Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

'Azərbaycanın indi gücünün yalnız buna çatdığını demək məcburiyyətindəyəm'


Ukrayna prezidenti V.Zelenski BMT Baş Assambleyasında çıxış edir
Ukrayna prezidenti V.Zelenski BMT Baş Assambleyasında çıxış edir

Dekabrın 18-də BMT Baş Assambleyasının iclasında Rusiyanın ilhaq etdiyi Krımda insan haqlarının müdafiəsi üçün qətnamə qəbul edilib. Qətnamə qəbul edildiyi andan qüvvədədir. Qətnamənin lehinə 65, əleyhinə 23 ölkə səs verib, 83 ölkə bitərəf qalıb. Azərbaycan isə sənədin nə lehinə, nə əleyhinə səs verib, üstəlik, bitərəf də qalmayıb. Rəsmi Bakı səsvermədə, ümumiyyətlə, iştirak etməyib.

Azərbaycanın qonşularından Ermənistan sənədin əleyhinə, Gürcüstan isə lehinə səs verib.

Məsələyə, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) münasibət almaq mümkün olmayıb.

«Rusiyanın saqqızını oğurlamaq»

Politoloq Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, BMT-nin Krım qətnaməsinə münasibətdə Azərbaycanın sərgiləmiş olduğu mövqe Rusiyaya ilə bağlıdır. Onun fikrincə, bu, Azərbaycan rəhbərliyinin Qarabağ strategiyası kimi də başa düşülə bilər:

H.Hacızadə
H.Hacızadə


«Azərbaycan rəhbərliyinin fikrincə, Qarabağ probleminin həllində hər şey Rusiyanın əlindədir. Onlar hesab edir ki, Qarabağı istəyiriksə, Rusiyanın saqqızını oğurlamaq, onun əleyhinə heç nə etməmək, əleyhinə səs verməmək, söz də danışmamaq lazımdır».

Politoloq vurğulayıb ki, Ukrayna da Azərbaycana lazımdır, O, daim Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. H.Hacızadənin fikrincə, amma Rusiya qarşısında qorxu, Qarabağ məsələsini Rusiyanın əli ilə həll etmək kimi düşüncə haqqında danışılan siyasi davranışa səbəb olur.

«Rusiya Qarabağı bu yolla heç vaxt Azərbaycana qaytarmayacaq»

H.Hacızadə qeyd edib ki, belə hal ilk dəfədir yaşanmır. «Mən bu düşüncə və mövqe ilə qətiyyən razı deyiləm. Rusiya Qarabağı bu yolla heç vaxt Azərbaycana qaytarmayacaq. Azərbaycanı da, Ermənistanı da daim buxovda saxlayacaq. Belə yanaşma səhvdir. Bunun Azərbaycana hər hansı xeyirli sonu olmayacaq», - politoloq əlavə edib.

«Buz yerindən tərpənmir»

H.Hacızadə deyib ki, Azərbaycanla Rusiya arasında geniş danışıqlar aparılır, nümayəndə heyətləri gəlib-gedir, tərəflər bir-birilərinə orden, medal təqdimatı keçirirlər, amma buz yerindən tərpənmir: «Başa düşmək lazımdır ki, ya Rusiya Azərbaycanı tamamilə özünə birləşdirmək istəyir, ya nəsə başqa gözləntisi var. Hətta Rusiya Azərbaycanı özünə birləşdirsə belə, Qarabağı yenə də Azərbaycana qaytarmayacaq. Qarabağ məsələsi daim Azərbaycana və Ermənistana qarşı Rusiyanın əlində buxov olaraq qalacaq».

Q.Hüseynli
Q.Hüseynli

«Rusiya qorxulu qüvvəyə çevrilib»

Politoloq Qabil Hüseynli isə «Turan» agentliyinə deyib ki, indiyə kimi Azərbaycan Krim məsələsində Ukraynaya dəstək verib, Ukrayna da Qarabağ məsələsində Azərbaycanı müdafiə edib. O xatırladıb ki, bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski də Bakıya səfər edib və Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilələr imzalanıb: «Amma etiraf etmək lazımdır ki, Rusiya indi çox qorxulu və təhlükəli qüvvəyə çevrilib. Azərbaycan tərəfi indiki şəraitdə səsvermədə iştirak etməsə belə, bunun özünü də Ukraynanı müdafiə etməyin zəif və passiv forması da olsa, məqbul sayır».

Q.Hüseynliyə görə də, Azərbaycanın qətnaməyə münasibətdə belə mövqe tutması indiki şəraitdə Qarabağ probleminin həllində Rusiyadan müəyyən dəstəyin veriləcəyini gözləməsi ilə bağlıdır: «Bu səbəbdən Azərbaycan ehtiyatlı tərpənir. Mən bunun doğru olduğunu söyləmək istəmirəm. Amma Azərbaycanın indiki halda gücünün yalnız buna çatdığını demək məcburiyyətindəyəm».

Xatırlatma

Qəbul olunmuş qətnamənin əsas müddəaları isə bunlardır:

- Rusiyadan Krımdakı demoqrafiyanı dəyişdirmək siyasətinə son qoyulmasının tələb edilməsi;

- Krımda fəalların terrorizmə dəstək ittihamı ilə mühakimə olunmasının pislənməsi;

- Qanunsuz saxlanmış Ukrayna vətəndaşlarının dərhal azad edilməsinin və onların evlərinə qayıtmasının təmin edilməsinin tələb olunması...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG