Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Beynəlxalq Bankla bağlı 15 milyonluq daha bir qalmaqal


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Son üç ildə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin özünün həbsi ilə yanaşı, bu bankdan milyonlarla kredit götürüb qaytarmamağa görə də xeyli adam cəzalandırılıb. Bu qəbildən olan daha bir iş üzrə məhkəmə araşdırması başlayıb. Bu dəfə məhkəmə qarşısına çıxarılan Rauf Allahverdiyevdir. Rusiyada təsis edilmiş «Рома с компанией А» MMC-nin rəhbəri R.Allahverdiyev Beynəlxalq Bankdan 15 milyon kredit götürüb qaytarmamaqda suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham verilib.

R.Allahverdiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Yanvarın 17-də məhkəmədə prokuror ittiham aktını elan edərkən məlum olub ki, şirkəti elə R.Allahverdiyev özü təsis edib. İttihama əsasən, o, şirkəti inkişaf etdirməkdən ötrü maliyyə yatırmaq məqsədilə Beynəlxalq Bankın Moskva filialından 15 milyon manat kredit götürüb. Bu vəsait bankdan bir neçə dəfəyə şirkətin hesabına köçürülüb və üstündən illər keçməsinə baxmayaraq, qaytarılmayıb.

İttihamda yazılıb ki, R.Allahverdiyev ad-soyadını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib. Onun Rusiyada Yelena Akturiçlə əlbir olub saxta sənədlər hazırladığı iddia olunur.

Cinayət işinin materiallarında bildirilir ki, R.Allahverdiyev Rusiyada cinayət törətdiyinə görə bu sənədlər vasitəsilə qaçıb Azərbaycana gəlmək istəyib. Onun Quliyev Həsən Qulu oğlunun adına olan «Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi»ni saxtalaşdırdığı, lakin Qusarda «Samur» sərhəd-nəzarət məntəqəsində bu məsələ üzə çıxdığına görə saxlandığı da ittiham aktında yazılıb.

R.Allahverdiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini söyləyib. Ona ifadə vermək təklif olunsa da, indiki mərhələdə danışmaqdan imtina edib. Deyib ki, ifadə verəcək, amma indi yox. Bircə onu əlavə edib ki, Beynəlxalq Bankdan götürülmüş kreditin məbləği şişirdilib. Onun sözlərinə görə, qaytarılmayan kredit 5 milyondan çox deyil, amma ittihamda 15 milyon yazılıb.

Onun vəkili də iş materiallarıyla tanış olmaqdan ötrü vaxt istəyib. Ona yanvarın 21-dək təxirə salınıb. Elə həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev və daha 21 nəfərin işi üzrə yeni məhkəmə prosesi başlayacaq. Bu cinayət işində əsas ittihamlar bankın Moskva filialından götürülüb qaytarılmayan kreditlərlə bağlıdır.

Xatırlatma

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

O, ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.

C.Hacıyev özünü təqsirli bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG