Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:51

Zabelinin lider olduğu dairədə 8 namizəd şikayətçidir


YAP-ın namizədi Mixail Zabelin

34 saylı Xətai Seçki dairəsində 8 namizəd bu dairədə nəticələrin ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər.

Bununla bağlı fevralın 14-də keçirilən mətbuat konfransında namizədlər bildiriblər ki, Dairə Seçki Komissiyası (DSK) onların şikayətini obyektiv araşdırmayıb. Onlar deyiblər ki, fevralın 13-də 34 saylı Dairə Seçki Komissiyası onların şikayətlərini təmin etməyib.

Onların habelə bildirməsinə görə, bəzi məntəqələrdən müşahidəçilərə verilən protokollardakı səs sayı ilə Mərkəzi Seçki Komissayasının elan etdiyi rəqəmlər üst-üstə düşmür. Namizədlərdən biri Səməd Rəhimli bildirib ki, DSK vaxt azlığını əsas gətirərək seçki pozuntuları ilə bağlı təqim olunan foto və video faktları izləməkdən imtina edib:

“Bu qərar tam asburddur. Heç bir obyektiv araşdırma aparılmadan verilən qərardır...”

34 saylı Xətai Seçki Dairəsindən 18 nəfər deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının ilkin nəticəsinə görə, bu dairədən Yeni Azərbaycan Partiyasının təmsilçisi Mixail Zabelin lider namizəddir.

Amma şikayətçi namizədlər bu dairədə səslərin ləğv olunması üçün kifayət qədər faktların olduğunu iddia edirlər.

Onların bu iddiasını Mərkəzi Seçki Komissiyası da araşdırmalıdır.

Mətbuat konfransında səslənən bu fikirlərə, hələlik, Dairə Seçki Komissiyası və lider namizəddən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb.

Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir.

MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Eyni fikirləri dövlət başçısı İlham Əliyev də bəyan edib.

Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG