Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:08

Biləsuvarda icra hakimiyyəti önünə toplaşanlardan 7-si tutulub


Biləsuvar Rayon İcra Hakimiyyəti
Biləsuvar Rayon İcra Hakimiyyəti

Bugün, mayın 5-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri mayın 4-də Biləsuvar Rayon İcra Hakimiyyəti önündə baş verən olaylarla bağlı birgə açıqlama yayıb.

"Saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar. Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər".

Rəsmi açıqlamaya görə, həmin vaxt 7 nəfər saxlanıb: "Onlardan 2 nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib".

Saxlanan şəxslərin adları açıqlanmır.

Bu açıqlamaya, hələlik, Biləsuvar Rayon İcra Hakimiyyətinin önünə toplaşıb yardım istəyən adamlardan münasibət almaq mümkün olmayıb.

Saxlananlardan cinayət işi açılanlara, ittiham təsdiqini taparsa, 3 ilə qədər həbs cəzası verilə bilər. Haqlarında inzibati protokol tərtib edilənlər isə ittiham təsdiqləndiyi halda ya 15 sutkaya kimi həbs edilə, ya da cərimələnib buraxıla bilərlər.

Biləsuvar icra hakimiyyətinin önündə narazılıq

Mayın 4-də bir qrup yerli sakin Biləsuvar Rayon İcra Hakimiyyətinin önündə toplaşıb.

Bu barədə "Turan" agentliyinə rayon sakinlərinin özləri məlumat verib. Onların sözlərinə görə, yüzə yaxın insan icra hakimiyyətinin önünə sosial yardım tələb etmək məqsədilə toplaşıb.

Verilən məlumata görə, aksiya iştirakçıları maddi vəziyyətlərinin pis olduğunu bildiriblər. "Əhali acından ölür. Vəziyyət pisdir. Qoy hamı görsün, nə zülm edirlər bizə", - yerli sakinlərdən biri vurğulayıb.

Qeyd edildiyinə görə, aksiya iştirakçıları icra hakimiyyətinin binasına keçmək istəyiblər, ərazidə olan polislər bunun qarşısını alıb.

Məlumatda habelə vurğulanıb ki, polislərlə sakinlər arasında yaranmış qarşıdurma nəticəsində bir neçə şəxs xəsarət alıb.

Bir nəfər saxlanıb

Agentlik bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. E.Zahidov bildirib ki, Biləsuvar rayonunda bir qrup vətəndaş icra hakimiyyətinin önündə toplaşmağa cəhd edib: "Ərazidə olan polis əməkdaşları həmin vətəndaşlarla maarifləndirici söhbət aparıb və bundan sonra vətəndaşlar ərazidən uzaqlaşıb. Polisə müqavimət göstərən yalnız bir vətəndaş saxlanıb. O, polis əməkdaşına xəsarət yetirib. Bununla bağlı materiallar toplanıb araşdırma aparılır. Vətəndaşların arasında xəsarət alan olmayıb".

Amma bu deyilənlərə, hələlik, aksiya iştirakçılarından münasibət almaq mümkün olmayıb.

Məsələyə Biləsuvar Rayon İcra Hakimiyyətindən də münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamıyla üzləşib. M.Quliyev xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini mənimsəməkdə şübhəli sayılır.

Onun və vəkilinin, hələlik, bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG