Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:58

Beynəlxalq Bankın rəhbərliyi qaytarılmayan milyardlar barədə nə deyir?


Azərbaycan Beynəlxalq Bankı

Keçmiş deputat Dünyamin Xəlilovun yaratdığı müxtəlif şirkətlərin adına Beynəlxalq Bankdan götürülüb qaytarılmayan milyonlar manatlıq kreditlərin hansı əsasla verilməsi bu dəfə bankın məsul şəxslərindən olmuş Akif Əliyevdən soruşulub.

O, aprelin 8-də Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, onun bacanağı Hidayət İsmayılzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin məhkəməsində şahid qismində ifadə verib.

Akif Əliyev 2001-ci ildən 2011-ci ilədək bankın Kredit Komitəsinin sədri, 2015-ci ilə qədər bankın baş direktoru, daha sonra Problemli Kreditlər Komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir.

Dünyamin Xəlilovun şirkətlərinə kreditlər əsasən, o, Kredit Komitəsinə rəhbərlik etdiyi dövrdə verilib. Bu bankda böyük məbləğdə kreditlər də ancaq Kredit Komitəsinin razılığından sonra verilirdi.

“Mən Kredit Komitəsində işləyəndə ən yüksək limit 2 milyon 400 min manat olub. Bundan yuxarı pul verilməyib. Bank müxtəlif layihələri maliyyələşdirirdi. Layihələrin əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də deyirdi ki, “Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin”. Biz də tapşırığı icra edirdik”, – Akif Əliyev belə deyib.

“Sistem açıq idi”

Hakim xatırladıb ki, Akif Əliyev Beynəlxalq Bank işi üzrə illərdir davam edən istintaqda ən çox dindirilən şəxslərdən biridir.

Bu iş üzrə bundan öncə məhkəmədə dindirilən şahidlərin əksəriyyəti də şirkətlərə kredit ayrılması göstərişini ondan aldığını deyib: “Ona görə də bildiklərinizin hamısını danışın”.

Akif Əliyev yenə də əvvəl danışdıqlarını təkrarlayıb. Belə olan halda, hakim ondan konkret soruşub ki, bəs onun özü kreditlərin ayrılması göstərişini kimdən alıb?

Akif Əliyev göstərişi Cahangir Hacıyevdən aldığını söyləyib.

Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavinləri olmuş Qubad Hüseynov, Əsgər Məmmədov, bankın hüquq idarəsinin baş hüquqşünası, müdir müavini Elçin Əfəndiyev də şahid qismində dindirilib.

İttihamda yazılıb ki, Dünyamin Xəlilovun şirkətlərinə milyonlar manatlıq kreditin ayrılması Cahangir Hacıyevin göstərişilə həyata keçirilib, bankın Müşahidə Şurasının bunlardan xəbəri olmayıb. Çünki qaydalara görə, bank 1.5 milyondan yuxarı kredit ayıranda mütləq Müşahidə Şurasının da razılığı olmalıdır. Müşahidə Şurası Maliyyə Nazirliyi və digər dövlət orqanlarının vəzifəli şəxslərindən ibarətdir.

Qubad Hüseynov bildirib ki, bankın əməliyyatlarıyla bağlı sistem açıq və Müşahidə Şurasının üzvləri üçün əlçatan idi: “Onlar istədikləri vaxt, oradakı əməliyyatlara baxa bilərdilər”.

İttihamda o da yazılıb ki, bir sıra şirkətlərə milyonlarla kreditlər ayrılıb, sonradan Kredit Komitəsinin həmin əməliyyatlarla bağlı qərarı köhnə tarixlə alınıb. Qubad Hüseynov bunu da təsdiqləyib.

O etiraf edib ki, bəli, Kredit Komitəsinə rəhbərlik etdiyi dövrdə bəzi hallarda əvvəlki tarixlərə qərarlar imzalayıb. Bu, o hallarda olub ki, həmin vaxt o, ezamiyyətdə, xarici səfərdə olub, gələndən sonra imzalayıb:

“Həmin kreditlər də bankın özünün həyata keçirdiyi layihələrlə bağlı olub”.

Məhkəmə prosesi aprelin 15-də davam edəcək.

Xatırlatma

Hazırda Beynəlxalq Bank işi üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddələri ilə ittiham irəli sürülüb.

Cahangir Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

İttihamda yazılıb ki, Cahangir Hacıyevin tapşırığı ilə Dünyamin Xəlilovun rəhbərlik etdiyi “General Construction”ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG