Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:39

Blinken və Paşinyan telefon söhbətində sülh müqaviləsini müzakirə ediblər


Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken (Arxiv fotosu)

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də gecə baş tutan telefon söhbətində Ermənistan-Azərbaycan sülh müqaviləsinə dair danışıqların vəziyyətini müzakirə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Ermənistan hökuməti verib.

Azatutyunun yazdığına görə ABŞ Dövlət Departamenti sentyabrın 13-ə olan məlumata görə bu telefon söhbəti barədə rəsmi açıqlama verməyib.

Paşinyanın mətbuat xidmətinin yaydığı qısa məlumatda deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sülh prosesinə və Ermənistan-ABŞ ikitərəfli gündəliyinə aid məsələləri müzakirə ediblər.

Bundan əvvəl

Azatutyun vurğulayır ki, Paşinyan Blinkenlə bu telefon söhbətindən əvvəl bu həftə Azərbaycanla keçid sülh müqaviləsinin imzalanmasını iki dəfə təklif edib.

Onun təklifinə görə artıq razılaşdırılmış məsələlər üzrə təməl sənədi imzalanmalı, razılığa gəlinməyən məsələlər indilik müqavilədən kənarda saxlanmalıdır.

Rəsmi Bakı bu təklifi rədd edir və bildirir ki, hər hansı yarımçıq sənədin imzalanması onun üçün qeyri-məqbuldur.

Bakı habelə sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyanın dəyişdirilməsini ön şərt kimi qoyur. Azərbaycan rəsmiləri israr edirlər ki, indiki konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer alıb.

Bəzi məlumatlara görə Azərbaycan prezidenti İlham Əliyev Bakının bu ön şərti barədə Blinkenə iyun ayında aralarında olmuş telefon söhbətində məlumat vermişdi.

Blinken isə bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi “yubadılmadan” tənzimlənməlidir.

ABŞ dövlət katibi bunun ardınca – iyul ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşünə ev sahibliyi və vasitəçilik etmişdi. O vaxt danışıqlarda irəliləyişə nail olunmadığı bildirilmişdi.

ABŞ Dövlət Departamentinin sözçüsü daha sonra bildirmişdi ki, Vaşinqton “çətin seçim və kompromislərə getmələri üçün tərəflərə təzyiq göstərir”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG