ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) fevralın 20-də deyib ki, Vaşinqton İsveç və Finlandiyanın tez bir zamanda NATO üzvü olmasını dəstəkləyir.
Blinken qeyd edib ki, bu ölkələrin Türkiyə tərəfinin tələblərinin yerinə yetirilməsi istiqamətində addımlarını da nəzərə almaq lazımdır.
Hərçənd Ankara hesab edir ki, İsveç onun narahatlıqlarının aradan qaldırılması üçün kifayət qədər konkret hərəkət etməyib.
Bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə müraciəti hazırda Türkiyə tərəfindən əngəllənir.
Ankara bildirir ki, Stokholm onun terrorçu hesab etdiyi şəxsləri himayə etməkdə davam edir.
Türkiyə vurğulayır ki, Finlandiyanın NATO üzvlüyü ilə bağlı sənədləri ayrıca ratifikasiya etməyə hazırdır.
Lakin Stokholm və Helsinki NATO üzvlüyü ilə bağlı prosesi birlikdə keçəcəklərində israrlıdırlar.
Blinken: “Bu Türkiyə ilə bağlı ikitərəfli məsələ deyil”
Reuters agentliyinin məlumatına görə Entoni Blinken fevralın 20-də deyib:
"Finlandiya və İsveç imzaladıqları üçtərəfli memoranduma müvafiq olaraq öhdəliklərini yerinə yetiriblər”.
O əlavə edib ki, ABŞ bu iki ölkənin mümkün qədər tez NATO üzvlüyünə qəbuluna tərəfdardır və NATO-nun Skandinaviyaya genişlənməsi Türkiyə ilə bağlı ikitərəfli məsələ deyil.
Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Blinkenlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, NATO-dakı bütün tərəflər, xüsusilə də İsveçi Türkiyənin narahatlıqlarını aradan qaldırmaq istiqamətində daha çox hərəkətə sövq etməlidirlər.
İsveç qanunları dəyişib, amma...
“Ankara İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunması üçün müvafiq sənədləri bu ilin iyulunda Litvada keçiriləcək sammitə qədər ratifikasiya edəcəkmi” sualının cavabında Çavuşoğlu, “Stokholm daha çox iş görməlidir” deyib:
"İsveç qanunlarını dəyişib, amma biz görürük ki, İsveçdə terrorun maliyyələşdirilməsi, terrora cəlbolunma və təbliğat da daxil hər cür fəaliyyətlər hələ də davam edir. Əgər onlar bizim parlamentimizi və xalqımızı qane edəcək addımlar atsalar, bu istiqamətdə irəliləyiş olacaq”.
İsveç və Finlandiya NATO üzvlüyünə qəbul üçün Rusiya Ukraynaya təcavüz edəndən dərhal sonra müraciət etmişdilər, amma gözlənilmədən Ankaranın müqaviməti ilə üzləşiblər.
Ankara Helsinki və Stokholmdan onun və Avropa İttifaqının terrorçu təşkilat hesab etdikləri Kürdüstan İşçi Partiyası – PKK, habelə Türkiyənin 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında olduğunu iddia etdiyi Fethullah Gülen hərəkatı üzvlərinə qarşı daha sərt davranış tələb edir.
Oslo və Helsinki Türkiyənin bu sahədəki narahatlığının aradan qaldırılması üçün bir sıra addımlar atıblar.
Yanvar ayında prezident Recep Tayyip Ərdoğan demişdi ki, o yalnız Finlandiyanın ərizəsini ratifikasiya edə bilər.