Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:12

ABŞ-ın BMT səfiri İrana qarşı 'təkzibedilməz sübutların' olduğunu deyir


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

ABŞ-ın BMT-dəki səfiri bildirib ki, Birləşmiş Ştatlar İranın Yəməndəki huti qiyamçılarını silah-sursatla təchiz etməklə BMT qətnamələrini pozduğuna dair konkret sübutlara malikdir.

Dekabrın 14-də Vaşinqton ərazisində adətən silahların nümayiş etdirildiyi hərbi bazada keçirilən mətbuat konfransında Nikki Haley deyib ki, sübutlar “təkzibedilməzdir”.

ABŞ-ın BMT-dəki səfiri daha sonra əlavə edib: "Birləşmiş Ştatlar İrana münasibətdə yeni xətt götürüb. Bu xətt rejimin bütün pozucu davranışlarına diqqət yetirilməsini tələb edir. Bu o deməkdir ki, biz heç də yalnız nüvə proqramını müşahidə etmirik. Biz həm də İranın ballistik raket proqramına, silah ixracına, onun terrorçulara, təmsili döyüşçülərə və diktatorlara dəstəyinə ciddi diqqət yetiririk”.

Ekspozisiyadakı silahların arasında, ABŞ rəsmilərinin dediyinə görə, İranın istehsal etdiyi yaxınmənzilli ballistik raketlərin qalıqları da vardı. Rəsmilər bunların ötən ay Yəməndən Səudiyyə paytaxtı Riyadın yaxınlığındakı hava limanına atılmış raketlərə aid olduğunu bildiriblər. Buradaca Səudiyyə qüvvələrinin Yəməndə aşkar etdikləri dron və antitank silahı nümayiş etdirilib.

Nikki Haley deyib ki, bu silahların da İranda istehsal olunduğunu demək mümkündür.

İranla bağlanmış tarixi nüvə sazişi haqqında BMT qətnaməsində Tehrana Təhlükəsizlik Şurasının icazəsi olmadan hər hansı silahların təchizatı, satışı və tranferi qadağan edilib. Ayrıca BMT qətnaməsində Yəməndəki huti qiyamçılarının silahla təchizatı qadağan edilir.

Səudiyyə Ərəbistanını özünün Yaxın Şərqdə başlıca regional rəqibi kimi görən Tehran silah təchizatı ilə məşğul olduğunu danır. Tehran Haley-in noyabrın 4-də Yəməndən atılmış raket barədə iddialarını da “məsuliyyətsiz, təxribatçı və destruktiv” adlandırıb.

İranın BMT-dəki missiyasının bəyanatında deyilir: “Bu ittihamlar həm də Səudiyyənin Yəməndə ABŞ-ın iştirakı ilə törətdiyi hərbi cinayətləri ört-basdır etmək və beynəlxalq və regional diqqəti yəmənlilərə qarşı təcavüzkar müharibədə yaranmış durğunluqdan yayındırmaq məqsədi güdür”.

Son iki ildə davam edən Yəmən müharibəsində Səudiyyə huti qiyamçılarına qarşı döyüşən hökuməti dəstəkləyir. Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən və ən böyük silah müştərilərindən biridir.

Haley-in bu bəyanatından əvvəl mətbuat BMT-nin Yəmən qiyamçıları tərəfindən atılan raketlərin İran istehsallı olmasına dair araşdırmasının konkret nəticəyə gələ bilmədiyini yazırdı.

The Associated Press və Agence France-Press agentliklərinin verdiyi xəbərə görə raketlərin qalıqlarını araşdıran BMT rəsmiləri onların “eyni mənbədən” olduğunu söyləsələr də, silahların məhz İrandan gəldiyinə dair dəlillər tapa bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG