Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

Blinken və Lavrovun görüşü ‘ümidlə’ başa çatıb


Entoni Blinken (solda) və Sergey Lavrov
Entoni Blinken (solda) və Sergey Lavrov

Görüşdən sonra Sergey Lavrov deyib ki, o bu danışıqlardan sonra “emosiyaların sakitləşəcəyinə” ümid edir

Rusiya və ABŞ-ın ən yüksək vəzifəli iki diplomatı Cenevrədə Ukraynaya dair keçirilən danışıqlarda irəliləyişə nail ola bilməyiblər.

Lakin verilən xəbərlərdə deyilir ki, bu görüş tərəflərə biri digərinin narahatlığını daha yaxşı başa düşməsi üçün yol açılmasında kömək edib.

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Cenevrədə keçirdikləri 90 dəqiqəlik danışıqlarda Rusiyanın NATO-dan tələbləri ilə bağlı Avropada yaranmış müharibə təhlükəsini aradan qaldırmağa çalışıblar.

Hər iki diplomat bildiriblər ki, danışıqlar səmimi keçib və Ukrayna böhranının diplomatiya yolu ilə aradan qaldırılmasına ümid yaradıb.

Blinken bu barədə görüşdən sonra jurnalistlərə bildirib:

"Biz bugün hət hansı böyük irəliləyişin baş verəcəyini gözləmirdik, amma inanırıq ki, indi biz bir-birimizin narahatlığını və bir-birimizin mövqeyini başa düşmək üçün aydın yoldayıq”.

Görüşdən sonra Sergey Lavrov deyib ki, o bu danışıqlardan sonra “emosiyaların sakitləşəcəyinə” ümid edir.

***

ABŞ Dövlət katibi Entoni Blinkenlə rusiyalı həmkarı Sergey Lavrovun görüşü 90 dəqiqə çəkib.

Lavrov görüşdən sonra deyib ki, Birləşmiş Ştatlarla “açıq”, “faydalı”, “səmimi” danışıqlardan sonra “emosiyaların səngiyəcəyinə” ümid edir.

***

Cenevrədə Rusiya və ABŞ baş diplomatlarının görüşü başlanıb.

Dəbdəbəli oteldə rusiyalı həmkarı Sergey Lavrovla üzbəüz oturan ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, Rusiya Ukraynaya təcavüz edərsə, “birgə, sürətli və kəskin” reaksiya ilə üzləşər. Amma o, Vaşinqtonun böhranın diplomatik yolla həllinin tapılmasına açıq olduğunu sözlərinə əlavə edib.

Lavrov isə Rusiyanın danışıqlarda hər hansı irəliləyiş gözləmədiyini vurğulayıb.

Ekspert:"Vəziyyət elə qeyri-müəyyəndir ki, İlham Əliyev..."
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə görüşdən öncə Rusiyanın “heç kəsdən, hətta ABŞ-dan da qorxmadığını” söyləyib. CBS News-un müxbiri ondan soruşub ki, “Ukrayna Rusiyanı qorxudurmu”.

Ukrayna hərbi kəşfiyyatının daha öncə yaydığı məlumata görə, Rusiya fəal şəkildə “muzdlular” yığaraq onları Ukraynanın şərqinə, separatçıların əlində olan ərazilərə intensiv təlimə göndərir.

Facebook-da yayılmış bəyanata görə, Rusiyada regiona gizli şəkildə yanacaq, tanklar, artilleriya, minaatanlar daşınıb.

***

ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 21-də Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Bu görüş Rusiyanın Ukraynaya mümkün təcavüzü sarıdan artan narahatlıq fonunda keçirilir.

Son həftələr Qərblə Moskva arasında bir neçə yüksək səviyyəli görüş baş tutub, amma Şərqi Avropada təhlükəsizliklə bağlı fikir ayrılığını aradan qaldırmaq mümkün olmayıb.

Blinken Cenevrəyə yola düşməzdən öncə deyib ki, danışıqlarda irəliləyiş gözləmir. Onun sözlərinə görə, müzakirələr zamanı “harada olduğumuz dəyərləndiriləcək”, “bu böhranın həllindən ötrü diplomatik yolu davam etdirməyin mümkünlüyü araşdırılacaq”.

Ya diplomatiya, ya qarşıdurma

Rusiya ya “diplomatiya və dialoq”, ya da “qarşıdurma və fəsadlar” yolunu seçə bilər, Blinken yanvarın 20-də Berlinə səfəri zamanı Almaniyanın ZDF televiziyasına deyib.

“Məncə, Rusiyanın bu ziddiyyətləri dialoq vasitəsilə diplomatiya yoluyla həll etmək istəyib istəmədiyini sabah daha çox biləcəyik, azından ümid edirəm ki, sabah daha çox biləcəyik”, – o söyləyib.

Rusiyanın ilhaq etdiyi Krıma və Ukrayna sərhədləri yaxınlığına 100 mindən çox əsgər yığması Moskvanın Ukraynaya qarşı təcavüzə hazırlaşmasına dair narahatlıq yaradıb. Moskva 2014-cü ildə Krım yarımadasını ilhaq edib. Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox ölən olub.

Rusiya isə təcavüz planı olmadığını deyir, eyni zamanda döyüşkən ritorikanı gücləndirir, Qərbdən təhlükəsizlik təminatları tələb edir.

Qərbin Ukraynaya hərbi dəstək göstərməsi də Moskvanı qəzəbləndirir.

Qərb diplomatiya tərəfdarı olduğunu desə də, hər iki tərəfin qətiyyətli mövqeyi ötən həftəki danışıqlarda irəliləyişin əldə olunmasını əngəlləyib.

“Rusiya üçün fəlakət”

ABŞ Prezidenti Co Bayden yanvarın 19-da rusiyalı həmkarı Vladimir Putinin Ukraynaya hücum edəcəyini deyib. Amma onun sözlərinə görə, istənilən hərbi münaqişə “Rusiya üçün fəlakət” olar, Moskva buna görə nəhəng insan, iqtisadi, siyasi itki verər.

Blinken dünən – yanvarın 20-də Berlində, daha öncə isə Kiyevdə görüşlər keçirib. Vaşinqton və müttəfiqləri Rusiyaya, Ukraynaya təcavüz edərsə, böyük iqtisadi və siyasi sanksiyalarla üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Maliyyə naziri Canet Yellen CNBC-yə deyib ki, Vaşinqton Rusiya ilə daha güclü münasibətləri olan avropalı müttəfiqləri ilə işləyir, onların mümkün iqtisadi və maliyyə sanksiyaları ilə bağlı narahatlığını cavab tədbirlərinin hazırlanmasında nəzərə alır.

Ancaq Blinken Vaşinqton və tərəfdaşlarının birlikdə olduğunu, son həftələr amerikalı diplomatların müttəfiqlərlə 100-dən çox görüş keçirdiyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG