Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

Bin Ladenin anası müsahibə verib: 'Yaxşı uşaq idi...'


Osama bin Laden
Osama bin Laden

Əl-Qaedanın mərhum lideri Osama bin Laden-in anası uzun illər susduqdan sonra nəhayət Qərb qəzetinə müsahibə verib.

Alia Ghanem Guardian qəzetinin müxbiri Martin Chulov-a deyib ki, onun bədnam oğlunu “yoldan çıxararaq ekstremist həyata gətiriblər”.

Avqustun 3-də dərc edilmiş müsahibədə Osamanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində təhsil aldığı illəri xatırlayan xanım Ghanem deyib ki, oğlunu “universitetdəki adamlar dəyişiblər və o tamamilə fərqli bir insana çevrilib”.

Ana oğlunun ekstremistə çevrilməsinə görə Müsəlman Qardaşlığı təşkilatınınü üzvü Abdullah Azzam-i günahlandırıb. Azzam universitet divarları arasında bin Ladenin ruhani məsləhətçisi idi.

Guardian-a Ciddədəki evində müsahibə verən xanım Ghanem deyib ki, o vaxtadək oğlu utancaq, amma bilikli bir gənc olub.

15 yaşlı Osama bin Laden 22 qardaş-bacısı ilə birlikdə İsveçdə tətil zamanı (1971)
15 yaşlı Osama bin Laden 22 qardaş-bacısı ilə birlikdə İsveçdə tətil zamanı (1971)

"O çox yaxşı uşaq idi. Sonradan, 20 yaşlarında olanda bəzi adamlar onun beynini yudular. Siz buna pərəstiş də deyə bilərsiniz. Amma onların öz amallarını həyata keçirmək üçün pulları vardı. Mən ona həmişə deyirdim ki, o adamalardan aralı dur. O mənə etdikləri barədə heç nə deməzdi, çünki məni çox sevirdi”.

Birləşmiş Ştatlar 2001-ci ildə Talibanın hakimiyyəti altında olan Əfqanıstana hərbi müdaxilə etdi, çünki bu hökumət 11 sentyabr terror hücumlarına əmr vermiş bin Ladeni himayəsi altına almışdı.

Taliban hakimiyyətdən devrildikdən sonra, bin Laden Pakistanın şimalındakı Abbotabad şəhərində gizlənirdi. O həmin şəhərdəki iqamətgahına 2011-ci ildə ABŞ dəniz piyadaları tərəfindən keçirilmiş reyd zamanı öldürülüb.

Guardian müxbiri yazır ki, bin Laden ailəsi Səudiyyə Ərəbistanının ən zəngin və mötəbər ailələrindən biri olaraq qalır, lakin ailə hakimiyyət orqanlarının daimi nəzarəti altındadır.

Jurnalist Martin Chulov yazır ki, ana heç vaxt oğlu üçün ədalətli hakim ola bilməz.

11 sentyabr terror aktlarından illər keçsə də, o buna görə oğlunu yox, onu yolundan çıxarmış “ətrafındakıları” lənətləyir.

Məhz buna görə də jurnalist Alia Ghanem-in müvəqqəti olaraq otaqdan çıxmasından istifadə edib və bin Ladenin qardaşları ilə danışıb.

Onlardan biri deyib:“Mən Nyu Yorkdan gələn xəbərləri eşidəndə şoka düşdüm və quruyub qaldım. Biz lap əvvəlindən bildirdik ki, bu Osama-nın işidir. Biz bilirdik ki, hamımız bunun dəhşətli nəticələrini çəkəcəyik. Xaricdəki ailə üzvlərimiz hamısı Səudiyyəyə qayıtdı”.

Chulov yazır ki, o vaxt bin Laden ailəsi Suriya, Livan, Misir və Avropada yaşayırdı.

Səudiyyədə onların ölkədən çıxışına qadağan qoyulmuşdu. Hüquq-mühafizə orqanları bütün ailə üzvlərini dindirmişdilər. Amma hadisədən az qala iyirmi il keçəndən sonra bin Laden ailəsinə az-çox sərbəstlik verilib.

Hamza bin Laden
Hamza bin Laden

Guardian-da dərc edilmiş məqalədə deyilir ki, Alia Ghanem-lə müsahibənin alınmasına Səudiyyənin yeni rəhbəri Mohammed bin Salman etiraz etməyib. Bu da qeyd olunur ki, o Qərbi bin Ladenin hökumət tərəfindən dəstəklənmədiyinə inandırmağa çalışır.

Chulov yazır ki, bin Ladenin Parisdə yaşayan anabir bacısı anası ilə müsahibə aparılmasına etiraz edirdi və jurnalistə bu barədə e-mail də yazmışdı. O deyirdi ki, anasının bu müsahibəni verməsi üçün ona təzyiq göstəriblər.

Amma Alia Ghanem deyib ki, onun özü danışmaq istəyir və imkan olsaydı bundan da çox danışa bilərdi.

Martin Chulov ailə ilə söhbəti zamanı bin Ladenin kiçik oğlu, hazırda Əfqanıstanda olduğu düşünülən 29 yaşlı Hamza barədə də sual verib. Onun adı ötən il qlobal terrorçu siyahısına daxil edilib.

Əmilərindən biri deyib ki, Hamza atasının qisasını almağa söz verib:

“Əgər Hamza indi qarşımda olsa ona deyərdim: Allah özü səni düz yola gətirsin, etdiklərin barədə yaxşı-yaxşı düşün. Atanın addımlarını təkrarlama. Sən öz qəlbinin ən dəhşətli hissələrinə qədəm qoyursan”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG