Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Beynəlxalq Bankın filial müdiri: 'Bir gündə 800 min dollar ziyana düşdüm'


Dollar
Dollar

Beynəlxalq Bankın «Sumqayıt» filialının müdiri Tural Bağırov deyir ki, bir gündə 800 min dollar ziyana düşüb. Ucuz valyuta mübadiləsindən pul qazanmaq istəyərkən bu qədər pulu itirib. O, bu haqda dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb.

Deyir ki, Beynəlxalq Bankda valyuta mübadiləsi bir o qədər sərfəli deyildi. Ona görə də bu məsələdən ötrü ona üz tutan tanışlarını «GünayBank»a yönəldirdi. Bu bankın İdarə Heyətinin sədr müavini Emin Zeynalovla 2001-ci ildən tanışlıqları vardı: «Eminin qaynı ilə dost idik. Həmin ərəfədə Emin hələ universitetdə oxuyurdu. Sonra Emin də bank sektorunda işləməyə başladı, «GünayBank»ın sədr müavini oldu. Onun ucuz qiymətə valyuta mübadiləsi ilə məşğul olduğunu bilirdim. Tanışlarımı ona yönləndirirdim».

Əvvəl 100 min, az sonra 700 min dollar göndərib

800 min dollar ziyana düşməsindən danışan T.Bağırov deyir ki, günlərin birində E.Zeynalov zəng edib, ucuz qiymətə avro olduğunu deyib. O da razılaşıb, öncə 100 min dollar, az sonra da 700 min dollar pul göndərib. 800 min dollara avro alınmalıymış: «Bu əməliyyat bir gündə həyata keçirilməliydi. Əvvəl günorta saat 12-yə, sonra 3-4-ə qədər həll edəcəyini dedi. Amma eləmədi. Zəng eləyib soruşdum ki, problem var? Dedi ki, axşama qədər həll edəcək. Sonra Eminə zəng çatmadı. Səhər «GünayBank»a getdim. Eminin atası ilə də görüşdüm. Məlum oldu ki, artıq Emin yoxdur. Bir günün içində bu qədər ziyana düşdüm».

«Günaybank»ın sabiq sədr müavini E.Zeynalov uzun müddət axtarışda olandan sonra tutulub. O, 20-yə qədər zərərçəkənin 30 milyon manata yaxın pulunu mənimsəməkdə suçlanır. Cinayət işinin materiallarında yazılıb ki, zərərçəkənlər arasında 20 min dollardan tutmuş, 4 milyon dollara qədər ziyana düşənlər var. Əksəriyyəti bir neçə milyon zərər gördüyünü deyir.

Dekabrın 25-də məhkəmədə E.Zeynalov Beynəlxalq Bankın filial müdirinin söylədiklərinə münasibət bildirməyib. Amma bundan öncə özünü, ümumiyyətlə, təqsirli saymadığını, ittihamda yazılanlarla razılaşmadığını deyib.

E.Zeynalov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Zeynalov «KapitalBank»ın (o zaman «BUSBank» idi) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankının (BUS) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, 2004-cü ilə qədər həmin vəzifədə işləyib. Daha sonra «Finans Lizinq» ASC Müşahidə Şurasının sədri olub. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə və maliyyə institutları» kafedrasının dosentidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG