Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 17:56

‘Hansısa bir məmurun siyahısı’ mətbuat azadlığını boğanda...


Canlı: Günün əsas hadisə və xəbərləri
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Canlı: Günün əsas hadisə və xəbərləri

Bu gün, iyulun 22-də Azərbaycan mətbuatının yaradılmasının 144 ili tamamlanır. Amma “Futbol+” qəzetinin kollektivi Milli Mətbuat Gününü heç də bayram əhval-ruhiyyəsində keçirmir.

Qəzetin redaktoru Mahir Rüstəmli deyir ki, onlar bu gün “var olmaq”, “həyatda qalmaq” mübarizəsindədirlər. Bu ilin aprelindən KİV-in İnkişafına Dövlət Dəstək Fondu qəzetə maliyyə yardımını dayandırıb. Səbəb isə odur ki, yeni qaydalara görə, bu yardımlar ancaq ictimai-siyasi mövzularda yazan qəzetlərə edilir. Mahir Rüstəmli deyir ki, ölkədə azad reklam bazarı olsaydı, yenə ayaqda qalmaq mümkün olardı:

“Dövlət Dəstəyi Fondunun yardımı dayandırması son bir ildə iqtisadi problemlərimizi daha da artırdı. Biz bu gün əməkdaşlarımızın qonararını belə ödəyə bilmirik. Biz indi yalnız ayaqda qalmaq, mövcud olmaq mübarizəsi aparırıq. Belə bir durumda qəzetin keyfiyyəti haqda düşünməyə vaxt qalmır”.

Mahir Rüstəmli deyir ki, xarici ölkələrdə reklamdan, rəqabətli şəraitdə qəzet satışı və abunələrdən olan gəlir bir qəzetin ayaqda durmasına kifayət edir. Bildirir ki, Azərbaycanda da belə şərait olsaydı, onlar heç dövlətin yardımına möhtac qalmazdılar.

Bu gün İlham Əliyev prezidentin ehtiyat fondundan KİV-ə Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılması haqda sərəncam imzalayıb. Tənqidçilər bu yardımları qəzetləri hakimiyyətdən asılı duruma salınması kimi, rəsmilər isə hökumətin mətbuata qayğısı kimi dəyərləndirirlər.

Mətbuat geriləməkdə davam edir

Trend İnformasiya Agentliyinin məlumatına görə, baş nazirin müavini deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur. Mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur. O bildirib ki, bu mətbuata diqqət Azərbaycan hökumətinin diqqət mərkəzindədir:

"Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir".

Ayna qəzetinin redaktoru Elçin Şıxlı isə əksinə düşünür ki, Azərbaycan mətbuatı günü gündən geriyə gedir. Qəzetlərin bütün maliyyə qanyaqları qapadılıb, hökumətdən asılı duruma salınıb. Belə bir durumda isə söz və mətbuat azadlığından danışmaq yersizdir:

“Qəzetlərin oxunması üçün yayım şəbəkəsi olmalıdır, bu yoxdur. Azərbaycanda abunə sistemi isə hansısa bir məmurun göndərdiyi sihayı əsasında işləyir. Həmin siyahıda dövlət idarələrinə tapşırıq gedir ki, filan qəzetlərə abunə olmalısız. Belə bir şəraitdə ayaqda durmaq çox çətindir. Əvvəllər xarici donorlardan maliyyə yardımı almaq olurdu. İndi bu da mümkünsüzdür”.

“Azərbaycan” qəzetinin redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə bildirir ki, onlar heç bir dövlət dəstəyi olmadan, bazar iqtisadiyyatı şərtlərinə uyğun fəaliyyətdədilər. Onun sözlərinə görə, qəzet də bir biznesdir, daha çevik, daha maraqlı mövzulardan yazanlar oxucunu cəlb edər və ayaqda qalar.

“Freedom House” təşkilatının son hesabatında Azərbaycan qonşu Ermənistan və Gürcüstandan fərqli olaraq “qeyri-azad ölkələr” sırasında yer alıb. Hesabatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurslarından istifadə edir. Hökumət rəsmiləri adətən bu cür tənqidləri rədd edirlər.

Bu gün Facebook sosial şəbəkəsində prezident İlham Əliyevin adına olan hesabdan bir post paylaşılıb. Orada yazılır ki, “Bünövrəsi “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımız bu gün Azərbaycanın eşidilən səsidir”.

Bəs, yerli mətbuat Azərbaycanın səsinə çevrilə bilirmi? Ən çox hansı qəzetlər satılır, sadə vətəndaşlar qəzet alıb, oxuyurmu?

Axırıncı dəfə nə vaxt qəzet almısınız?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Bu, Bakı sakinlərinin dedikləri idi. Bəs, rayonlarda durum necədir? Məsələn, 130 min çox əhalisi olan İmişli rayonunda cəmi bir qəzet köşkü var. Həmin köşkdə çalışan Ümüd Səmədov deyir ki, əsasən krosvord, idman və bürclərdən yazan qəzetlər alınır.

Bir rayonda bir qəzet köşkü

"Azərbmətbuatyayımı" ASC-nin İmişli rayonu üzrə sahə rəisi Rövşən Əsədli deyir ki, onlar köşkə ay ərzində 70 adda 1800 nüsxə qəzet verirlər. Bunun 1/3 satılır, qalanı geri qaytarılır. Rövşən Əsədli deyir ki, köşkdən başqa, onlar həm də qəzetləri abunəçilərə yayırlar:

“Abunəçilərimiz əsasən dövlət orqanlarıdır. Yerli icra hakimiyyətləri, müxtəlif dövlət qurumlarıdır”.

Azərbaycan hökuməti mətbuatın inkişafı üçün bütün zəruri addımları atdığını bəyan etsə də, hökumətin tənqidçiləri ildən-ilə bu sahədə durumun ağırlaşdığını bildirirlər.

Azərbaycanda AzadlıqRadiosu da daxil, müstəliq media qurumlarının saytına giriş bloklanıb. Müxalif Azadlıq qəzeti çapını dayandırıb.

Beynəlxalq qurumlar Azərbaycanı söz, ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edir.

Bu ilin aprelində açıqlanan Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 4 pillə geriliyərək, 180 ölkə arasında 166-cı yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG