Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:58

Bibiheybət yolu bağlanıb


Bibiheybət yolunda sürüşmə
Bibiheybət yolunda sürüşmə

Sürüşmələrin əsas səbəbi insandır-baş mühəndis

«Ümumiyyətlə, Bayıl ərazisi sürüşməyə meylli ərazi olduğundan ciddi nəzarətdə saxlanır. Ərazidə daha əvvəl - 2018-ci ilin fevralında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, ərazidə baş verən sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək olmasa da, bir müddət əvvəl - oktyabr ayında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınmışdı. «Ötən gün, noyabrın 24-də axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan ərazidə sürüşmə baş verib. Təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb».

Ə.Qaralova görə, sürüşmənin baş verməsinə əsas səbəb insan amilidir ki, sürüşməyə meylli olan ərazidə evlər tikilir, kommunikasiya, kanalizasiya xətləri çəkilir: «Bütünlükdə isə bütün dünyada baş verən sürüşmələrin 80 faizi insan amili ilə bağlıdır».

Ə.Qaralovun fikrincə, baxmayaraq ki, layların yatımı qərb istiqamətinədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur, atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artır və sürüşmə baş verir.

Ə.Qaralov ötən il Badamdar ərazisində sürüşmənin qarşısının alınması üçün ovaxtkı Bakı şəhər rəhbərliyinin Yaponiyadan mütəxəssislər dəvət etməsi məsələsi ilə bağlı isə bunları deyib: «Heç bir dəyişiklik olmadı. Biz yamacda terras (Dərə yamacları, göl və dəniz sahillərinin pilləvari relyef formaları) işi görülməsini irəli sürmüşdük, hazırda Fövqəladə Hallar Nazirliyi həmin sürüşmə sahəsində terras işi görür».

+++

Noyabrın 24-dən 25-nə keçən gecə Bibiheybətdən paytaxta gediş istiqamətində torpaq sürüşməsi baş verib və yolun bir hissəsi tamamilə dağılıb.

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də təsdiqləyib.

A.Nəcəfli bildirib ki, bu hadisə «Bibiheybət» məscidindən aşağıdakı hissədə sürüşmə nöqtəsində baş verib: «Təbii ki, sürüşmədir. Sürüşmə nöqtələrində biri də həmin ərazidən keçir. Əməkdaşlarımız bir-iki gün öncə həmin ərazidə yolda çatların əmələ gəlməsini müşahidə ediblər, həmin ərazi nəzarətə götürülüb. ​

Sürüşmə
Sürüşmə


Ötən gün (noyabrın 24-ü) axşam saatlarından həmin ərazidə çatların böyüdüyü aşkarlandı. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildi, yolun hərəkət üçün bağlanması qərara alındı. Noyabrın 24-ü axşam saat 19:20 radələrində yol hərəkət üçün tamamilə bağlanıb. Səhərə yaxın isə sürüşmə baş verib. Agentliyin və aidiyyəti qurumların əməkdaşları hazırda ərazidədir, əraziyə baxış keçirilir, tədbirlər müəyyənləşdirilir».

A.Nəcəfli deyib ki, sürüşmə yolun 100 metrlik hissəsindədir, bir hərəkət zolağı tamamilə dağılıb: «Amma bu o demək deyil ki, digər hərəkət zolaqları üçün təhlükə yoxdur. Yolun həmin hissəsinin tamamilə dağılmasını və yağışlı havaların davam etməsini nəzər alaraq, təhlükəsizlik baxımından yola giriş tam olaraq məhdudlaşdırılıb».

Mətbuat xidmətinin rəhbəri təmirin nə zaman başa çata biləcəyini indidən söyləməyin mümkünsüz olduğunu vurğulayıb.

Hadisə yerinə rəsmi şəxslər gəlib.

XS
SM
MD
LG