Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Qazaxıstana sorğu: Beynəlxalq Bankın əmlakı kimdədir?


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev onun məhkəməsində uzun müddət bankın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsini istəyir. İyulun 8-də məhkəmədə onun vəkilləri bu barədə vəsatət qaldırıb.

Beynəlxalq Bank işində araşdırılan məsələlərdən biri kredit limiti ilə bağlıdır. Cinayət işinin materiallarında iddia olunur ki, Beynəlxalq Bankda 10, 20 milyon və daha yuxarı kreditlər C.Hacıyevin göstərişi ilə, Müşahidə Şurasının xəbəri olmadan verilib. Çünki Müşahidə Şurasının kredit limiti ilə bağlı qərarı vardı - 2 milyondan yuxarı kreditlər üçün mütləq Şuranın razılığı alınmalıydı. Müşahidə Şurasının həmin qərarı 2009-cu ildə qəbul etdiyi bildirilir.

Qərarın əleyhinə səs verən dindirilsin

C.Hacıyevin vəkilləri deyir ki, sözügedən qərarın qəbul olunduğu iclasın protokolunda xeyli ziddiyyətlər var. Məsələn, protokolda yazılıb ki, Müşahidə Şurasının 5 üzvü iştirak edib, amma protokolda 6 nəfərin imzası var. Protokolda Müşahidə Şurasının üzvlərindən Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini olmuş Emil Mustafayevin də iclasda iştirak etdiyi qeyd olunub. Amma C.Hacıyevin məhkəməsində dindirilərkən E.Mustafayev limitlə bağlı müzakirələrdə iştirak etmədiyini demişdi.

Protokolun nəticə hissəsi belədir ki, 4 nəfər bu qərarın lehinə, 2-si əleyhinə səs verib. Vəkillərin sözlərinə görə, əleyhinə səs verənlərdən biri Vəli Kərimovdur. Ona görə də dindirilməsini istəyirlər.

Beynəlxalq Bankla bağlı cinayət işində Qazaxıstan şirkətlərinin də adı keçir. Həmin şirkətlərə kredit ayrıldığı, amma vəsaitlərin qaytarılmadığı bildirilir.

Vəkillər deyir ki, 2015-ci ildə C.Hacıyevin Beynəlxalq Bankdan uzaqlaşdırılması və ardınca da həbsindən sonra o şirkətlərdən biri olan «Minay»ın rəhbəri də, qeydiyyat ünvanı da bir neçə dəfə dəyişib. Müdafiəçilərin sözlərinə görə, bu da o anlama gəlir ki, Beynəlxalq Bankın problemli kreditləri ilə məşğul olan, onun əmlaklarını idarə edən «Aqrarkredit» QSC şirkətə nəzarət edə bilmir. Qaytarılmayan kreditə görə Beynəlxalq Bankın mülkiyyətinə keçən bu şirkətin həm də neft yatağı var. Vəkillər bu şirkətlə əlaqədar Qazaxıstana - Almatıda Ədliyyə Departamentinə sorğu göndərilməsini, şirkətin kimin mülkiyyətində olması, fəaliyyəti ilə bağlı məlumatların alınmasını istəyib.

Prokuror vəkillərin bu vəsatətlərinə münasibət bildirmək üçün vaxta ehtiyacı olduğunu deyib. Dövlət ittihamçısına iyulun 15-nə qədər vaxt verilib.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Mütəşəkkil qrup şəklində külli miqdarda mənimsəmə ittihamlarının hər biri üzrə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG