Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:21

Beynəlxalq Bank işində 163 milyonluq daha bir qalmaqal


Futbol klubunun rəhbəri bu barədə nə deyir?

Azərbaycandakı “İnter” futbol klubu, onun maliyyələşməsi Beynəlxalq Bankın nəzarətində idi. Klubun prezidenti olmuş Rəşad Qasımov eyni zamanda Beynəlxalq Bankın Mühasibat Uçotu və Nəzarət Departamentinə rəhbərlik edib. O həm də bankın Kredit Komitəsinin üzvü olub. Bu Komitənin razılığıyla verilmiş, amma geri qaytarılmayan milyardlarla manat kredit məsələsi hazırda məhkəmədə araşdırıldığına görə Rəşad Qasımovu da çağırıb dindiriblər.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində 14 il Beynəlxalq Banka rəhbərlik etmiş Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov və daha 20 nəfərin işi üzrə ifadə verən Rəşad Qasımov bildirib ki, 21 il (1994-2015) bu bankda işləyib. Böyük məbləğdə kreditlərin verilməsinə razılıq məsələsindən danışan Qasımov deyir ki, Kredit Komitəsinin üzvü olsa da, iclaslarda iştirak etməyib. Müzakirələrdən xəbəri olmadığı halda, sonda qərarlara imza atıb: “İşlərim çox idi. Ona görə də iclaslara qatılmırdım”.

163 milyon manat banka qaytarılmayıb

Ondan “Buta Kitchen” MMC-yə ayrılan kredit barədə ayrıca soruşulub. Çünki Beynəlxalq Bank bu şirkətin əvəzinə beynəlxalq şirkət olan “Cargill”ə 163 milyon manat pul köçürüb. Bu günə qədər də “Buta Kitchen” həmin vəsaiti Beynəlxalq Banka qaytarmayıb.

“Buta Kitchen” “PNN Group”a daxil olan şirkətlərdən biridir. Beynəlxalq Bank şirkətin rəhbəri, Metanol Zavodunun rəhbəri Nizami Piriyev və oğlu Nəsib Piriyevi mülki qaydada məhkəməyə verib. Onlar hətta “İnterpol” xəttilə də axtarışa verilib.

Cahangir Hacıyevlə birlikdə mühakimə olunanlardan “Azerbaijan Consulting Group” MMC-nin rəhbəri Erxan Cavad deyir ki, “Buta Kitchen” MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb.

Onun sözlərinə görə, “Cargill” faiz çıxılandan sonra “Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürüb:

“Həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə “ofşor” yolla köçürülüb”.

“Cargill”ə olan borcu sonradan Beynəlxalq Bank ödəyib.

Şahid Rəşad Qasımov bu barədə sualları cavablandırarkən deyib ki, o, ancaq Beynəlxalq Bankın mühasibatlığına nəzarət edib:

“Mən bankdan kredit götürən şirkətlərin işi ilə maraqlanmırdım. Bu, mənim işim də deyildi. Kredit ayrılan şirkət rəhbərlərini belə tanımırdım”.

Şahid istintaqa ifadəsində isə “Buta Kitchen” məsələsilə bağlı fərqli danışıb. O deyib ki, “Buta Kitchen” üçün bankda bir neçə dəfə tranş olunmaqla, 163 milyon dollarlıq akredit açılıb:

“Kredit Komitəsinin iclasında Emin Mustafayev dedi ki, bankın rəhbəri Cahangir Hacıyevin göstərişidir, “Buta Kitchen” üçün kredit ayrılmalıdır. Cahangir müəllim bildirib ki, bu kreditin açılmasıyla banka heç bir ziyan dəyməyəcək”.

“Əməliyyata müdaxilə edə bilmirdim”

Rəşad Qasımov istintaqda Kredit Komitəsinin iclasında iştirak edərək sənədlərə imza atdığını etiraf edib:

“Təminatsız kreditlərin ayrılması ilə bağlı isə heç bir məlumatım yoxdur. Veksel əməliyyatı ilə bağlı Cahangir Hacıyevin xəbəri olub. Mən bu əməliyyata müdaxilə edə bilmirdim”.

Rəşad Qasımov istintaqdakı ifadələrini də təsdiqlədiyini deyib.

1992-ci ildən Beynəlxalq Bankda çalışan, Korporativ Müştərilərlə İş Departamentinin baş direktoru Fuad İslamov da Kredit Komitəsinin üzvü olub.

Ondan soruşulub ki, 100 manatlıq nizamnamə kapitalı olan şirkətlərə necə olub ki, girovsuz olaraq milyonlarla manat kredit verilib?

Fuad İslamov cavabında deyib ki, buna heç bir qadağa yoxdur:

“Nizamnamə kapitalı az olan şirkətə də böyük kreditlər verilə bilər. Kreditin girovsuz verilib-verilməməsi məsələsinə bank özü qərar verir”.

Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramov olub.

Cahangir Hacıyev dəfələrlə məhkəmədə deyib ki, əgər bankın İdarə Heyətinin qərarlarında yanlışlıq vardısa, bəs niyə Müşahidə Şurası buna reaksiya verməyib, qarşısını almayıb? Fuad İslamov da sualları cavablandıranda təsdiqləyib ki, Müşahidə Şurasının bankın İdarə Heyətinin qərarlarını ləğv etmək səlahiyyəti vardı.

Beynəlxalq Bank işi üzrə məhkəmə araşdırmaları aprelin 29-da davam edəcək.

Xatırlatma

Hazırda Beynəlxalq Bank işi üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cahangir Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

İttihamda yazılıb ki, Hacıyevin tapşırığı ilə Dünyamin Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla manat kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG