Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

'Məhəlləni nəcis bataqlığına çeviriblər'


Kanalizasiya
Kanalizasiya

«Uzun müddətdir ki, arxayınlıqla gətirib nəcisi, sidiyi qapımızın yaxınlığına töküb gedirlər. Danışanda da cavabları bu olur ki, «özbaşına deyilik, bizə nə deyilir, onu edirik». Məhəlləni nəcis bataqlığına çeviriblər. Evlərdə beyin çatladan üfunətdən yaşamaq mümkün deyil».

Bunu AzadlıqRadiosuna Mehdiabad qəsəbəsindəki «Binəqədi Gənclər Şəhərciyi»ndə yaşayan Əlabbas Şəmiyev deyir. Onun sözlərinə görə, nəcis quyularından nasosla çəkilən çirkab sular və nəcis şəhərcikdən təqribən yüz metr aralıdakı qamışlıq əraziyə tökülür.

«BURANI NƏCİS BATAQLIĞINA ÇEVİRİBLƏR»

Sakinlərə bəlli olan odur ki, bu maşınlar həm Mehdiabaddan, həm də ətraf qəsəbələrdən gəlir: «Nə bizim, nə də ətrafdakı yeni salınmış qəsəbələrin kanalizasiya sistemi qurulmayıb. Hamı nəcis quyusu qazdırıb, ayda bir dəfə təmizlətdirir. Quyulardan nasosla çəkilən çirkabları da gətirib binanın yaxınlığına töküb gedirlər. Buranı nəcis bataqlığına çeviriblər. Məktəb də bataqlığın yaxınlığındadır. Uşaqlar hər gün bu bataqlığın böyründən keçib məktəbə gedib gəlir».

Şəhərcik sakini Səməd Əvəzovun deməsinə görə, özbaşınalığın qarşısının alınması üçün yerli icra hakimiyyətinə məktub yazıblar. Ancaq tədbir görülməyib. Proses hələ də davam edir: «Üfunət aləmi bürüyüb. Bundan sonra da yay fəslidir, durum lap ağırlaşacaq. Xəstəlik, həşərat dolu olur burda. Bunu hansı ağılla edirlər, bu göstərişi bunlara kim verir, bilmirik. Harada görülüb ki, yüzlərlə ailənin yaşadığı yerə gətirib haranınsa nəcisini boşaldıb getsinlər? Bu sualı icra hakimiyyətinə də ünvanlamışıq. Hələ ki, maşınlar öz işlərindədir, iki gün əvvəl gətirib yenə boşaltdılar. Bir də görürsən, bir gündə iki-üç dəfə gətirib boşaldırlar».

KANALİZASİYA SİSTEMİ YOXDUR

Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ərazidə göl var. Ətrafdakı çoxlu yeni tikililərin çirkab suları kanalizasiya sistemi olmadığından həmin gölə axıdılır. Ərazidə yaşayış evlərinin artdığı nəzərə alınaraq uyğun qurumlara kanalizasiya sisteminin qurulmasıyla bağlı müraciət olunub: «Ancaq deyirsiz, maşınlar gəlir, çirkab suları ora tökür gedir, bu barədə məlumatımız yoxdur. Əraziyə nümayəndələr göndərərik, araşdırılar, belə bir hal varsa, qarşısı alınar».

Sakinlər «Qaynar xətt»ə bildiriblər ki, aprelin 26-da səhər saatlarında əraziyə yenə çirkab boşaldılıb.

XS
SM
MD
LG