Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

Azərbaycanın daha bir sərhədçisi yaralanıb


Azərbaycan-Ermənistan sərhədində (foto arxivdəndir)

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə yerləşən mövqelərinə təxribatların davam etdiyini bildirir.

Qurumun yaydığı açıqlamada qeyd edilir ki, bu gün, iyulun 31-də saat 16:40-da Azərbaycan mövqeləri Ermənistan tərəfdən atə­şə tutulub.

“Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur”, DSX vurğulayır.

Son günlər Azərbaycanla Ermənistan sərhədindən həyəcanlı xəbərlər eşidilməkdədir.

İyulun 27-də və 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə təxribat olduğunu açıqlamışdı.

Həmin açıqlamalarda qeyd edilirdi ki, son günlər döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi, hərbi tibbi yardıma aid avtomobillər atəşə tutulub.

DSX iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində “Qazax”» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.

Ermənistan tərəfi isə iyulun 28-də Azərbaycan tərəfdən açılan atəşdən bir əsgərinin öldüyünü bildirib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG