Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

29 saylı dairənin namizədləri də etiraz edir-yenilənib


Deputatlığa namizədlərdən Bəxtiyar Hacıyev MSK nümayəndəsinə suallar verir, 15 fevral 2020
Deputatlığa namizədlərdən Bəxtiyar Hacıyev MSK nümayəndəsinə suallar verir, 15 fevral 2020

Məzahir Pənahov bəzi namizədləri ittiham edib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu qurumun fevralın 15-də keçirilən iclasında bəzi namizədləri təxribat xarakterli addımlar atmağda ittiham edib. “Seçilməyən bəzi namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”, - deyə Pənahov bildirib.

Qurum sədri daha sonra da əlavə edib:"MSK-nın qarşısında aksiya keçirməsi normaldır. Amma MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq, normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.

Bu gün, fevralın 15-də 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa bir qrup namizədlə MSK-nın şöbə müdiri arasında mübahisə yaşanıb.Namizədlər giriş qapısının önündə aksiya keçiriblər.

***

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisə keçirilmiş seçkilərdə namizəd olanlardan 5 nəfər Mərkəzi Seçki Komissiyasının (MSK) girişinə toplaşıblar. Qurumun giriş qapısının önü bir müddət kəsilib.

Namizədlərdən Bəxtiyar Hacıyev bildirib ki, o hələ fevralın 12-də MSK-ya şikayət təqdim edib. Onun vurğulamasına görə, bu gün fevralın 15-də MSK-dan bildirilib ki, şikayətinə baxılaraq Dairə Seçki Kimissiyasına (DSK) göndəriləcək. B.Hacıyevin qeyd etməsinə görə, buna səbəb kimi ekspert qrupunun prosedur pozuntusu rəyinə gəlməsi olub. Namizədin vurğulmasına görə, ona deyilib ki, bu rəyə əsasən MSK onun şikayətini DSK-ya göndərəcək:

“Bizə deyiblər ki, biz şikayət göndərəndə prosedur qaydasını pozmuşuq, ona görə də şikayət mahiyyət üzrə baxılmır və bizi iclasa dəvət etmədilər. Bu tamamilə qanunsuzdur, hansı qaydanı pozduğumuzla bağlı bizə heç bir rəy verilmir. Bizə bildirilib ki, şikayət mahiyyət üzrə baxılmır. Fevralın 12-də biz şikayətimizi MSK-yə göndərmişik, lakin şikayətimizə baxmırlar. Bu MSK sədri Məzahir Pənahovun saxtakarlığın başqa bir versiyasıdır, o, prezidentin səs verdiyi dairə ilə bağlı bu qədər böyük qalmaqalın yaranmasına səbəb olur. Biz əlimizdə olan protokolları gətirib təqdim etmişik Mərkəzi Seçki Komissiyasına, DSK-yə protokolları təqdim etmişik, orada olan uyğunsuzluqları göstərmişik. Bu dairənin nəticələri ləğv olunmalıdır”.

Bəxtiyar Hacıyev və bir neçə namizəd MSK-nın girişini bir müddət bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Onun bu açıqlamasına, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.

Amma bir qədər sonra bildirilib ki, bu gün, fevralın 15-də keçirilən iclasda 29 saylı Səbail və bir sıra başqa dairələrlə bağlı şikayətlər dairə seçki komissiyalarına göndərilib.

Məzahir Pənahov, arxiv foto
Məzahir Pənahov, arxiv foto

APA agentliyinin xəbərinə görə, iclasda M.Pənahov deyib:

“Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozuntuları olsaydı, beynəlxalq müşahidəçilər bunu dünyaya car çəkmişdi”.

M. Pənahov həmçinin bildirib ki, bizim heç kimdən çəkinəcəyimiz yoxdur:

“Bizim fəaliyyətimiz göz qabağındadır. Hər kəsə şərait yaradırıq ki, gəlib fikrini desin”.

MSK sədri şikayət verən bəzi namizədlərin narahatlığına əsas olmadığını vurğulayıb.

“Amma buna heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlər qanunun tələbinə uyğun şəkildə baxılacaq”.

MSK 29 saylı Səbail dairəsində lider namizəd kimi Ngar Arpadarai-nin adını açıqlayıb.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

Prezident İlham Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG