Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası gedir. Sentyabrın 20-də Rusiya nümayəndə heyəti Litva prezidenti Dali Gribauskaite-nin çıxışını boykot edərək, nümayişkaranə şəkildə zaldan çıxıblar. Gribauskaite daha öncə «Zapad-2017» Rusiya-Belarus birgə hərbi təlimləri ilə bağlı narahatlığını ifadə etmişdi. BMT-dəki çıxışı zamanı isə o bildirib ki, Rusiya öz ordusunu Qərb ölkələrinə hücuma hazırlayır.
Tarixboyu Baş Assambleyada başqa qalmaqallı çıxışlar da olub. Bu barədə Currenttime.TV yazır.
KHRUSHCHEV VƏ AYAQQABI
1960-cı ildə müstəmləkələr məsələsi geniş müzakirə olunurdu. Afrikanın 17 ölkəsi Avropa dövlətlərindən müstəqillik əldə etmişdilər. BMT Baş Assambleyasının 15-ci sessiyasında çıxış edən Sov.İKP MK-nın baş katibi Nikita Khrushchev hələ də müstəmləkələrinin bir hissəsini saxlayan Avropa ölkələrini qınayıb. Ondan dərhal sonra tribunaya qalxan Filippin nümayəndəsi bəyan edib ki, Sovet İttifaqının əsarəti altında olan Şərqi Avropa ölkələrini unutmaq olmaz.
Filippin nümayəndəsinin çıxışı zamanı Khrushchev bir neçə dəfə əlini masaya vurub. Az sonra hər kəs masanın üzərində ayaqqabı tayını görüb. Ancaq bugünədək onun ayaqqabı ilə masaya vurub-vurmadığı haqda vahid fikir yoxdur. Sovet nümayəndə heyətinin üzvləri deyirlər ki, Khrushchev ayaqqabısına düşmüş daş parçasını çıxarmağa çalışırmış. Sonradan BMT əməkdaşlarından biri deyib ki, əslində tribunadan öz yerinə qayıtmaqda olan Khrushchev-un ayaqqabısı ayağından çıxıb və həmin xanım ayaqqabını ona qaytarıb. Guya Khrushchev ayaqqabını dərhal geyinməyib və bir müddət onu əlində oynadıb. Ancaq çoxsaylı şayiələrə görə, Khrushchev ayaqqabısını tribunanın özünə vurmayıb.
ƏN UZUN ÇIXIŞ
Elə həmin 1960-cı ildə Kuba lideri Fidel Castro Baş Assambleya tarixində ən uzun çıxışı edib. 4 saat yarım sürən çıxışda (çıxış limiti isə 15 dəqiqədir) o, ABŞ mətbuatını qınayıb, Amerikanı Kubanın təbii ehtiyatlarının istismarına görə tənqid edib, ABŞ-ı adada dəniz quldurluğu və cinayətkarlığın inkişafında ittiham edib. Castro bundan başqa, ümumilikdə Kuba inqilabının mahiyyətini açıqlayıb. O həmçinin, BMT-nin Afrikadakı fəaliyyətini tənqid edib və Qərb ölkələrini «müstəmləkəçi», «inhisarçı» adlandırıb.
BMT-DƏ ŞEYTAN
2006-cı ildə Venesuela prezidenti Hugo Chavez ABŞ prezidenti kiçik George Bush-u «şeytan» adlandırıb. «Dünən bura şeytan gəlmişdi və buradan hələ də kükürd iyi gəlir», – Chavez öz çıxışını bu sözlərlə başlamışdı. (Bundan bir gün öncə tribunada kiçik Bush çıxış etmişdi). Chavez bu sözlərdən sonra xaç çəkmiş, sonra da əllərini birləşdirərək dua etmişdi.
Chavez bundan başqa, Bush-u terrorçuluğu dəstəkləməkdə ittiham etmiş, onun İraqa müdaxiləyə görə tribunala verilməli olduğunu demişdi. Venesuela prezidenti amerikalı həmkarını psixiatra müraciət etməyə, Amerika xalqını isə tanınmış amerikalı filosof Noam Chomsky-nin «Hegemonluq və yaşamaq uğrunda mübarizə: ABŞ-ın dünya hakimiyyətinə can atması» kitabını oxumağa çağırmışdı.
Chavez-in köhnə dostu Chomsky-nin özü bir neçə il sonra onu hakimiyyətin qəsbində və demokratik azadlıqları boğmaqda ittiham etmişdi.
TÜRK NÜMAYƏNDƏ HEYƏTİ İLƏ DAVA
2011-ci ildə, Baş Assambleyasının 66-cı sessiyası zamanı Türkiyə nümayəndə heyətinin mühafizəçiləri BMT təhlükəsizlik xidməti əməkdaşları ilə dalaşmışdı. O zaman Recep Tayyip Erdoğan Fələstinin statusunun tanınması ilə bağlı iclasa gecikdiyinə görə yolu qısaldaraq qonaqlar üçün nəzərdə tutulmamış qapıdan keçməyə cəhd edib. BMT təhlükəsizlik xidməti isə Türkiyənin baş nazirini həmin qapıdan buraxmaq istəməyib. Dava nəticəsində bir əməkdaş xəstəxanaya yerləşdirilib.
CIRILMIŞ BMT NİZAMNAMƏSİ
2009-cu ildə Liviya lideri Muammar Qaddafi Baş Assambleyadakı saat yarımlıq qalmaqallı çıxışı zamanı BMT Nizamnaməsini cıraraq yuxarıdakı tribunaya atıb, Təhlükəsizlik Şurasını isə «Terrorçuluq şurası» adlandırıb. O, NATO üzvü olan ölkələri «idiot» adlandırıb, onları «əl-Qaidə»ni dəstəkləməkdə ittiham edib.
Qaddafi öz çıxışı zamanı iki tərcüməçi dəyişib. Çıxışın birinci saatı ərzində işləyən tərcüməçilərdən biri yorularaq iştirakçıların qulaqcıqlarına qışqırıb: «Mən daha bacarmıram».
SKYPE-LA ÇIXIŞ
2012-ci ildə məşhur araşdırmaçı-jurnalist, «Wikileaks»in yaradıcısı Julian Assange Ekvadorun Londondakı səfirliyindən Skype-la qoşularaq, Baş Assambleya qarşısında çıxış edib.
O, öz çıxışında Barack Obama administrasiyasını ictimai əhəmiyyətli informasiyanı gizlədiyinə və «Wikileaks» əməkdaşlarını təqib etdiyinə görə qınayıb. Assange-ın özünü ABŞ-da gizli məlumatları dərc etdiyinə görə casusluqda suçlayırlar.
«Prezident Obama-nın sözdə yox, əməldə dünyanı dəyişən qüvvələrə birləşməsinin vaxtı çatıb», - o deyib.
KONSPİRASİYA NƏZƏRİYYƏLƏRİ VƏ YARIBOŞ ZAL
Baş Assambleyanın 2010-cu ildə keçirilən 65-ci sessiyası zamanı İran prezidenti Mahmud Ahmadinejad növbəti dəfə Holokostu şübhə altına alıb, ABŞ xüsusi xidmətlərini Yaxın Şərqə müdaxiləni artırmaq və İsraili müdafiə etmək üçün 11 Sentyabr terror aktının təşkilində ittiham edib.
İran prezidentinin nitqinə cavab olaraq 32 ölkənin nümayəndəsi zalı tərk edib. ABŞ missiyasının mətbuat xidməti isə «miskin konspirasiya nəzəriyyələrini və antisemit təhqirləri» dinləmək niyyətində olmadığını bildirib və İran hökumətini öz vətəndaşlarının azadlıqlarını boğmaqda ittiham edib. Ahmadinejad-ın çıxışından sonra yüzlərlə amerikalı Nyu-Yorkda Baş Assambleyanın binası qarşısında etiraz etməyə toplaşıb.