Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:44

BVF Azərbaycanda struktur islahatlarına ehtiyac olduğunu düşünür


IMF
IMF

Beynəlxalq Valyuta Fondu (IMF) nizamnaməsinin IV maddəsi üzrə missiyanın Azərbaycana dair hesabatı yayımlanıb. Həmin nizamnaməsinin IV maddəsi çərçivəsində məsləhətləşmə və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar həyata keçirilir. Budəfəki missiya 2021-ci ilin aprel və may aylarında virtual olaraq gerçəkləşdirilib.

Qurumun hesabatında bildirilir ki, ölkə iqtisadiyyatının məhsuldarlığının artırılması və dayanıqlı inkişaf üçün Azərbaycanda struktur islahatlara ehtiyac var. IMF analitiklərinin fikrincə, Azərbaycanda bu fəaliyyət daha çox dövlətə məxsus olan şirkətlərin idarəetməsinin yaxşılaşdırılması, rəqabətə həvəsləndirmə, şəffaflığın və hesabatlılığın artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, təhsil, səhiyyə və sosial müdafiə kimi sahələri əhatə etməlidir. Ölkənin inkişaf perspektivlərini artırmaq və yeni iş yerlərinin açılmasına şərait yaratmaq baxımından, ölkə iqtisadiyyatının mütləq şaxələndirilməsi vurğulanır. Ölkə iqtisadiyyatının gözlənilməz şoklara dayanıqlı hala gətirilməsindən ötrü də islahatların vacibliyi qeyd edilib.

Kredit siyasəti yumşalsa da, faizlər enməyib

Fondun hesabatında pandemiya ilə mübarizə tədbirləri çərçivəsində pul-kredit siyasətinin lazımi dərəcədə yumşaldıldığı bildirilib. Ancaq, eyni zamanda, qeyd edilir ki, ölkə iqtisadiyyatında zəif pul-kredit transmissiyası ucbatından bank kredit faizləri yalnız orta dərəcədə azalıb və yüksək səviyyədə qalmaqda davam edib. Pul siyasətinin transmissiya mexanizmi dedikdə, Mərkəzi Bankın pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur.

Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlət vəsaitindən daha səmərəli istifadə, bu sahədəki şəffaflığın artırılması, subsidiya və vergi sisteminin daha da təkmilləşdirilməsi, maliyyə riski və nəzarəti sahələrində fəaliyyətin yaxşılaşdırılması ölkənin maliyyə sisteminin sağlamlaşdırılmasında önəmli rol oynaya bilər. Hesabatda pandemiyanın əhaliyə və biznes subyektlərinə təsirini azaltmaq baxımından maliyyə balansının profisitdən kəsirə keçməsi məqsədəuyğun sayılıb. Eyni zamanda, o da vurğulanır ki, iqtisadi fəaliyyətin sağlam şəkildə davam edəcəyi vaxtadək hökumətin iqtisadiyyata dəstəyi ara verməməlidir.

Dəyişən proqnozlar

Hesabatda Azərbaycanda icmal büdcənin kəsrinin ümumi daxili məhsula (ÜDM) nisbəti də yenilənib. Beynəlxalq Valyuta Fondu əvvəlki açıqlamasında sözügedən kəsirin ÜDM-ə nisbətinin 5.2 faiz olacağını proqnozlaşdırmışdısa, artıq bu göstəricini 5.6 faizə yüksəldib. Qurum kəsirin həcmcə artmasını karantin rejimi və Azərbaycanın işğaldan qurtardığı ərazilərdə aparılan bərpa işlərinin çoxaltdığı xərclərə bağlayıb.

Fondun digər proqnozları peyvəndləmə prosesinin koronavirus pandemiyasını dayandıracağı və bu prosesin iqtisadi fəaliyyətin bərpa edilməsinə dəstək olacağı barədədir. Belə olarsa, fond ölkədə iqtisadi artımın 2.3 faiz həddində olacağını güman edir. Beynəlxalq Valyuta Fondunun fikrincə, neft qiymətlərinin yüksəkliyi səbəbindən cari hesablar balansındakı ötənilki kəsir bu il ÜDM-in 2.4 faizi həcmində profisitə çevriləcək. Qurum Cənub Qaz Dəhlizi kəmərinin fəaliyyətinin qaz ixracını artıracağını və bu səbəbdən azalan neft gəlirlərinin qaz ixracı hesabına kompensasiya edilə biləcəyini düşünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG