hadisə karvanı risk altında qoyur.
Bundan əvvəl Qırmızı Xaç və Qırmızı Ayparanın 13 maşından ibarət mkarvanı cəbhə xəttini keçdikdən az sonra Suriya qoşunlarının hücumu əsnasında bu ərazinin bombardman edilməsinə görə təhlükəli vəziyyətə düşüb.
İnsident nəticəsində xəsarət alan olmayıb və xəbərlərə görə karvan şərqi Qutadakı Duma ərazisində olan 12 min nəfərə yardımı çatdırdıqdan sonra bölgəni tərk edib.
Suriya hökumət qoşunları son iki həftədə artilleriya və hava zərbələrinin dəstəyi ilə əvvəllər qiyamçıların əlində olan şərqi Qutanın yarısında nəzarətə sahib ola bilib.
Britaniyada mənzilləmiş Suriya İnsan Haqları Müşahidə qrupu və Sərhədsiz Həkimlər təşkilatının verdiyi məlumata görə hökumət qoşunlarının bu hücumu nəticəsində 940-1000 nəfər həlak olub.
Suriya və onun əsas dəstəkçisi olan Rusiya iddia edirlər ki, Qutaya hücum bu rayondan paytaxt Dəməşqin atəşə tutulmasının qarşısı almaq məqsədi güdür.
Hücum əməliyyatı, BMT, Avropa İttifaqı və ABŞ tərəfindən kəskin tənqid olunur.