Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Beynəlxalq Bank məhkəməsində yeni simalar – baş həkim, şərqşünas…


Şəki şəhər Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mahir Qafarov da Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilovla birlikdə məhkəmə önündə dayananlar arasındadır. Onun da adına Beynəlxalq Bankdan kredit götürülüb – 125 min manat.

CM-in 179-cu (mənimsəmə) maddəsilə mühakimə olunan Mahir Qafarov fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərək, Cahangir Hacıyevgillə necə işə başlaması, pulun götürülməsi barədə danışıb.

Mahir Qafarov deyir ki, baş həkim vəzifəsindən çıxandan sonra sığorta şirkətində işləyib. Əvvəldən həm Cahangir Hacıyevi, həm də Dünyamin Xəlilovu yaxından tanıyırdı:

“Hər ikisi Şəkiyə gələndə xəstəxanaya baş çəkirdilər. 2011-ci ildə sığorta şirkəti bağlandı, Cahangir Hacıyevə iş üçün müraciət etdim. Sonra Dünyamin Xəlilovla görüşdüm, məni işlə təmin etdi. 2012-ci ildə Şəkidə yerləşən “Greenhill hotel”in müdiri oldum”.

İxtisasca göz həkimi olan Mahir Qafarov deyir ki, adına 125 min manat kredit götürülməsindən 2015-ci ildə onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıranda xəbər tutub. Dediyinə görə, otelin möhürü də onda olmayıb, sənədlərə də müavini Dünyamin Xəlilovun göstərişi əsasında imza atıb.

Təqsirləndirilən Ramin Əhmədov da bir çox başqa təqsirləndirilənlər kimi, Dünyamin Xəlilovun “General Construction” şirkətində işləyib.

Bir müddət sonra sabiq deputat onun adına “Pərvanə” MMC-ni yaradıb. Ramin Əhmədov deyir ki, ixtisasca hüquqşünasdır. O, “General Construction”da turizm, idman departamentinin rəhbəri idi. Azərbaycanın regionlarında olan idman klublarına sponsorluq edirdilər:

“Zaqatalada “Simurq” futbol klubuna, Şəkidə voleybol klublarına yardım edirdik. Sonradan mən hərbi xidmətə yollandım”.

Beynəlxalq Bankdan “Pərvanə” MMC-nin adına götürülən kreditlər haqda danışan Ramin Əhmədov deyir ki, Dünyamin Xəlilovun göstərişiylə müqavilələrə qol çəkib: “Mən bankdan kredit götürməyə belə, getməmişəm. Sadəcə, sənədləri imzalamışam”.

Ramin Əhmədov onu da deyir ki, bankdan götürülən vəsaitə müəyyən müəssisələr qurulub, məsələn, xaricdən kolbasa və sosiska istehsalı üçün lazım olan avadanlıqlar gətirilib:

“Dəqiq məlumat var ki, həmin avadanlıqlar gömrükdən keçib, gətirilib. Amma bu barədə sənədləri bizə vermirlər. Baxmayaraq ki, bu şirkət gətirib onları. Xahiş edirik, məhkəmənin adından sorğu göndərilsin, bu barədə sənədlər alınsın”.

KREDİT FORMASI AVTOBUSLA GÖNDƏRİLİRMİŞ

Başqa bir təqsirləndirilən - Nəvai Şirinov bildirib ki, Dünyamin Xəlilovu 2005-ci ildə deputatlığa namizəd olan vaxtlardan tanıyırdı. Onunla Zaqatala şəhərində tanış olmuşdu. Şirinovun dediyinə görə, 2007-ci ildə Xəlilov onu yanına çağıraraq “Alfa Construction” MMC təsis edildiyini, həmin cəmiyyətin sifarişi ilə Beynəlxalq Bankdan götürüləcək kredit vəsaiti hesabına Zaqatalada köhnə kərpic zavodunun yerində yeni yaşayış binaları tikiləcəyini bildirib, adıçəkilən şirkətə direktor təyin etmək istədiyini deyib:

“Bu vəzifəyə məni Dünyamin Xəlilov gətirib. Direktor işlədiyim dövrdə 300-600 manat əməkhaqqı almışam. Biz tikinti ilə məşğul olmuşuq. Sonradan mən “Kənan İnşaat” şirkəti ilə işləməyə başladım, Beynəlxalq Bankdan adıma kredit götürülüb. Bütün kredit müqavilələrinə Dünyamin Xəlilovun göstərişi ilə gedib imza atmışam”.

Nəvai Şirinov deyir, kredit müqaviləsi hazır formada avtobusla Zaqatalaya göndərilirdi, o da imzalayırdı:

“Beynəlxalq Bankdan adıma 23 milyon 53 min manat kredit götürülüb. İttihamda yazılıb ki, 2 milyondan çox şişirtmə olub. Həmin pulları mənimsəməkdə təqsirləndirilirəm. Bununla razı deyiləm. O pulları ödəmək fikrim də yoxdur”.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və İqtisadiyyat Universitetini bitirib, uzun müddət ərəb ölkələrində işlədiyini, xarici iqtisadi əlaqələrlə məşğul olduğunu deyən Camal Həsənov da bu iş üzrə təqsirləndirilən şəxslərdən biridir. Deyir ki, 2004-cü ildə işsiz qalanda Cahangir Hacıyevə zəng edərək iş istəyib. Onu 1990-cı illərdən tanıyırdı:

“Həmin vaxtlarda “General Construction”sın rəhbəri Dünyamin Xəlilov idi. O, millət vəkili seçildikdən sonra 2006-cı ilin mart ayında direktor təyin olunmuşam. Yerli və xarici firmalarla danışıqlarda iştirak edirdim. Əsas vəzifəm mal-materialların alınması, gömrük məsələləri, işçilərin fəaliyyətinə nəzarətdən ibarət olub. Maliyyə və kadr məsələlərinə qarışmamışam”.

8 milyondan artıq pulu mənimsəməkdə ittiham olunan Camal Həsənov özünü təqsirli bilmir:

“Pulların hansı istiqamətə xərclənməsini bilməmişəm, bütün bu məsələlərdən tamamən kənardayam. Özümü təqsirli bilmirəm. Mənim əlim pula dəyməyib, pul mənimsəməmişəm. Formal olaraq direktor olmuşam”.

Beynəlxalq Bankla bağlı məhkəmə araşdırmaları fevralın 25-də davam edəcək.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

İndi məhkəmədə baxılan ikinci cinayət işində Cahangir Hacıyevə verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və başqa ittiham maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cahangir Hacıyev özünü təqsirli bilmir.

Hazırda onunla birlikdə mühakimə olunan şəxslərdən keçmiş deputat Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Cahangir Hacıyevin bacanağı İ.Hidayətzadəyə isə 7 il həbs cəzası verilmişdi. Ali Məhkəmə bu cəzanı 5 ilə endirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG