Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:50

Bill Gates-in oxumağı məsləhət gördüyü beş kitab


Bill Gates

Independent yazır ki, o dünyanın ən zəngin və uğurlu insanlarından biridir və Microsoft şirkətinin rəhbərliyi kimi bir yükü çiyinlərindən atdıqdan sonra, belə görünür, kitab oxumağa daha çox vaxt tapır.

Texnologiyalar veteranı özünün Gates Notes bloqpostunda nüfuzlu tənqidçilik də edir. Bill Gates artıq beşinci ildir ki, hər il özünün bədii zirvə hesab etdiyi beş kitabın siyahısını dərc edir.

Gates yazır: “Qiraət mənim maraq aclığımı doyduran sevimli əyləncəmdir. Çox sayda maraqlı insanlarla tanış olmaq, işimlə əlaqədar ecazkar yerləri gəzmək qismətim olubsa da, düşünürəm ki, kitab insanı maraqlandıran yeni sahələri araşdırmağın ən yaxşı vasitəsidir”.

Gates-in son siyahısındakı ilk kitab Thi Bui-nin “Görə biləcəyimiz ən yaxşı iş” (The Best We Could Do) avtobioqrafik romanıdır.

Bu romanda söhbət valideynlər və övladlar arasındakı mürəkkəb münasibətlərdən bəhs edir. Müəllif öz təcrübəsindən çıxış edərək uşaq böyütməyin nə qədər çətin bir iş olduğunu yazır.

Gates-in fikrincə valideynləri və ya uşaqları ilə mürəkkəb münasibətləri olanlar üçün bu çox yaxşı bir əsərdir.

Gates-in seçdiyi ikinci kitab Matthew Desmond-un “Evdən çıxarılmış: Amerika şəhərində yoxsulluq və mənfəət” (Evicted: Poverty and Profit in the American City) kitabıdır.

Bu kitabda Amerikanın çox vaxt görünməyən tərəfi təsvir edilib. Bu ölkədə yoxsulluq içində yaşayan minlərlə amerikalı hər il evlərindən çıxmalı olur.

Eddie Izzard-ın avtobioqrafik “İnan mənə: Sevginin, ölümün və caz cücələrinin memuarı” (Believe Me: A Memoir of Love, Death, and Jazz Chickens) kitabı Gates-in siyahısında üçüncüdür.

Bu əsərdə transvestit məzhəkəçi fərqli olmağın və kütlədən kənarda qalmağın mümkünlüyünü isbat edir.

Gates yazır ki, özünü həyatının hər hansı bir məqamında təklənmiş hesab edənlər bu kitabdan çox nəticələr çıxara bilərlər.

Gates qeyd edir ki, bu kitabı oxuduqdan sonra özünün bu komik obraza nə qədər yaxın olduğunu anlayıb.

Tarix çox vaxt birtərəflidir və bəlkə də elə buna görə Viet Thanh Nguyen-in “Pərəstişkar” (Sympathizer) kitabı Gates-i valeh edib.

Bu kitabda Vyetnam müharibəsinə vyetnamlının gözləri ilə baxılır.

Və nəhayət Gates, Vaclav Smil-in “Enerji və bəşəriyyətin tarixi” (Energy and Civilization: A History) kitabının adını çəkir.

Bu kitabda keçmişə və gələcəyə baxışla bərpa olunan enerji növlərinə ehtiyacdan söhbət açılır.

Gates yazır ki, bu kitabların hər biri sizə yeni sahələri öyrənmək və ətrafınızdakı aləmi daha yaxşı dəyərləndirmək imkanı verəcək.

Odur ki, ilin bu soyuq günlərində küçədə donmaqdansa, isti evinizdə Gates-in məsləhət gördüyü kitabları oxuyun.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG